AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Şenlik

Nümunənin reyestr kodu : DA0202000016

Azərbaycanda tarixən yaranmış oba, şenlik, yurd, düşərgə, qışlaq, yaylaq, yataq, binə və başqa müvəqqəti, mövsümi yaşayış məskənləri sonrakı mərhələlərdə daimi yaşayış məskənlərinin yaranmasında mühüm rol oynamışdır. Müvəqqəti yaşayış məskənlərinin bəziləri (binə, şenlik, yataq, qışlaq, sığırxana) tarixən maldarlıq təsərrüfatının inkişafı ilə bağlı olmuş, kəndin yaranmasında ilkin mərhələ təşkil etmişdir. Yaşayış məskənlərinin tarixən yaranmış tipləri olan kənd, oba və şenlik anlayışları arasında bəzi fərqlərin olmasına baxmayaraq, bütövlükdə “yaşayış məskəni” mənasında işlədilmişdir. Şenlik (şennik) də oba kimi qədim tarixə malik yaşayış məskəni olub, ailə üzvlərinin sayına görə ondan kiçik idi.

“Şenlik” abad yaşayış yeri, məskun yer, məntəqə, qəsəbə anlamında başa düşülür. “Şen” kökünə “lik” sözdüzəldici şəkilçisinin qoşulması yolu ilə yaranmışdır. Kəndlərdə, qəsəbələrdə adamların çox toplaşdığı yerə də “şenlik” deyilir. Canlı danışıqda və yazıda şenlik sözü çox işlənir, ədəbi dildə qarşılığı yoxdur.

Koma-qom quruluşlu müvəqqəti yaşayış məskənlərindəki bir və bir neçə dəyə, koma ayrıca bir şenlik təşkil edir və əksər hallarda monogen xarakterli olurdu. Şenlik əhalisinin tərkibi əsasən qohumlardan formalaşırdı. Şenlik həm maldar icma üzvlərinə məxsus xüsusi qurum, həm də oturaq əhalinin müvəqqəti yaşayış məskəni olmuş, tədricən daimi yaşayış məskəninə – kəndə çevrilmişdir. Bəzən “şenlik” sözü oxşar sözlərlə sinonim şəklində, bəzən isə tayfa, nəsil, tirə kimi qohumları ifadə etmək üçün işlədilir. Hazırda da Azərbaycanın bölgələrində işlədilən “Ev-eşiyiniz şen olsun” alqışı təkcə ev-eşikdə şadlıq olmasının deyil, həm də qohum-əqrabalı olmasını nəzərdə tutur.

Şenliklər yaylağa və qışlağa köç zamanı, eləcə də əkin işləri, məhsul yığımı zamanı birgə hərəkət edirdilər. Obanın daxilindəki şenliklər otlaqlardan daha səmərəli istifadə etmək məqsədilə öz sürülərini birləşdirən, ümumi icmaya daxil olan qohumların birliyi idi. Otlaqlardan səmərəli istifadə etmək məqsədilə istər yaylaqlarda, qışlaqlarda qohumlardan ibarət şenliklər dəngələrə bölünür, dəngələr isə “otarası” adlanan mərzlərlə ayrılırdı. Alaçıqlar əsasən qohumluq prinsipi əsasında qruplaşırdı. Bir obaya daxil olan şenlik dəyələri kom şəklində bir-birinə yaxın qurulurdu. Eyni qayda bütün müvəqqəti məskənlər üçün xarakterik olmuşdur.

Müvəqqəti məskəndən daimi yaşayış məskəninə çevrilən kəndlərdə də, şenliklərdə də, adətən, qohum ailələr məskunlaşırdı. Bəzən bir şenlikdə bir neçə qohum ailə birgə yaşayırdı. Bura “yurd”, “ocaq” və s. deyilirdi. Təkcə təsərrüfat işləri deyil, şenliyin mənəvi həyatı bir bütöv idi, toy, yas bir-birinə kömək şəraitində yola verilirdi, eləcə də ağsaqqal-qarasaqqal, ata-oğul, ana-qız və s. ailədaxili münasibətlər şenliyin ümumi işi, aralarındakı münasibətlərin ayrılmaz hissəsi idi.

Azərbaycanın bir sıra şair və yazıçılarının əsərlərində – “Şirvanda sayrışır bağlar-bağatlar, Şenliklər yanında kişnəşir atlar” (S.Vurğun), “...şenliyin qırağında, gözəl mənzərəli bir yerdə kiçik otaq tutdular” (A.Şaiq), “...Meşəni tərk etdim, şenlik olan tərəfə rəvan oldum” (A.Divanbəyoğlu), “At sürüb bir şenliyə, gecələdim Muğanda” (Ə.Cəmil), “Dan yeri sökülürdü. Şenliyin xoruzları səs-səsə verib banlaşırdılar”, “Bu xəbər şenliyə yayılan günün axşamı kəndin ağsaqqallarından biri Allahyarı kənara çəkib danladı”, “Şenliyin aşağısından səs-küy qalxdı” (İsmayıl Şıxlı) şenlik sözü yurd, oba, qışlaq, yaylaq, eləcə də kənd kimi müvəqqəti və daimi yaşayış məskəni kimi işlədilir. Eyni zamanda bu söz toplum, cəmiyyət, insanların toplaşdığı yer mənasında da başa düşülür.

Azərbaycanın ayrı-ayrı bölgələrində mövcud olmuş belə müvəqqəti və mövsümi yaşayış məskənləri kəndə dönüşərkən kəndlərin daxilində şenliklər məhəllələrə, küçələrə çevrilirdi. Bir kənd və ya qəsəbə daxilində patronimik qrupların təşkil etdikləri məhəllələr də şenlik, oymaq, dəkkə, dingə, tirə, coma və s. adlarla tanınmışlar. Məsələn, XVIII əsrin ortalarında Qarabağ xanlığının Qırxqız yaylasının qərb yamacında, Hacısamlı nahiyəsində Qasımuşağı tayfası Hacısamlı, Ərikli, Qarasaqqal, Şamlı, Nağdalı, Ələkçi, Bozdağan, Şəlvə və s. qohum şenliklərindən (tirələrdən) ibarət olmuşdur, Qasımuşağı obasının şenlikləri tədricən ayrıca kəndlərə çevrilmişdir.