AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Aşıq Alının Türkiyə səfəri

Nümunənin reyestr kodu : FL0104020011

XIX əsrdə yaranmış Azərbaycan dastanlarından biridir. Dastan ənənəsinə uyğun olaraq ustad​namələrlə başlayıb duvaqqapma ilə bitir. Folklor örnəyində Göyçənin tanınmış ustad aşığı Alının gənclik dövrü öz əksini tapıb. Göstərilir ki, Aşıq Alı Çamırlıdan Niftalının qızı Bəsti xanımı istəyir. Aşıq Alının atası Mirzə kasıb olduğuna görə Niftalı elçiliyə gələn oğlan atasını başından etmək üçün ondan üç yüz manat qızıl pul, on yeddi erkək, toy xərci və s. tələb edir. Buna görə də Aşıq Alı lazım olan xərci sazın-sözün köməyi ilə əldə etmək üçün yola düşür. Əvvəlcə Naxçıvan xanı Kalvalı xana rast gəlir, xan onun çalıb-oxumağına heyran qalıb, aşığa at, dolu xurcun bağışlayır. Aşıq yoluna davam edir. Şərurda Aşıq Duraxana rast gəlib onun​la Türkiyə ərazisinə daxil olur. Aşıqları görən paşalar onları məclislərinə də​vət edirlər. Aşıq Alının söhbəti, çalıb-oxumağı paşalara xoş gəldiyindən ortalığa xeyli pul yığılır, bu vaxt yekəpər bir adam peyda olur, pulu cibinə qoyub aradan çıxır. Aşıq Alı buna etiraz edəndə Aşıq Duraxan deyir: “Bu adam Aşıq Yığbaldı, paşa aşığıdı, ona heç nə eləmək olmaz”.

Aşıq Alı razı olmur, Aşıq Yığbalın dalınca paşanın yanına gəlir. Aşıq Yığbal​la deyişmədə onu məğlub edir, pulunu artıqlaması ilə geri alır. O, bundan sonra Əsmər xanımla rastlaşır. Bu deyişmə də Aşıq Alının qələbəsi ilə başa çatır.

Aşıq Alı toy xərcini toplayıb Göyçəyə geri qayıdanda görür Niftalı kişi qızını başqasına verir və toydur. Aşıq Alı özünü itirməyib məclisdə çalıb-oxuyur. Bəsti xanı​mın atası Niftalı səhv elədiyini anlayıb deyir: “Bu haqq aşığıdır. Qarğayar, iş yaxşı olmaz”. Odur ki, qızını Aşıq Alıya verir.

Dastanda Aşıq Alının sevgilisi Bəsti xanıma qovuşmaq üçün xeyli maneə və çətinliklərdən keçdiyi göstərilməklə bərabər, burada onun haqq aşığı ol​duğu da öz əksini tapmışdır. Çünki Aşıq Alı Aşıq Yığballa da, Əsmər xanımla da qarşılaşanda özünə güvənir, eyni zamanda haqq aşığı olması Bəsti xanımın atası Niftalıya da təsir edir.

“Aşıq Alının Türkiyə səfəri” daha çox Göyçə aşıq mühitinə mənsub el sənət​karları arasında yayılsa da, sonralar digər aşıq mühitlərinə də yol tapmış, aşıqların dastan repertuarında yer tutmuşdur.

Dastan ilk dəfə “Göyçə dastanları və rəvayətləri” kitabında çap olunmuşdur. Dastanın informatoru Aşıq Hacı Bayramovdur. Dastan onun ifasında sonralar lentə də alınmışdır. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutu və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə 2018-ci ildə keçirilən “Dastan gecələri” layihəsində dastan Aşıq Bəhmən Göyçəli və Aşıq Firudin Göyçəlinin ifasında ictimaiyyətə təqdim olunmuşdur.