AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qarşılıqlı yardım formaları

Nümunənin reyestr kodu : DA0102000001

Azərbaycanda evlər, yollar, körpülər, suvarma sistemləri insanların, ailələrin əl-ələ verib qarşılıqlı köməkləşməsi nəticəsində hasilə çıxmışdı. Təbiət qarşısında aciz qalan ibtidai insan öz qüvvəsini başqaları ilə birləşdirmiş, qarşılıqlı yardımlaşma nəticəsində cəmiyyəti təşkil etmiş, fövqəladə qüvvələrə qarşı mübarizə aparmışdı. Kollektiv həyat ibtidai insanın yeganə çıxış yolu idi. Azərbaycanda orta əsrlərdə qarşılıqlı yardım formaları adı altında kəndli birlikləri, şəhərlərdə isə sənətkar və tacir birlikləri yaranmağa başlamışdı. Şəhər sakinləri “əxi”, “əsnaf”, “həmkar” təşkilatları və gildiyalar təsis etmiş, kəndlilər isə “ortaqlıq”, “şəriklik”, “taybirolma”, “tayboyunolma” və s. əmək birlikləri yaratmışdılar. Qarşılıqlı yardım formaları icmanın dağılması və ailə seqmentasiyası dövründə, hətta kiçik ailələrdə də izlənilir. Ailə seqmentasiyası nəticəsində yaranan patronimik qruplar arasında iqtisadi, sosial-mənəvi birlik möhkəm olaraq qalır və daha çox təsərrüfatda, toy və yas mərasimlərində, bayramlarda özünü göstərir. Bu işdə ağsaqqallıq, ağbirçəklik institutunun böyük rolu var. Qarşılıqlı yardım institutunun etik əhəmiyyəti tədricən iqtisadi roluna üstün gəlir. İslam fəlsəfəsinə görə, kim Allah rizası üçün heç bir minnətdarlıq gözləmədən öz malından, qidasından yoxsula, yetimə verərsə, həmin şəxsin mükafatı behişt olar.

Azərbaycanda tarixən təsərrüfat məişəti, maddi-mənəvi mədəniyyət və digər sahələrdə tətbiq edilən bir sıra qarşılıqlı yardım formaları vardı. Əkinçilər yeni birliklər (iməcilik, hoy, əvrəz, ziyanlıq, umya və s.) təşkil edib əkin-biçində, ev tikintisində, yanğın zamanı və s. işlərdə özlərini qoruya bilir, kənd sakinləri quraqlıq, sel, daşqın, zəlzələ, epidemiyalara və digər fövqəladə hallara davam gətirirdi. Qarşılıqlı yardımlaşmalar daxili məzmununa görə eyni, yəni fiziki, maddi və mənəvi köməklik mahiyyəti daşısa da, forma etibarilə onları üç qrupa bölmək olar: müvəqqəti əmək birlikləri daxilində bir-birinə göstərilən qarşılıqlı kömək; təsadüfi hallarda çətinə düşən qohum-qonşuya kollektiv yardım və ayrı-ayrı şəxslərin ehtiyac duyan həmyerlisinə fərdi köməyi.

Əmək birlikləri sadə və mürəkkəbdir. Cüt təsərrüfat olan “ortaqlıq”da iki və daha artıq tərəf iştirak edir, əsasən şumlama ilə bağlı yaradılırdı. Ortaqlıq sadədən mürəkkəbə doğru təkamül yolu keçir və hər bir etnoqrafik bölgədə məhəlli adlarla tanınırdı. Sadə variantına “cirə”, “əvəz​çilik”, “növbələşmə”, “taybirolma”, “tayboyunolma”, “taylaşma”, “avaca”, “bədirgə”, “bədəl”, “yardarlıq”, “paydarlıq” və s., mürəkkəb variantına isə “modgəm”, “həmkəl”, “şəriklik” və qara kotan ətrafında yaradılan əmək birləşməsi aiddir. “Əvrəz”, “hoy”, “iməcilik”, “dəstgereftən” və s. kimi formalar hər hansı şəxsə və ya ailəyə bütün el-obanın kollektiv köməkliyindən ibarətdir. Maldarlıq təsərrüfatında da qarşılıqlı yardımın kollektiv və fərdi formaları (“damazlıq”, “ziyanlıq”, “alışma”, “iməcilik”, “cey”, “bədəl”, “umya” və s.), həmçinin əmək birlikləri (“nobat”, “şəriklik”, “sərkar”, “amanat” və s.) vardı. Misgərlər, dəmirçilər, xalçaçılar və digər sənət sahibləri də birləşərək “həmkar”, “şəriklik” və s. yaradırdılar.

Maddi mədəniyyət elementlərinin yaradılmasında da qarşılıqlı yardım formaları geniş yayılmışdı. Evlərin və məscidlərin tikintisi, kəhrizlərin və quyuların qazılması və arıtlanması, su arxlarının və yolların çəkilişi, körpülərin və bağların salınması, belə yerlərin təmir-bərpasında və digər işlərdə məhəllə sakinləri yığışıb iməcilik edirlər. “Kərpickəsmə” və “pərdibasma” (yəni dam tirinin qoyulması) iməciliyi daha təmtəraqlı olur. Ev tikildikdən sonra qohum-qonşu kömək məqsədilə ailəyə lazımi məişət əşyaları ilə “ev görməsi” və ya “mübarəkbadlığa gəlir. Qarşılıqlı yardımlaşma ailə məişətində tez-tez rast gəlinir. Qadınlar qışa azuqə tədarükündə, meyvə və göyərti qurudulmasında, bayramlarda şirniyyat bişirilməsində, yorğan-döşək və xalça-palaz yuyulmasında iməciliklər keçirir, yığışıb növbə ilə hər gün birinin işini görürlər. Qarşılıqlı yardımlar Naxçıvanda “elcarı”, Qarabağda “hoy”, “mədəd”, Qazaxda “cirə”, “qaynar”, Lənkəran-Astara və Şəki-Zaqatalada “iməcilik”, Quba-Xaçmazda “əvrəz”, “mel” və s. adlanır.