AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Yaylaq

Nümunənin reyestr kodu : DA0202000012

Yaylaq-qışlaq anlayışları ayrı-ayrılıqda deyil, Azərbaycan xalqının 6 min ildən bəri formalaşmış köçmə təsərrüfat formasını təşkil edən sosial-iqtisadi vahidin, bütövün tərkib hissələri kimi mövcud olmuşdur. Yaylaq anlayışının ortaya çıxması yaylaq-qışlaq və ya köçmə təsərrüfat formasının yarandığı dövrlə eynidir. Qədim dövrlərdə Azərbaycan ərazisində köçmə təsərrüfat forması daha geniş coğrafiyanı əhatə etmişdir. Sənətkarlığın və ticarətin genişlənməsi, çoxsaylı peşələrin ortaya çıxması, iri yaşayış məskənləri, şəhərlərin yaranması və bir sıra tarixi-siyasi proseslərin gedişində köçmə təsərrüfatın coğrafiyası daralmış, bir növ ixtisaslaşma baş vermiş, bu təsərrüfat forması ilə məşğul olan əhali qrupu formalaşmışdır.

Qədimdən bəri yaylaq yaşayış məskənlərinin təşkilində maldar əhali ilə yanaşı, oturaq əhali də iştirak etmişdir. Hətta XX əsrin ortalarınadək oturaq əhalinin köçmə təsərrüfatda iştirak etməsinin qədim elementləri qorunub saxlanmışdır. Məsələn, oturaq əhali (əkinçilər, müxtəlif peşə və sənət sahibləri) özlərinə məxsus xırdabuynuzlu və iribuynuzlu mal-qaranı qarşılıqlı yardım forması sayılan “əmanət” yolu ilə maldar əhaliyə etibar etmiş, bu yolla mal-qaranın 3-4 ay yaylaqda bəslənməsini, bir çox hallarda ailə üzvlərinin yaylağa getməsini təmin etmişlər. Nisbətən böyük sürüsü, eyni zamanda əkin sahəsi olanlar yaylaq dövründə arana gəlir, taxıl biçimi, məhsul yığımı ilə məşğul olurdular. Bir çox hallarda yaylaq dövründə əkin sahələrinin qorunması, məhsulun yığılması üçün qarşılıqlı yardım formalarından istifadə olunmaqla yanaşı, muzdlu işçilər tutulmuşdur. Oturaq əhali öz məhsullarını (taxıl, meyvə, bostan-tərəvəz və s.) maldarlıq məhsullarına (yağ, pendir, yun, dəri, ət və s.) dəyişmək üçün tez-tez yaylaqlara qalxırdılar. Maldarlar isə köç zamanı xəzinə torpaqları, eləcə də feodal, mülkədar topaqlarından istifadə əvəzində vergilər, ödənclər (torpaqbasdı, çöpbaşı, bərə pulu və s.) verirdilər.

Azərbaycanda geniş yayılmış müvəqqəti yaşayış məskənlərindən biri də yaylaqdır. İlin 8-9 ayını qışlaqlarda keçirən maldar elatları yay fəslində yaylaqlara (may ayının ortalarından sentyabrın ortalarınadək) qalxırdılar. Yaylaqlar, adətən, yüksək dağlıq yerlərdə, alp çəmənliklərində yerləşirdi. İlin 3-4 ayını yaylaqlarda keçirən maldar elatlar burada alaçıq və dəyələrdə yaşayırdılar. Yaylaqlara köçmə və yurdsalma qaydalarında su mənbələrinə yaxınlıq və otlaq qayğıları, qohumluq münasibətləri üstün yer tuturdu. Qohum ailələrin bir neçə il dalbadal düşdükləri yurd yerləri – yaylaqlar ailə başçısının, bəzən də onların təmsil etdikləri kəndlərin adları ilə adlanırdı.

Hər il yaylaq köçünün başlanması el obada bayram şənliyini xatırladırdı. Hamı səliqəli, təmiz geyinirdi. Hətta yüklənmiş kəl, öküz arabalarını, dəvə və atlarını bəzəyirdilər. Atların döşünə gümüş sinəbənd vurur, yəhərin altına rəngbərəng naxışlı örtük salır, dəvələrin başına, boynuna kiçik zınqırovlar, rəngbərəng qotazlar asırdılar. Ayrı-ayrı obalar əvvəlcədən razılaşmaya əsasən növbə ilə hərəkətə başlayırdılar. Böyük sürü sahibləri olan varlı gəllədarlar yola sıravi kənd icması üzvlərindən ayrı çıxırdılar. Mal-qaranın yaylağa çıxarılmasında da müəyyən bir sistem vardı. Bir qayda olaraq əvvəlcə qoyun sürüləri, sonra naxırlar, daha sonra ilxı hərəkət edirdi. İlk baxışda nizamsız axına bənzəyən köç əslində ciddi daxili nizama, qaydalara tabe idi. Məsələn, 1000 başdan ibarət qarışıq bir sürünü 8-10 çoban aparır, 6-7 çoban iti, 3-4 ulaq istifadə olunurdu. İki çoban iki itlə sürünün qabağında, qalanları sürünün arxasında və cinahlarında hərəkət edirdi. Çobanların əşyaları ulaqlara, at və dəvələrə yüklənirdi. Köç aramla, tələsmədən, dincələ-dincələ hərəkət edirdi.

