Oba
Nümunənin reyestr kodu : DA0202000010
Azərbaycanda əhalinin artması ilə əlaqədar, ibtidai icma quruluşunun dağıldığı və sinifli cəmiyətin yarandığı dövrdən etibarən kənd tipli yaşayış məskənləri daha geniş intişar tapmışdır. Buraya tarixən yaranmış oba, şenlik, yurd, düşərgə, qışlaq, yaylaq, yataq, binə və başqa yaşayış məskənlərini də daxil etmək olar.
Azərbaycan xalq yaşayış məskənlərinin tarixən yaranmış tipləri olan kənd, oba və şenlik anlayışları, aralarında bəzi fərqlərin olmasına baxmayaraq, bütövlükdə “yaşayış məskəni” mənasında işlədilmişdir. Müvəqqəti yaşayış məskənlərinin bəziləri (binə, oba, yataq, qışlaq, sığırxana) tarixən maldarlıq təsərrüfatının inkişafı ilə sıx bağlı olmuş, əhalinin daimi yaşayış məskəninin – kəndin yaranmasında ilkin mərhələ təşkil etmişdir.
Oba həm maldar icma üzvlərinə məxsus xüsusi qurum (birlik), həm də oturaq əhalinin müvəqqəti yaşayış məskəni olmuş, tədricən daimi yaşayış məskəninə – kəndə çevrilmişdir. Bu prosesdə “oba” sözü yeni yaranan kənd adına, ya da kənddən ayrılan tayfa adlarına əlavə olunurdu və bu söz bütün Azərbaycan ərazisi üçün xarakterikdir.
Oba maldarlıq təsərrüfatının yaylağa və qışlağa köçməsi ilə əlaqədar meydana gəlirdi. Daimi yaşayış məskənindən – kənddən nisbətən aralı salınan obada, adətən, qohum ailələr məskunlaşırdı. Bəzən bir obada bir neçə qohum nəsil birgə yaşayırdı. Otlaqlardan səmərəli istifadə etmək məqsədilə istər yaylaqlarda, istərsə də qışlaqlarda obalar xırda vahidlərə – dəngələrə bölünür, dəngələr isə bir-birindən “otarası” adlanan mərzlərlə ayrılırdı. Məsələn, Şirvan elatlarının obaları, bir qayda olaraq, dağınıq halda yerləşmiş alaçıqlardan ibarət idi. Məskənlərin plan əsasında salınmaması heç də onların quruluşunda müəyyən bir prinsipə əməl olunmadığını göstərmirdi. Alaçıqlar əsasən qohumluq prinsipi əsasında qruplaşırdı. Belə ki, ortada tayfa başçısının, yaxud oba ağsaqqalının, onun ətrafında yaxın qohumların, bunlardan kənarda isə kasıb ailələrin və muzdla tutulmuş çobanların alaçıqları yerləşirdi. Eyni qayda müvəqqəti məskunlaşan bütün elat məskənləri üçün xarakterik olmuşdur.
Obaya daxil olan təsərrüfatlar iqtisadi imkanına görə bir-birindən fərqlənirdilər. Obada iqtisadi baxımdan az tavanlı, zəif maldarlar daha varlı maldarlardan asılı vəziyyətə düşürdülər. Obabaşı obanın bütün əlaqələrini, daxili münasibətləri tənzimləyir, ona rəhbərlik edirdi. Obabaşı oba üzvləri arasından seçildiyinə görə, tam səlahiyyətli şəxs idi, ancaq bir sıra məsələlərin həllində obabaşı ağsaqqal və bacarıqlı adamlarla məsləhətləşir, onların təkliflərini nəzərə alırdı.
Obanın idarə olunmasında sərkardan da istifadə edilirdi. Sərkar, adətən, gəlladar və mülkədar təsərrüfatında olurdu. Sərkar heyvanların bəslənməsində böyük təcrübəyə malik olmaqla bərabər, köç yollarını və şəraitini daha yaxşı bilən bacarıqlı adamlardan seçilirdi. Obabaşılar yaylağa köçəcək ailələrin hazırlıq vəziyyətini yoxlayır, obasını zəruri yük və nəqliyyat vasitəsi ilə təmin edirdi, köçlərə obabaşılar rəhbərlik edirdi. O, obaya aid bütün işləri obabaşının məsləhəti ilə həyata keçirir, bütün təsərrüfatı idarə edirdi. Gəllədar və mülkədarlar, adətən, sərkarı yaxın qohumlardan seçmişlər. Qohum olmayan, lakin təsərrüfatın idarə olunmasında bacarıqlı olan adamlar da sərkar tutulurdu. Varlı maldarlar bacarıqlı adamları öz himayələri altına alır, qohumluq münasibətləri yaradırdılar. Obaların təşkili başa çatdıqdan sonra qoyunlar qışlaq və kəndlərdən yazlağa köçürülürdü. Yataqdan çıxarılarkən sürülər yazlaqda elə yerləşdirilirdi ki, çovğun zamanı sürüləri hər hansı daldanacağa aparmaq mümkün olsun.
Daimi yaşayış yerlərinə çevrilməkdə olan obalarda hər bir patronimiyanın ağsaqqalı olurdu. Xeyir-şər işlərində patronimiyanın üzvləri başçı sayılan ağsaqqalla məsləhətləşirdilər. Hər bir məhəllənin öz ictimai yeri var idi. İctimai yerlər ayrı-ayrı bölgələrdə meydan, ortalıq, gim, gimgə, dingəxana və s. adlanırdı. Belə meydanları kəndin ortasında, arx kənarında, qovaq və çinar kimi böyük ağacların kölgəliyində salırdılar. Patronimiyanın yaşlı kişiləri meydanlara yığılıb dincələr, həm də məhəllə və kəndlə bağlı problemləri müzakirə edərdilər.
Azərbaycan ərazisində ilk sinifli cəmiyyətlər onun sosial-iqtisadi cəhətdən ən çox inkişaf etmiş cənub ərazilərində, xüsusilə məhsuldar Urmiyaətrafı bölgələrdə təşəkkül tapmışdır. Əmlak bərabərsizliyi və sosial təbəqələşmənin güclü olduğu belə cəmiyyətlərin əmələ gəlməsinin başlıca şərtləri hələ m.ə. III minilliyin sonu və II minilliyin əvvəllərində görünməyə başlamışdır. Erkən şəhər sivilizasiyasının yaranması həmin cəmiyyətlərin maddi-texniki bazasını təşkil etmişdir. Siyasi idarəetmə qurumu səciyyəsi kəsb edən belə cəmiyyətlərin çoxu möhkəmləndirilmiş iri şəhər-qalalar əsasında, onların mədəni-iqtisadi təsir dairəsində olan kənd və oba tipli məskənlər sayəsində yaranırdı.
Azərbaycanın ayrı-ayrı bölgələrində mövcud olmuş belə obalar kəndə çevrilərkən kənd adlarında oba komponentini də saxlayırdı. Məsələn, Vəlioba, Mollaoba (Masallı rayonu), Mahmudoba (Şahbuz rayonu), Aşıqoba (Qusar rayonu) və b. Eyni zamanda bir kənd və ya qəsəbə daxilində patronimik qrupların təşkil etdikləri məhəllələr də oba, oymaq, dəkkə, dingə, tirə, coma, basalaq və s. adları ilə tanınmışlar.