AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Kaftar oyunu

Nümunənin reyestr kodu : FO0203000004

Kaftar oyunu ağır ritmli musiqinin müşayiəti ilə oynanan və Azərbaycanın şimal-qərb bölgəsi üçün xarakterik olan qədim oyuq tamaşasıdır. “Kaftarkusi”, “kaftarkus” adı ilə də tanınan bu oyunun mövzusu kaftarla insanın mübarizəsi üzərində qurulub. Elçin Aslanovun “El-oba oyunları, xalq tamaşaları” kitabında oyunun təsviri belə verilib: “Bu tamaşada bir oyunçu ağ kəfənə bürünmüş ölünü, digəri isə iki çömçədən ibarət ağzı və çölpişiyinə bənzər maskası olan qara örtüklü kaftarı təmsil edir. Oyun yerə sərilmiş ölü ətrafında oynanılır, meydançaya daxil olan kaftar ölünü görüb sevinir, ona yaxınlaşıb kəfəni açmaq istəyir. Bu vaxt ölü dirilir, kaftar qorxub qaçır (Aslanov 254).

Oyunun Kəlbəcər rayonundan yazıya alınmış təsviri E.Aslanovun verdiyi təsvirdən bir qədər fərqlənir. Bu variantda bir nəfər kaftar görkəmində bəzədilir, ağız nahiyəsi timsah ağzı kimi düzəldilir. Bir çömçəni alt, digər çömçəni üst çənəsinə bağlayır, ağzını açıb yumduqda çömçələr bir-birinə dəyib şaqqıl​dayır. İnformatorun dediyinə görə, kaftar roluna girən adam o qədər qorxunc görkəm alırdı ki, uşaqlar, qadınlar onu görəndə qorxurdular. Oyun bir nəfərin təsadüfən kaftarla qarşılaşması ilə başlayırdı. Kaftara gücü çatmayacağını görən gənc ona hiy​lə ilə qalib gəlməyə çalışır. Əyninə kəfən geyi​nib kaftarın yolu üstündə uzanır, özünü ölülüyə vurur. Kaftar gənci divara dik söykəyir, özü geri çəkilib ağzını şaqqıldada-şaq​qıldada sürətlə irəli gəlir. “Ölü”yə kəllə vurmaq istə​yəndə “ölü” böyrü üstə yıxılır, kaf​ta​rın başı divara dəyir. Kaftar bir də “ölü”nü divara söykəyib geri çəkilir. Oyun bu şəkildə davam edir, hər cəhd zamanı başı divara dəyən kaftar axırda aldığı zərbədən ölür. Kaftara qalib gələn gənc sonda kəfənin içindən çıxıb ayağını kaftarın üstünə qoyur, hamı onu alqışlayır.

Yaşlı insanların dediyinə görə, Kəlbəcər rayonunun Oruclu və Ağca​kənd kənd​lərində keçən əsrin ortalarınadək bu oyun bayramlarda oynanılırdı. Oruclu kəndinin sakinləri Bəkir və Cabbar kişi oyunun əsas ifaçıları kimi tanınırdı. Günümüzdə isə bu oyun artıq məişətdən çıxmış, son 50-60 il ərzində onun oynanıldığını göstərən heç bir məlumat yoxdur.