Coğrafi şəraitə uyğun olaraq köç əvvəlcə dağların ətəyində qısa müddətli düşərgə salır, sürü orada otarılırdı. Sonra köç bir qədər yuxarı – dağın döşünə qalxır, orada da bir müddət düşərgə salırdılar, sürü tədricən yaylaq iqliminə öyrəşirdi. Nəhayət, istilər tam düşdükdən sonra yaylaq yerinə qalxır, mənzilə çatırdılar. Məsələn, Şuşa qəzasındakı Kəbirli maldarları Zəngəzur yaylaqlarına qalxmaq üçün Qaratəpədə bir gün, Dağdağanda bir gün, Çaxmaqda üç gün, Kirs dağında 2-3 gün düşərgələrdə dayanırdılar. Yaylaqdan qayıtdıqdan sonra da maldarlar həmin düşərgələrdə qala-qala tədricən aşağı enirdilər, bu üsul “çoban-binə” adlanırdı. Yaylaqda örüşlərdən səmərəli istifadə etmək məqsədilə obalar xırda vahidlərə – dəngələrə bölünür, dəngələr isə bir-birindən “otarası” adlanan mərzlərlə ayrılırdı.

Yaylaq təkcə müvəqqəti yaşayış məskəni deyildi, eyni zamanda əhalinin maddi və mənəvi mədəniyyətində xüsusi yer tuturdu. Məsələn, yaylaqda “qorabasdırma”, “külləmə” və s. bişirilir, ağartı məhsulları (məsələn, motal pendiri) hazırlanırdı. Yaylaqlarda müvəqqəti yaşayış evləri inşa olunurdu. Dairəvi və uzunsov planda qurulan müvəqqəti evlərin əsas tikinti materialı çubuq, qarğı, qamış, keçə (qəlib), ip, ağac və s. idi. Dəyənin üstünə keçə örtülər, dəyə söküləndə çubuq və dirəklər növbəti ilə hazırlıq məqsədi ilə müvəqqəti yaşayış evinin döşəməsinə basdırılardı.

İndiyədək aparılmış arxeoloji, etnoqrafik tədqiqatlar Azərbaycanda yaylaq coğrafiyasını, yaylaq yerlərini, yaylaq yollarının müəyyənləşdirməyə imkan vermişdir. İlk Tunc dövründә (Kür-Аrаz mәdәniyyәti dövrü) maldarlığın inkişafı nəticəsində yeni ərazilər, o cümlədən dağlıq, yaylaq ərazilər mənimsənilməyə başlanılmış, müvəqqəti və daimi yaşayış yerlərinin sayı artmağa başlamışdır. Xüsusilə atdan istifadə köçmə maldarlığın inkişafına mühüm təsir göstərmişdir. Çox ehtimal ki, müvəqqəti yaşayış məskəni olan yaylaq məhz həmin dövrdə meydana çıxmışdır. Azərbaycanda feodalizmin təşəkkülü və inkişafı dövründə qoyunçuluq əvvəlki dövrə nisbətən xeyli inkişaf etmiş, XI-XIII əsrlərdə köçmə maldarlıq forması geniş şəkil almış və sonrakı əsrlərdə öz mövqeyini xeyli möhkəmləndirmişdir.

Köç yolları düzən yerlərdə çox vaxt kəndlərarası yollarda qovuşur, yaylaqlara yaxınlaşdıqca isə dağ cığırları ilə əvəz olunurdu. XIX-XX əsrdə Qazax-Gəncə bölgəsi əhalisinin yaylaqları Kiçik Qafqaz dağları boyunca Şahdağ və Murğuz silsilərində, Qoşqar dağında, Qızılbulaq yaylağında və s., Şuşa qəzası əhalisinin yaylaqları Qırxqız dağında, Şirvan elatlarının yaylaqları Böyük Qafqaz silsiləsində, Muğan elatlarını yaylaq yerləri Savalan, Qaradağ və Talış dağlarında yerləşirdi.

XX əsrin əvvəllərindən başlayaraq, ermənilərin işğalçılıq siyasəti nəticəsində tarixi Azərbaycan torpaqlarında yerləşən yaylaq yerlərimizdən, yaylaq məskənlərimizdən istifadə məhdudlaşmış, 1989-cu ildən isə yaylaq yolları tamamilə bağlanmışdır.

Hazırda Azərbaycan Respublikası ərazisində Böyük Qafqaz silsilələrində yerləşən yaylaq yerləri (Şah yaylağı, Şahnabat yaylağı, Xan yaylağı, İsmayıllı yaylağı və s.), Kiçik Qafqaz silsiləsində yerləşən (Xoşbulaq yaylağı, Toğana yaylağı və s.) yaylaq məskənlərindən istifadə olunur.