AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qışlaq

Nümunənin reyestr kodu : DA0202000011

Qışlaq – sığırxana, yataq və yaşayış evlərini özündə birləşdirən müvəqqəti yaşayış məskəni olmuşdur. Adından məlum olduğu kimi qışlaq qış aylarında yaşayış üçün nəzərdə tutulan ərazi, otlaq sahəsi deməkdir. İlin 8-9 ayını qışlıqlarda keçirən elatlar yalnız yay aylarında yaylaqlara qalxırdılar. Qışlaq digər müvəqqəti yaşayış məskənlərindən daimiliyi ilə fərqlənir, kəndə keçidin son mərhələsi idi.

Qışlaqda geniş örüşlərdə heyvanların otarılması qaydasına xüsusi fikir verilirdi. Bir qayda olaraq, əvvəlcə yataqlardan xeyli aralı yerlər qaydaya ciddi riayət etməklə hissə-hissə otarılırdı ki, bütün qış boyu heyvanların otarılmasına imkan olsun, qışda heyvan örüşsüz qalmasın. Ona görə də örüş yerləri ayrı-ayrı sahələrə bölünür, vaxtdan və iqlim şəraitindən asılı olaraq, həmin sahələrin otarılması müddəti müəyyənləşdirilirdi.

Sürülər yataq damlarından xeyli aralıda yerləşən otlaqlarda otarılırdı. Yataqların yaxınlığında münasib yerlərdə döllük, xam və ya ehtiyat yeri adı ilə sahələr ayrılırdı. Bu sahələrdə döl vaxtı arıq düşmüş anaş qoyunlar və quzular otarılırdı. Çox otarılmış, mal-qaranın hər gün çıxarıldığı sahələr “döyənək” adlanırdı. Xam otlaqların bir neçə gün otarılmasından sonra qoruq sahəsi “örən” adlandırılırdı. Otlaq sahələrinin ardıcıl, sistemli şəkildə otarılması çobanlara imkan verirdi ki, qışlaqdakı hər cür bitki növlərindən yaza qədər səmərəli şəkildə istifadə etmək mümkün olsun və sürü yaz köçünə qədər yem sarıdan korluq çəkməsinlər.

Oturaq şəraitdə sürü gündüzlər yaşayış yerinin ətrafında otarılır, axşamlar tövlələrə salınırdı. Yaşayış məntəqələri zonasında xüsusi həyətlərdə saxlanılan davara, şaxtalı, soyuq günlərdə quru yem (səhər arpa qarışıq saman, axşam isə quru ot) verilirdi. Adi günlərdə isə həmin heyvanlar gündüz örüşdə otarılır, gecələr isə pəyələrə salınırdı. Qışlaqda otun şoranlığı ilə əlaqədar, ayda 2-3 dəfə duz verilirdi. Lakin bu qayda əsas etibarilə qoyunçuluqla məşğul olan əhalinin arasında daha geniş yayılmışdı. Yataq şəraitində sürülər qışdan arıq çıxdıqda az miqdarda alaf verilirdi. Bu alaf əsas etibarilə ot, saman, arpa və arpa kəpəyindən ibarət olurdu.

Qışlaqda yataq yerlərində inşa edilən “pəyə” və ya qoyun damları saxlanılan heyvanların sayından asılı olaraq böyük və kiçik həcmli olurdu. Sahibkarlar çalışırdılar ki, qoyun damlarının hər birinə 1000-1200 başdan artıq heyvan yerləşdirilməsin. Davar sürülərinin sayı çox olduqda qarşı-qarşıya çıxış yolu olan bir neçə dam tikirdilər. Heyvanların mülayim havalarda saxlanması üçün nəzərdə tutulan qoyun damları, adətən, dərə və təpələrin yamaclarında, güney yerlərdə tikilirdi. Şirvanda üstü açıq və ətrafına qamış hörgü çəkilmiş qazmalar “güzay”, Aranda “ağıl”, Abşeronda (Türkan, Zirə, Məhəmmədli, Hövsan kəndləri) “qərəb” adlandırılırdı. Mülayim, aydınlıq gecələrdə qoyunlar açıq səma altında arxac adlanan yerdə saxlanılırdı. Yataq yerlərində çobanların yaşayış yerləri elə yerdə inşa edilirdi ki, onların qapıları qoyun damlarının giriş yoluna doğru yönəlsin. Bununla da çobanların sürü üzərində daimi nəzarəti təmin edilirdi.

