Arzu və Qəmbər
Nümunənin reyestr kodu : FL0104020019
Türk xalqları arasında geniş yayılmış məhəbbət dastanlarından biridir. Adı “Tahir-Zöhrə”, “Əsli-Kərəm”, “Aşıq Qərib” və b. klassik məhəbbət dastanları ilə bir arada çəkilir. Süjet xətti adi məhəbbət dastanlarına uyğundur. Süjeti bəzi variantlarda nakam məhəbbət üzərində qurulmuş, bəzən isə dastan qəhrəmanlarının vüsalı ilə bitir.
Məzmun baxımından “Arzu-Qəmbər” klassik dastanlara bənzəyir, amma forma baxımından onlardan fərqlənir. Bəllidir ki, ortaq türk dastan yaradıcılığı əsasən nəzmlə nəsrin sintezi üzərində qurulmuş mətnlərdən ibarətdir. Yəni bu janrın aparıcı göstəriciləri içərisində onun yurd yerinin nəsrlə, əsas mətnlərinin isə nəzmlə söylənməsi durur. Adətən dastanın nəzm hissəsi qoşma, gəraylı, divani və s. aşıq şeiri şəkillərini əhatə edir. “Arzu-Qəmbər” dastanında isə bütün nəzm hissələr bayatılarla deyilir. Azərbaycan epik ənənəsində yalnız iki dastan bu quruluşa malikdir – “Arzu-Qəmbər” və “Yaxşı-Yaman” dastanları. Dastanın nəzmlə söylənən hissələri bütün variantlarda eynilik təşkil edir.
Türkoloq Faruq Sümerə görə, dastan Türkiyə ərazisinə və digər türk qövmlərinə Güney Azərbaycandan yayılmışdır. Güney Azərbaycana isə İraq türkmanları tərəfindən gətirildiyi ehtimal edilir.
Dastanın yayılma arealı çox genişdir. Orta Asiyadan tutmuş Balkanlaradək onun müxtəlif versiya və variantlarına rast gəlinir. Ən mükəmməl variantları Oğuz türkləri – qaqauzlar, azərbaycanlılar, türkmanlar, türkmənlər, Anadolu türkləri arasında qeydə alınmışdır. Bundan başqa, karaimlərdə, noğaylarda, Krım tatarlarında, özbəklərdə, Tobol tatarlarında və digər türk xalqlarında da işlək olmuşdur. Urumlarda və özlərini Don ermənisi adlandıran qıpçaqlarda da qeydə alınmışdır. Rumıniya, Bolqarıstan və Makedoniya yaşayan noğay və qaqauzlardan yazıya alınmış variantlar dəfələrlə nəşr edilmişdir.
Azərbaycanda daha çox qadın dastanı hesab olunur və XX əsrin ortalarınadək məclislərdə qadınlar tərəfindən nağılvari formada sazın müşayiəti olmadan danışılıb. Ümumiyyətlə, dastanın Azərbaycanda doqquz variantı qeydə alınmışdır. Bunlardan biri də Yazıçı Əzizə Cəfərzadənin anası Seyid Böyükxanım Əliheydər qızının söylədiyi variantdır ki, professor Sədnik Paşayev tərəfindən yazıya alınaraq 1974-ci ildə çap edilmişdir (söyləyicinin daha bir lent yazısı Əzizə Cəfərzadənin şəxsi arxivində qorunur). 1971-ci ildə isə professor Qəzənfər Paşayev Bakıda dastanın İraq-türkman variantını kitab şəklində çap etdirmişdir.
Türkiyədə “Arzu-Qəmbər” dastanı aşıqlar tərəfindən söylənilir və sazla müşayiət olunur. Bəzi türk xalqlarında isə (məsələn, özbəklərdə) onun nağıl variantı geniş yayılmışdır.
Dastanın əlyazmaları Türkiyə Milli kitabxanasında (Ankara), Topqapı sarayı muzeyi (İstanbul), Türk Dil Qurumu Kitabxanasında, Hollandiyanın Leyden Universitetində, Vyanada və s. saxlanılır. Daşbasmaları əsasən Güney Azərbaycanda və Türkiyədədir. Türkiyədəki daşbasmaları içərisində yunan və erməni əlifbası ilə basılanları da vardır. Vilhelm Radlovun məlum və məşhur “Proben der Volkslittratur der turkischen Stamme Südsibirien” (“Образцы народной литературы тюркских племен, живущих в Южной Сибири и Джунгарской степи”) külliyyatının 1872-ci ildə işıq üzü görmüş IV cildində “Arzu-Qəmbər”dən 14 bənd nəzm nümunəsi verilmişdir.
Türkiyədə dastanın motivləri əsasında kinofilm çəkilmiş (1952-ci il), romanlar və povestlər (Kunt B.S. Arzu ile Kanber. Ankara: Alaeddin Kıral Basımevi, 1940; Görgen F. Arzu ile Kanber. İstanbul: Sağlam kitabevi, 1968; Münir S. Arzu ile Kanber. İstanbul: Yusuf iya kitapevi, 1936 və s.) yazılmışdır. Dastan rus, alman, fransız dillərinə tərcümə olunmuşdur.
-
"Arzu-Qəmbər" dastanı
Beş cildlik "Azərbaycan dastanları", V cild
-
“Arzu-Qəmbər” dastanının yayılma coğrafiyası və poetikası
Sədnik Paşa Pirsultanlı
2013
- Biblioqrafiya və tərtibçilər