AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Dünya daşqını

Nümunənin reyestr kodu : FL0109020003

KOSMİK QƏZA- ÜMUMDÜNYA DAŞQINI İLƏ BAĞLI MİFLƏR

Kosmik qəza haqqında miflər həqiqi kosmik qəza ilə mifoloji təfəkkür nəticəsində meydana çıxan süjetlərin qarışdırılması nəticəsində meydana gəlmişdir. Kosmik qəza zamanı bütün canlı varlıqlar məhv olur və yerdə yalnız həyatı davam etdirməyə qadir olan minimum varlıq qalır. Dünya daşqını, kosmik qəza ilə bağlı miflərin ümumi sxemi belədir: İnsanlar özlərini yaxşı aparmadıqlarına, yasaq olunan heyvanları öldürdüklərinə görə və ya heç bir səbəb olmadan Allah insanları kosmik qəza ilə cəzalandırır. Tanrıya sadiq olan xüsusi adamlar əvvəlcədən kosmik qəza haqqında xəbərdar edildiklərinə görə xilas olmaq üçün tədbirlər görürlər. Onlar qala, gəmi tikdirir və ya təhlükədən xilas olmaq üçün ən yüksək dağda, ən uca ağacda gizlənirlər. Xilas olmaq istəyən insanlar özləri ilə çox vaxt heyvanlar, bitkilər və ya onların toxumlarını götürürlər. Kosmik qəzaya səbəb olan sel, yağış və s. yeddi, qırx və ya yarım il davam edir. Bu fəlakətlər kəsildikdə qurunun axtarılmasına quş göndərilir, gəmi adaya, dağa çatdıqda yeni həyat başlanır. İlk insan cütü və ya ilk insan daşqından sonrakı həyatda çox vaxt insanların yaradıcısı, bəzən isə etnik və mədəni ənənələrin banisi kimi çıxış edir.

Dünya daşqını haqqında mifin müxtəlif xalqlardakı variantlarını nəzərdən keçirdikdə aydın olur ki, bu motivin yayılmasına yaxın Şərq (Şumer, Babil) səbəbkar olsa da, Avropa və Asiya areallarında daşqınla bağlı bir sıra özünəməxsus motivlər formalaşmışdır. Buraya ilk növbədə yeri öz üzərində saxlayan balıq, tısbağa, öküz kimi heyvanların ehtiyatsız tərpənməsi nəticəsində 7 gün davam edən daşqın haqqında miflər daxildir.

Azərbaycandakı dünya daşqını haqqında təsəvvürlər İslam dininin təsiri altında formalaşmışdır. Türk xalqlarının mifologiyasında bu mövzudakı miflərin Nuh peyğəmbərlə bağlanması qədim tarixi ənənədir. “Qurani-Kərim”dəki dünya daşqını haqqında mifin analoji variantına “Azərbaycan mifoloji mətnləri” kitabında da rast gəlinir. Həmin kitabın 28 saylı mətnində deyilir: “Allahdan vəhy gəlir ki, Nuh peyğəmbər insanlara çatdıraraq desin ki, tufan olacaq, dünyanın üzünü su alacaq. Lakin heç kim bu xəbərə inanmır. Nuh peyğəmbər bir gəmi qayıraraq bütün canlılardan bir cüt gəmiyə qoyur. Onun yeddi oğlundan altısı gəmiyə minir, biri isə minmir. Deyir ki, su gələndə çıxaram dağın başına, mənə heç zad olmaz. Çox keçmir ki, dünyanın üzünü su alır. İnsanlar boğulub ölür. Nuh peyğəmbər baxır ki, dağa çıxan oğlu da boğulmaqdadır. İstəyir ki, gəmini ona sarı sürsün, Allahdan səs gəlir ki, ya Nuh, çıx get, bu oğlan sizlərdən deyil.

Nuh gəmini sürüb gedir. Çox keçmir ki, tufan dayanır, su yatır. Nuh peyğəmbər oğlanlarına deyir ki, istədiyiniz canlılardan götürüb düşün quruya, yaşayıb nəslinizi artırın”.

Ümumiyyətlə, müxtəlif xalqların folklorunda daşqın mövzusuna geniş yer verilmişdir. Daşqından xilas olmaq üçün gəminin hazırlanması, müxtəlif heyvan cütlərinin xilas edilməsi, qurunu tapmaq üçün quş uçurtmaq, gəmiyə bədxah qüvvələrin (məs., siçan cildində) daxil olması həmin mövzunun tipik motivləridir. Mifoloji məntiqin məhsulu sayılan daşqın mifi ilə bağlı “Nuh tufanı” süjetlərinin mərkəzi obrazı yəhudi və xristian rəvayətlərinin qəhrəmanı, daşqından sonrakı çağda yaşayan insanlığın ulu babası sayılan Nuhdur. Quranın təsiri ilə təşəkkül tapmış dünya daşqını mifinin Azərbaycan variantlarında Nuhun bir sıra dağlara, o cümlədən Ağrı dağ, İlan dağ və b. advermə funksiyasına da rast gəlinir.

Kosmoqonik miflərdə kainatı yaradan ünsür kimi simvolizə olunan su esxatoloji miflərdə artıq dünyanın sonunu gətirən vasitə olaraq qarşıya çıxır. Həmin daşqındır ki, əslində daim təzələnmə halında olan yaradılışın bu təzələnməsinin bir mərhələsidir. “Dünya daşqını” mifində Nuhun nəsli kəsilməsin deyə heyvanların hərəsindən bir cütünü gəmiyə götürməsi də bu kontekstdə anlaşılır. Çünki, bütün canlıları tələf edən kosmik qəzanın ardından dünya həm də büsbütün təzələnmiş olacaqdır. Bu mənada dünya nizamının pozulması nəticəsində dünyanı su alması kosmosdan xaosa keçidi, tufan sakitləşdikdən sonra suyun çəkilməsi isə yenidən kosmosa – nizamlı dünyaya keçidi ifadə edir.

Daşqınla bağlı miflərdəki Qarı obrazı bu baxımdan mənalıdır. Dünyanın özü olan Qarı gerçəkdəki Yeri təmsil edir. Yer isə ölüb dirilməni simvolizə etməklə yaşayışın dövrəviliyi ideyasının özəyində dayanır. Azərbaycan mifoloji mətnlərindən aydın olur ki, dünyanın sonu gələndə bütün yaranmışlar öləcək, tək bir qarı nənə, bir də qurd qalacaqdır. Dünyanın sonundan bəhs edən esxatoloji miflərdəki əsatiri qarı obrazı yaradılış miflərindəki Ulu Ağ Ana obrazını xatırladır. Bundan çıxış edərək Cəlal Bəydili kosmik qəza mifindəki qarı obrazının mifik ilahə Ana kompleksindən ayrıldığını və onun atributlarını daşıdığını qeyd edir.