Qışlaqda yataq şəraitində quzuların saxlanılması üçün ayrıca təsərrüfat tikintiləri inşa edilirdi. Yeni doğulan quzular təxminən bir həftə ərzində 1-1,5 metr dərinliyi olan “kürə” və ya “dəlmə” adlanan təndirə bənzər qazmalarda saxlanılırdı. Bu qazma quyuların divarlarına quru ot və ya qamış basdırırdılar ki, quzular həm nəm çəkməsin, həm də torpaq yeməsin. Həmin qazmanın yuxarıdan ensiz dəliyi olurdu ki, buradan quzular dəlməyə salınıb çıxarılırdı. Bir qədər böyümüş quzular dəlmədən güzlərə çıxarılırdı. Güzlər öz quruluşlarına görə pəyələrə bənzəsə də, bunlar lazımi hərarəti saxlamaq üçün bir qədər alçaq və yığcam tikilirdi. Burada torpaq divarları çubuqla hörürdülər ki, quzular torpaq yeməsin. Qışlaqda quzu güzləri bala, orta və böyük güz olmaqla üç hissəyə ayrılır, burada quzular öz yaşına və saylarına uyğun olaraq ayrı-ayrılıqda saxlanılırdı.

Müvəqqəti yaşayış məskənlərinin bəziləri (binə, oba, yataq, qışlaq, sıığrxana) tarixən maldarlıq təsərrüfatının inkişafı ilə sıx bağlı olmuş, əhalinin daimi yaşayış məskəninin – kəndin yaranmasında ilkin mərhələ təşkil etmişdir.

Orhun yazıları da daxil olmaqla qədim türkcə mətnlərdə əksini tapan “qışlaq” qış mövsümünün, “yaylaq” yay mövsümünün keçirildiyi yer anlamına gəlir. Hətta keçmişdə döyüşlər havaların isindiyi zamanlarda olduğundan ordular qış aylarında qışlaqlara çəkilir, müharibəyə hazırlıq görülürdü.

Qədimdə yaylaqlarla yanaşı, güzdək və qışlaqlar da kifayət qədər geniş coğrafiyada yayılmışdı. Zaman keçdikcə ilk növbədə “güzdək”lərin, daha sonra “qışlaq”ların coğrafiyası məhdudlaşmışdır. Əsrlər boyu köçmə təsərrüfatla məşğul olan əhali məskunlaşdıqları kənd, qəsəbə, hətta şəhərlərdə qışlayır, xırda və iri buynuzlu mal-qara yaşayış məskənlərinin yaxınlığında saxlanılırdı. Əhalinin sayının artması, yaşayış məskənlərinin genişlənməsi səbəbindən növbəti mərhələdə kəndlərin yaxınlığındakı qışlaqlar sıradan çıxmış, yeni kəndlər yaranmışdır. Yalnız yaşayış məskənlərindən nisbətən uzaqda yerləşən qışlaqlar mövcudluqlarını davam etdirmişlər.

Yaylaq kimi qışlaqlar da geniş otlaq sahələrinə malik olurdu. Orta əsrlərdən üzü bəri istər yaylaqda, istərsə qışlaqda maldarların otlaq kimi istifadə etdiyi xəzinə və ya feodal torpaqlarının müəyyən icarə haqqı vardı. Məsələn, XIX əsrin ikinci yarısında qış otlaqlarının ən yüksək icarə haqqı Naxçıvanda (qaramalın hər başına görə 55 qəpik), aşağı həddi Şuşa qəzasında (5 qəpik) idi.

Qışlaqların yaşayış məskənlərinə çevrilməsi Azərbaycan toponimikasında əksini tapır. Məsələn, Qazax rayonunun Çaylı kəndi vaxtilə Qıraq Kəsəmən kəndindəki Qızyetərli tayfasının qışlaq yeri olmuş, sonralar maldar əhlinin oturaqlaşması prosesində kəndə çevrilmişdir. Eldar düzündəki Salahlı, Poylu və Kəsəmən kəndləri əvvəllər Qazax qəzasının müvafiq kəndlərinin obaları olmuşdur. Birinci Şıxlı kəndindən ayrılan tayfalar Köçvəlli, Muğanlı, Sadıxlı, Ömərağalı, Dəmirçilər kimi obaların əsasını qoymuş, hazırda həmin obalar müstəqil kəndlərə çevrilmişdir. Hazırda Azərbaycanda Qışlaq (Cəbrayıl, Laçın, Xocalı), Dağ Qışlaq (Xocalı), Böyük Qışlaq (Tovuz), Düz Qışlaq, Köhnə Qışlaq (Ağstafa), Aşağı Qışlaq (Şahbuz), Orta Qışlaq (Ağdam), Yuxarı Qışlaq (Şahbuz), Qızıl Qışlaq (Şahbuz, Takab), Qımılqışlaq (Quba, Xaçmaz), Küpçal-Qışlaq (Quba), Lapatin Qışlaq (Lerik), Ləyəq Qışlaq (Qusar) adı ilə çoxsaylı kəndlər mövcuddur.