AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Pəhləvan sənəti

Nümunənin reyestr kodu : DA0104000004

Adlı-sanlı pəhləvanlarımız uzun illər Azərbaycanın qüvvət, qüdrət, yenilməzlik rəmzi olmuş, xalqımıza şərəf gətirmişlər. Fövqəladə qüvvəyə və fiziki hazırlığa malik olan pəhləvanların hünəri dildən-dilə yayılaraq əfsanəyə dönmüşdür. Azərbaycanın nağıl və dastanlarında pəhləvan – cəsarəti, igidliyi, ağlı, təmkini ilə fərqlənən güclü şəxsdir. Türk xalqlarının mənəvi mədəniyyət abidələri olan "Orxon-Yenisey" kitabələri, "Alp Ər Tonqa" dastanı, "Dədə Qorqud" kitabı, "Koroğlu" dastanı və onlarla başqa mənbələrdə cəsur, qüvvətli, igid şəxsiyyətlər haqqında çox geniş söhbət açılır. Əlbəttə, bütün bu obrazları, ədəbi qəhrəmanları xalq təxəyyülü əfsanəvi, qeyri-adi xüsusiyyətlərlə təsvir etsə də, şübhəsiz, hər bir obrazın arxasında real tarixi şəxsiyyətlər durur. Onların hünəri, şücaəti, əzəməti dildən-dilə keçərək əfsanəyə, nağıla, xalqın mənəvi sərvətinə dönmüşdür.

Əcdadlarımız min illər bundan öncə bahar bayramını qeyd etmişlər. Yazda gecə-gündüz bərabərləşdiyi gündə hədsiz təntənə və şadyanalıqla keçirilən bu bayramı xalq müxtəlif mərasim və ayin oyunları ilə qarşılayırdı. İlin təhvili yaylım atəşi, musiqi ilə qeyd olunur, süfrələr açılır, tonqallar yandırılır, kiçikdən tutmuş, ağsaqqal və ağbirçəklərə qədər hamı tonqal ətrafındakı tamaşalarda iştirak edir, müxtəlif oyunları seyr edirdilər. Belə şənliklərin əsas qəhrəmanları isə el pəhləvanları olurdu. Bayramın ən qızğın vaxtında meydanda dairə qurulur, hamı bir nəfər kimi pəhləvanların tamaşasına toplaşırdı. Elin qüdrətli oğulları bir-bir musiqi sədaları altında meydana çıxar, rəqs edər, əzələlərini oynadar, müxtəlif akrobatik hərəkətlərlə cəldliklərini nümayiş etdirərdilər. Kişilər bu və ya digər pəhləvanı tərifləyərək bərkdən mübahisə edər, hansının qalib gələcəyi barədə mərc qoşardılar. Qızlar, gəlinlər də öz aralarında pıçıldaşaraq, oğrun baxışları, xəfif təbəssümləri ilə pəhləvanları ruhlandırardı. Pəhləvanlar bir-bir ağır daşları qaldırmaqda, boynunda yoğun tir sındırmaqda, kəndirlə çəkişməkdə, ağır dəmir mil oynatmaqda yarışır, daha cəsarətliləri qaranlıq tövlədə bəslənmiş nəhəng öküzlə çarpışardı. Sonra pəhləvanlar qurşaq tutar, güləşərdilər. Zaman keçdikcə bəzi pəhləvanlar bu işi özünə peşə seçərək, eldən-elə gəzmiş, bilək və qol gücü ilə hünər göstərib, özünün qeyri adi qüvvəsini nümayiş etdirərək, öz məmləkətini məşhurlaşdırmışdır. “Ən qüdrətli pəhləvanlar məğlubedilməzlik rəmzi kimi dizlərinə və dirsəklərinə güzgü bağlayırdılar. Xalq içində belə pəhləvanlar məhəbbət və iftixarla “aynalı pəhləvan” adlanırdı.

Orta əsrlər Səfəvilər dövrü pəhləvanlıq sənətinin inkişafına böyük təkan vermiş, Azərbaycanda adlı-sanlı, yenilməz, güclü pəhləvan nəsli yetişmişdi. Daha sonralar, XVIII əsrin sonlarında Çində, Hindistanda, İranda, Misirdə şöhrət tapmış Şirvanlı Məhəmməd, XIX əsrin əvvələrində Zaqafqaziyada, Dağıstanda, İranda şöhrət tapmış maştağalı Hüseyqulu Hacı Mürsəl oğlu, onun şagirdi Məşədi Əbdüləli Axundov (“Altıaylıq pəhləvan”), abşeronlu Hüseynqulu Mirzə Haşım oğlu, balaxanlı Sar Pənçi, bakılı Şonu Abdulla, Əhmədli Məmməd, Atababa xüsusi hörmət qazanmış pəhləvanlar idi. Azərbaycanda pəhləvanlarla güləşməyə Əfqanıstandan Haddi Mübarək, İrandan İbba pəhləvan, Əli Məhəmməd, Dağıstandan Yusuf Zaali, Gürcüstandan Sandro və bir çox başqaları gəlirdilər.

Pəhləvanlıq sənəti Azərbaycan mədəniyyətində silinməz iz qoymuş, milli xarakterin formalaşmasında, idmanın, xüsusilə sirk sənətinin inkişafında əvəzsiz rol oynamışdır. Belə ki, XIX əsrin 60-70-ci illərindən etibarən güləşçilər artıq sirk meydançasında yarışırdılar. Sirk atletləri ağır alətlərlə hərəkətlər icra edər, bir-birilə güləşər, tamaşaçıları meydana çağırardılar. 80-ci illərdən etibarən, olduqca baxımlı, müxtəlif fəndlərlə zəngin olan Fransız güləşi və yaxud Yunan-Roma güləşi yayılmağa başladı. Fransız güləşi Avropada və Rusiyada sürətlə yayılır, yarışlar demək olar ki, bütün şəhərlərdə əsasən sirk manejində keçirilirdi. Bu dövr ölkəmizdə böyük pəhləvan nəslinin yetişməsi ilə səciyyələnirdi ki, onların arasında xalqımızı dünyaya tanıdan Sali Süleymanın (1880-1972) və Rəşid Yusifovun (1900-1982) adlarını xüsusi qeyd etmək lazımdır. Həm sirk meydaçasında güc hərəkətlərinin icrasında, həm Fransız güləşi üzrə beynəlxalq turnirlərdə, həm də ölkə-ölkə, şəhər-şəhər gəzərək, milli pəhləvanlıq tamaşalarının ifasında onların nailiyyətlərini təkrar edən pəhləvanımız olmamışdır.

Pəhləvanlıq ənənələri Azərbaycanda bu gün də yaşamaqdadır. Əlamətdar günlərdə, el şənliklərində pəhləvanlarımızın çıxışları hamı tərəfindən böyük maraq və məhəbbətlə izlənilir.