AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Düşərgə

Nümunənin reyestr kodu : DA0202000015

Azərbaycanda düşərgə iki anlamda işlədilmişdir. Birincisi, ən qədim insan icmalarının yaşadığı məskənlər, ikincisi isə yaylaq-qışlaq təsərrüfatı ilə bağlı müvəqqəti yaşayış məskənləri. Təbii və süni, açıq və qapalı sığınacaqlar təkcə ibtidai icma dövründə deyil, son dövrlərə qədər əsasən maldarlıq təsərrüfatı ilə bağlı istifadə olunmuşdur. Etnoqrafik baxımdan düşərgə yaylaq-qışlaq təsərrüfatı ilə bağlı müvəqqəti yaşayış məskənidir.

İsti iqlim şəraitində yaşayan ibtidai insanlar açıq səma altında güzəran keçirmiş, dövran sürmüşlər. Lakin zaman keçdikcə, xüsusən də buzlaşmalar dövründə insanlar sərt hava şəraitinə uyğun olaraq təbiətlə ölüm-dirim mübarizəsinə başlamışlar. Onlar davamlı yaşayışlarını təmin etmək üçün ovladıqları vəhşi heyvanların dərisindən sadə geyim dəsti hazırlamış, müxtəlif quruluşlu sığınacaq, mağara və düşərgələrdə məskunlaşmışlar. Ərazimizdə təbii və süni yaşayış məskənlərinin tarixi əsasən qədim daş (paleolit) dövründən başlayır. Azərbaycanın dağ və dağətəyi bölgələrində alimlər tərəfindən bu dövrə aid onlarca mağara və digər sığınacaq yerləri qeydə alınmışdır.

Azərbaycanda əhalinin artması ilə əlaqədar tarixin sonrakı inkişaf mərhələlərində, daha dəqiq desək, ibtidai icma quruluşunun dağıldığı və sinifli cəmiyətin yarandığı dövrdən etibarən kənd tipli yaşayış məskənləri daha geniş intişar tapmışdır. Müvəqqəti səciyyə daşıyan mövsümi məskənlər tarixi inkişafın sonrakı mərhələlərində maldarlıq təsərrüfatının inkişaf edib xüsusi forma kəsb etməsi ilə əlaqədar meydana gəlmişdir.

Köçmə təsərrüfatla bağlı düşərgələr bilavasitə köç prosesi zamanı yaranırdı. Köç aramla, tələsmədən, dincələ-dincələ hərəkət edirdi. Coğrafi şəraitə uyğun olaraq köç əvvəlcə dağların ətəyində qısa müddətli düşərgə salır, sürü orada otarılırdı. Sonra köç bir qədər yuxarı – dağın döşünə qalxır, orada da bir müddət düşərgə salır, sürü tədricən yaylaq iqliminə öyrəşirdi. Nəhayət, istilər tam düşdükdən sonra yaylaq yerinə qalxır, mənzilə çatırdılar. Məsələn, Şuşa qəzasındakı Kəbirli maldarları Zəngəzur yaylaqlarına qalxmaq üçün Qaratəpədə bir gün, Dağdağanda bir gün, Çaxmaqda üç gün, Kirs dağında 2-3 gün düşərgə salırdılar. Yaylaqdan qayıtdıqdan sonra da maldarlar həmin düşərgələrdə qala-qala tədricən aşağı enirdilər, bu üsul “çoban-binə” adlanırdı. Düşərgə və ya “çoban-binə” üsulunda ən mühüm məsələlərdən biri yaylaqdan-qışlağa və ya əksinə hərəkət edən sürülərin növbəliliyini, hərəkətdə nizamın təşkil olunması idi. Bir sıra hallarda düşərgə sözü yaylaq, oba, binə sözlərinə sinonim kimi işlənmiş, həm yaylaq, həm də qışlaq müvəqqəti yaşayış məskənini ifadə etmişdir.

Yaylaq-qışlaq yollarının üzərində yerləşən düşərgələrin yaranmasında başlıca şərtlərdən biri də onların su mənbələrinə (bulaq, nohur, çay, göl) yaxın olması, təhlükəsizliyin təmin edilməsinin asan olması idi. Yaylağa və ya qışlağa köç zamanı müvəqqəti (1-3 günlük) dayanma yeri olan düşərgələrdə maldar elatlar alaçıq və dəyələrdə yaşayır, sürələr isə daşqura şəklində tikilmiş xalxallarda saxlanılırdı.

Köç yolunun üstündə yerləşən bu düşərgələr xalqın yaddaşında, həyat tərzində xüsusi yer tutmuşdur. Adətən, köç zamanı dünyasını dəyişən şəxslər bu düşərgələrin yaxınlığında dəfn olunmuşdur. Rəvayətlərdən birinə görə, Azərbaycanda böyük ilxı sahiblərindən biri ölüm ayağında oğlunu yanına çağırıb vəsiyyət etmişdir: “Oğul, mən öləndə qəbrimi köç yolunun üstündəki düşərgələrdən birində qazdır. El dağa köçəndə, arana dönəndə ilxını bir neçə dəfə qəbrimin başına dolandır. Qoy atların ayaq səsindən, kişnərtilərindən qəflət yuxusundan baş qaldırım”.

Azərbaycan ərazisi ilk insanın meydana gəldiyi antropogen zonasına daxildir. Müxtəlif bölgələrdə aşkarlanan ilk insan mağara-düşərgələrindən (Azıx, Tağlar, Qazma, Buzeyir, Zar, Qarabağ və s.) əldə edilən daş əmək alətləri, heyvan sümükləri və s. maddi qalıqlar ölkəmizin ilk sakinlərinin yığıcılıqla yanaşı, ovçuluq və balqıçılıqla da məşğul olduğunu göstərir. Azərbaycan ərazisinin Qarabağ, Xanlar, Şamaxı, Gədəbəy, Kəlbəcər, Zəngilan və Naxçıvan bölgələrində ibtidai insanlar təbii mağaralardan hələ çox qədim zamanlardan yaşayış məskəni kimi istifadə etmişlər.

Süni mağaralar Azərbaycan ərazisində Neolit dövründən istifadə olunmuşdur. Süni mağaralara Böyük Qafqaz dağlarının cənub-şərq ətəklərində və Kiçik Qafqaz dağları bölgəsində (Qubadlı, Zəngilan, keçmiş Qonaqkənd, Lerik, Şamaxı, Kəlbəcər, Laçın), eləcə də Cənubi Azərbaycanda təsadüf olunur. Şirvan bölgəsində süni mağara tipli məskənlər əsasən Sündü, Dərəkənd, Mərəzə, Ərəbqədim, Poladlı, Nabur, Təsi, Yekəxana kəndlərində son zamanlara qədər qalmışdır. Kühül adlanan belə yaşayış məskənindən təsərrüfat məqsədi ilə istifadə olunmuşdur. Azərbaycanın qərb bögələrindən mövcud olan mağaralar isə Daşsalahlı mağaralar qrupuna daxildir. İctimai inkişafın sonrakı mərhələsində Azərbaycanın dağətəyi və düzənlik hissələrində də məskunlaşma getmişdir.