AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Haxışta

Nümunənin reyestr kodu : FM0402000005

Haxışta qadınlar arasında ifa olunan halay rəqslərindən biridir. Qənaətimizcə, rəqsin adı “ha” əmr ədatı, “xış” feili (qoş) və “la-lə feil düzəldən şəkilçisindən törəyib. B.Əhmədov “xış” sözünün qoşalamış ovuc anlamına gələn “xışma” sözü ilə eyni mənşəli olduğunu yazır. Həmi söz “qoş” və “qovuşmaq” (qoşalaşmaq) feillərinin də əsasında dayanır. Haxışta mərasimində deyişmə iki tərəf arasında baş verir. Üçüncü şəxs haxıştaya qoşulmaq istəyəndə növbə gözləməli olur, yalnız ikinci şəxs deyişməni bitirdikdən sonra qoşula bilir. Bütün hallarda deyişmədə eyni anda iki şəxs iştirak edir.

Xalq oyun mədəniyyətinin araşdırıcısı E.Aslanovun yazdığına görə, haxışta əvvəllər Novruz və məhsul bayramı şənliklərində icra olunmuş, sonralar isə toy şənliklərində də ifa olunmağa başlamışdır. Əsasən, Naxçıvan Muxtar Respublikası və Qərbi Azərbaycanın bəzi mahallarına xas olan bu rəqs nümunəsinə son dövrlər Bakı toylarında da rast gəlinir.

Beləliklə, “haxışta” yüngül hoppanmalarla ifa olunan coşqun, şən əhval-ruhiyyəli rəqsdir. Halay rəqslərində olduğu kimi burada qadınlar iki dəstəyə ayrılır və üz-üzə dayanırlar. Aradakı məsafə 5-6 metr olur. Adətən oğlan evinin adamları bir dəstəni, qız evinin adamları digər dəstəni təmsil edirlər. Dəstənin ortasında solist qız dayanır. O, rəqs edə-edə bu və ya digər dəstənin üzvünə yanaşır, onu rəqsə dəvət edir və bu hərəkətləri edərkən mətni oxuyur. Qalan qızlar isə hər misradan sonra uca səslə “Haxışta” deyirlər. Rəqsin musiqisi olmadığına görə ifaçı mətni “meyxana”da olduğu kimi söyləyir. Söylənilən bayatılar deyişmə xarakteri daşıyaraq oğlan və qızın bir-birindən üstün cəhətlərini özündə ehtiva edir. Bəzi haxıştalarda bəy və gəlinin məxsus olduğu məkanın adı çəkilir, bir tərəf digər tərəfin məxsus olduğu məkanın çatışmazlıqlarını haxışta vasitəsilə sadalayır, qarşı tərəfin cavabını gözləyir:

Yaşıllar, ay yaşıllar,

Divardan boylaşıllar.

Əndəmicin qızları

Ər üstə savaşırlar.

Əgər qarşı tərəf tutarlı cavab ilə onları “susdura” bilirsə, onda qalib sayılır. Əksinə, qarşı tərəf cavabdan yayınırsa, cavab verə bilmirsə, məğlub sayılaraq susur. Qaynana-gəlin münasibətləri, dövrün ictimai hadisələri, işsizlik və maddi ehtiyac üzündən vətəndən uzaq düşən cavanların nişanlı həsrəti rəqs zamanı oxunan nəğmələrin mövzusunu təşkil edir.

O tayin iydələri, haxışta

Bu tayın iydələri, haxışta

Yarımı qoymur gəlsin, haxışta

Moskva gözəlləri, haxışta

Haxıştalar ən çox qız toyunda (xınayaxdı) və qız oğlan evinə gəlin gələndə oxunur. Naxçıvanda haxıştalar çox vaxt rəqslə müşayiət olunur. Qadınlar iki dəstəyə ayrılaraq sevgi, məhəbbət, eşq mövzulu haxıştalar söyləyir, hər misranın sonunda ətrafdakı qadınlar “hakuşka” deyə-deyə halay çəkirlər. Mərasimin əvvəlində haxıştalar sevgi, məhəbbət ağırlıqlı olsa da, getdikcə cırnatma xarakteri almağa başlayır. Tədqiqatçı C.Cəlilov yazır ki, nikah ayini mərasimində oğlan və qız tərəfinin üz-üzə dayanaraq bir-birini acıtması türk xalqlarının kütləvi ov, hərbi yürüş, rəqs zamanı qarşı-qarşıya durub bir-birilə rəqiblik, tərəf müqabillik etməsindən qaynaqlanır. Alim onu da qeyd edir ki, “hağışda”, “hakuşka”, “haxışda” şəklində deyimlərin düzgün variantı məhz “hovışda”dır.

Haxıştaların söylənməsində əvvəllər rəqs ünsürləri də yer alırdı. Bu rəqs ünsürlərinin haxıştaların ifasında yardımçı rol oynayırdı. Rəqsi müşayiət etmək üçün nağara, zurna kimi çalğı alətlərindən də istifadə olunurdu. Bəzən yallı gedərkən də haxışta deyilməsinə təsadüf edilir. Şumer gil lövhələrində haxışta deyərək əl çalan qadını xatırladan qadın rəsmlərinin olduğu da məlumdur.