Yataq
Nümunənin reyestr kodu : DA0202000018
Azərbaycan xalqının yaşayış məskənlərinin tarixən yaranmış müvəqqəti tipləri oba, şenlik, sığırxana, yataq, binə, yurd, düşərgə, qışlaq, dəkkə, dəngə, yaylaq və s. idi. Bu etnoqrafik terminlər əsasən qışlaq və yaylaq təsərrüfatlarını, yaxud daimi və ya müvəqqəti yaşayış məskənlərini ifadə etmişdir. Qışlaq, sığırxana, binə, şenlik, yataq, dəkkə əsasən qışlaq yaşayış məskəni, yaylaq, yurd, oba isə yaylaq yaşayış məskəni anlamındadır. Eyni zamanda bəzi etnoqrafik terminlər həm yaylaq, həm də qışlağı ifadə etmək üçün sinonim kimi işlədilmişdir.
Yataq müvəqqəti yaşayış məskəni sayılsa da, əsasən qışlaq təsərrüfat tikisini ifadə etmişdir. Yataq sözünün həm qışlaq anlamında, həm də qışlaqdakı təsərrüfat tikilisini ifadə etməsinə tez-tez rast gəlmək mümkündür. Etnoqrafik ədəbiyyatda isə yataq daha çox qışlaqdakı təsərrüfat tikintisi kimi əksini tapır.
Yataq tövlə, pəyə, xalxal, at damı və s. ilə birgə əsasən maldarlıqla məşğul olan əhalinin kəndin yaxınlığında saldığı müxtəlif təsərrüfat tikililərindən ibarət binənin tərkibinə daxil idi. Binədə ailələrin sayı artdıqca tədricən təsərrüfat tikililəri və ya yaşayış evləri inşa edilirdi.
Qışlaqlar üçün səciyyəvi olan qoyun yatağı selab tutmayan hündür yamacda tikilirdi. Bunun üçün yataq yerinin orta xətti boyunca, aralarında 3-4 m məsafə olmaqla, yoğun haçalar basdırıb üzərinə “sün” adlanan tir (mil) atandan sonra onun yanlarına bir ucu yerə söykənən 4-5 m uzunluqda pərdilər düzürdülər. Pərdi düzümünün üstünə şax, ləmbə, lığ, bəlim atırdılar. Bəzən isə yatağın damı qamışla örtülürdü. Bunun üçün qamış dərzlərini açıb yatağın balıqbeli damının üstünə sərirdilər. Yağış suyunu axıtmaq üçün yatağın yanlarına “qarım” çəkilirdi. Yatağın arxa kəlləsi maili formada olub, çubuq tərəcə və ya qamış qomu ilə örtülür, qabaq kəlləsi isə bir cüt qapsaqla bağlanırdı. Yatağın qabaq tərəfində qapsaqdan kənarda qalan boşluqları yenə də çubuqla hörülüb tutulurdu. Qoyunçuluqla məşğul olan oba və kəndlərdə, adətən, quzu saxlamaq üçün xüsusi küz tikilirdi. Bunun üçün həyətin mal məhləsi bölməsində müəyyən bir sahəni dövrələmə çəpərləməklə bir tərəfində giriş-çıxış yolu qoyulurdu.
Qışlaqda sürülər əvvəlcə yataqlardan xeyli aralı yerlərdə qaydaya ciddi riayət etməkdə hissə-hissə otarılırdı ki, bütün qış boyu heyvanların otarılmasına imkan olsun, qışda heyvan örüşsüz qalmasın. Ona görə də örüş yerləri ayrı-ayrı sahələrə bölünür, vaxtdan və iqlim şəraitindən asılı olaraq, həmin sahələrin otarılması müddəti müəyyənləşdirilirdi. Sürülər yataq damlarından xeyli aralıda yerləşən otlaqlarda otarılırdı. Yataqların yaxınlığında münasib yerlərdə döllük, xam və ya ehtiyat yeri adlanan sahələr ayrılırdı. Qışlaqda yataq yerlərində inşa edilən “pəyə” və ya qoyun damları saxlanılan heyvanların sayından asılı olaraq böyük və kiçik həcmli olurdu. Davarların sayı çox olduqda qarşı-qarşıya çıxış yolu olan bir neçə dam tikirdilər.
Heyvanların mülayim havalarda saxlanması üçün nəzərdə tutulan qoyun damları, adətən, dərə və təpələrin yamaclarında, güney yerlərdə tikilirdi. Yataq yerlərində çobanların yaşayış yerləri elə yerdə inşa edilirdi ki, onların qapıları qoyun damlarının giriş yoluna doğru yönəlsin. Bununla da çobanların sürü üzərində daimi nəzarəti təmin edilirdi. Qışlaqda yataq şəraitində quzuların saxlanılması üçün ayrıca təsərrüfat tikililəri inşa edilirdi. Yeni doğulan quzular təxminən bir həftə ərzində 1-1,5 metr dərinliyi olan “kürə” və ya “dəlmə” adlanan təndirə bənzər qazmalarda saxlanılırdı.
Yataqlarda hər bir obanın örüş-otlaq sahəsinin hüdudları qəti müəyyən olunaraq “otarası” və ya “oyuq” adlanan mərzlə bir-birindən ayrılır, yaşayış və təsərrüfat tikililərinin ətrafına hasar və ya çəpər çəkilmirdi. Qışlaq və yataqlarda çobanların yaşayış evləri elə səmtləşdirilirdi ki, onların qapıları qoyun damlarına doğru yönəlirdi. Bunun sayəsində qoyunçuluq təsərrüfatı daim çobanın nəzarət altında saxlanılırdı. Elat obaları yataq adı ilə tanınan qışlaqlarda qoyun sürüləri bəsləmək üçün ağıl, xalxal, küz, göyəbaxan (kora), iribuynuzlu mal-qara saxlamaqdan ötrü pəyə, tövlə, sığırxana, basdaray, qərəb və s. tikirdi.
Azərbaycan coğrafiyasında üstünlük təşkil edən əkinçi-maldar tipli kəndlərə aid edilən yataqlar (həm yaşayış məskəni və həm təsərrüfat tikintisi kimi) qışlaq təsərrüfatı ilə bağlı idi. Ümumiyyətlə, törəmə kəndlər qışlaqlardakı binə, qazma, oba və ya yataqlar əsasında əmələ gəlirdi. Bunun səbəbi isə, öncə qışlaqların təsərrüfat üçün yararlı daimi torpaq fonduna – əkin və hənd sahələrinə malik olması idi. Belə məskənlərin yataq adlandırılması isə daha çox bölgələrlə bağlı olmuşdur. Zaman keçdikcə, əlverişli şərait yetişdikcə bu müvəqqəti, yaxud mövsümi məskən daimi kəndlərə çevrilmişdir. Quba bölgəsində dağ kəndlərinin, xüsusilə Şahdağ ətrafındakı kəndlərin əhalisi tarixən heyvan sürülərini qış otlaqlarında bəsləmək üçün Müşkür və Şabran düzlərində “yataq” adlanan çoxsaylı qışlaqlara malik idi. Sonralar bu elat obalarının bir çoxu müstəqil kənd icmalarına çevrilmişdir.
-
Martda mərək
Həvil Həvilov
1993
-
Xalq yaşayış məskənləri və evləri
Fəzail Vəliyev
- Tərtibçi və biblioqrafiya