AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Şüşə sənəti

Nümunənin reyestr kodu : ST1100000001

Azərbaycanda şüşə istehsalının meydana gəlməsi qədim Albaniya incəsənəti ilə bağlanır. Məhz burada şüşədən düzəldilmiş əşyalar dekorativ incəsənətin ən maraqlı növlərindən biri kimi qəbul olunmuşdu. İsmayıllı, Şamaxı və Mingəçevirdə aşkar edilmiş bədii şüşə nümunələri onların yüksək keyfiyyəti haqqında fikir söyləməyə və onları Qafqaz Albaniyasında bədii sənətin inkişaf etmiş növlərinə aid etməyə imkan verir. Bədii sənət növü kimi şüşə alban incəsənətinin inkişafının ikinci dövründə meydana gəlmiş (I-VII əsr) və gemmaların, qadın bəzəklərinin dekorativ elementlərinin yaradılmasında, müxtəlif qabların hazırlanmasında ondan geniş istifadə olunmuşdu.

Orta əsrlər Azərbaycanında şüşə istehsalının vətəni Örənqala hesab olunur. Burada çalışan şüşə ustaları VIII-XIII əsrlərdə müxtəlif xarakterli şüşə məmulatı yaratmış və rəngli şüşə istehsalına başlamışlar. Şüşə istehsalında, əvvəllər olduğu kimi, iki texniki üsuldan – tökmə və üfürmə üsullarından istifadə olunurdu. Tökmə üsulu ilə, adətən, muncuq və bilərziklər, üfürmə üsulu ilə qab istehsal olunurdu.

XV-XVII əsrlərdə Azərbaycanda şüşə istehsalının inkişafı incəsənət xarakteri almış və yerli əhalinin ehtiyaclarını ödəməyə istiqamətlənmişdi. Şamaxı, Gəncə, Naxçıvan, Tovuz və Azərbaycanın digər şəhərlərində şüşə istehsal edən sənətkarlar ənənəvi gülabdanlar, şüşədən neft lampaları, müxtəlif qəndqabılar, duzqabılar, şərbət qabları, böyük butulkalar və başqa qablar istehsal edirdilər.

Əvvəllər olduğu kimi, məmulatın hazırlanmasında rəngli şüşədən geniş istifadə edilir, rəngsiz şüşədən olan əşyalara isə məişətdə daha az yer verilir. Məsələn, göy rəngli Şamaxı lampaları, çəhrayı və yaşıl rəngli Təbriz gülabdanları, açıq qırmızı rəngli duzqabı və qəndqabılar, eləcə də başqa məişət əşyaları əhali arasında böyük şöhrət qazanmışdı. Bu qablar portağal, nar, gavalı və limon rəngində olur. Yalnız şərbət üçün nəzərdə tutulmuş armudşəkilli xüsusi küpələr və qrafinlər (bunlar Gəncə ustalarının işidir) ağ, şəffaf şüşədən hazırlanırdı.

Son dövrlərdə Azərbaycana Avropa ölkələrindən, xüsusən Rusiyadan getdikcə daha çox ucuz şüşə məmulatının gətirilməsi yerli istehsal sahəsini çox məhdudlaşdırmışdı.

1950-ci illərin ikinci yarısı Azərbaycan rəssamlarının bədii şüşə sahəsində yaratdıqları bir sıra unikal əsərlərin meydana gəlməsi ilə əlamətdardır. Əsasən, Azərbaycanın görkəmli dövlət, elm və mədəniyyət xadimlərinə həsr olunmuş büllur vazalar, çay, şərab və ətriyyat qabları, ayrı-ayrı servizlər bu qəbildəndir. Rəssam Səkinə Şahsuvarovanın ölkənin müxtəlif şüşə zavodlarında yaratdığı büllur vazalar çox orijinaldır. Çəhrayı və göy büllurdan olan bu vazaların biri görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlıya (1955), digəri görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunmuşdu (1956).

Bakı şüşə zavodunun rəssamları da buraxılan məmulatın müxtəlif və çeşidli olması üçün öz paylarını əsirgəmədilər,1960-cı illərin birinci yarısında rəssamlar T.Ağababayev və S.Şahsuvarova kütləvi buraxılış üçün şüşə məmulatının bir çox nümünələrini yaratdılar. 1960-cı illərin ikinci yarısında rəssam D.İbrahimov şüşə zavodunda işə başlayandan sonra respublika və ümumittifaq sərgilərində bədii şüşə sənəti əsərlərinin tez-tez görünməsi şüşə istehsalı ilə məşğul olan Azərbaycan rəssamlarının gələcək yaradıcılıq yüksəlişindən xəbər verirdi. Daha səmərəli işləyən gənc mütəxəssislər Bakı, Tiflis, Riqa, Daşkənd, Leninqrad və keçmiş SSRİ-nin başqa şəhərlərində ali rəssamlıq təhsili almış rəssamlar idi. A.Yusifov, D.İbrahimov, A.Əliyev, M.Babayev və başqa rəssamlar tərəfindən yaradılmış servizlər, dəstlər və başqa şüşə əşyaları Azərbaycanın dekorativ incəsənətinin nisbətən gənc olan bu növünü xeyli zənginləşdirdi.

Bu gün Azərbaycanda şüşə sənəti sənaye istehsalı səviyyəsində məhdud çərçivədə olsa da, ayrı-ayrı sənətkarlar tərəfindən müxtəlif formalarda qədim ənənəvi sənət növü kimi yaşadılır.