Ailə
Nümunənin reyestr kodu : DA0101000001
Azərbaycan ailəsi həmişə uzunömürlülüyü və möhkəmliyi ilə seçilir. Bu, əsasən milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanmasından, müasir dövrə uyğunlaşdırılmasından irəli gəlir. Məhz buna görə də Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən biri hesab olunur. Tarixən ailə Azərbaycan milli mentalitetində mühüm yer tutmuş, sosial strukturun ayrılmaz elementini, cəmiyyətin özəyini təşkil etmişdi.Tarixi kateqoriya olan ailə cəmiyyətin özəyi olmaqla bərabər, sözün həqiqi mənasında həm də cəmiyyətin özü deməkdir.
Sosioloji mənada ailə nikaha, qohumluğa, uşaqların təlim-tərbiyəsinə, qarşılıqlı birgə həyat mənafeyinə əsaslanan insan ittifaqıdır. Filosoflar ailəyə və orada müəyyən olunan münasibətlərə, insanın təbiətə, cəmiyyətə, dünyagörüşünə baxışların yaranma mənbəyi kimi baxırlar. Hüquqşünaslar ailəni hüququn və dövlətin yaranma mənbəyi kimi qiymətləndirirlər.
Ailə ictimai hadisə olmaqla həm də təbii əsasa, bioloji başlanğıca malikdir. Ailənin təbii əsasını təbiətdə başqa cinsdən olan insana meyl, övlada malikolma hissi təşkil edir. Ailənin cəmiyyətdə birinci funksiyası da məhz nəsilartırma funksiyasıdır. F.Köçərlinin fikrincə, ailəni səciyyələndirən cəhətləri ümumiləşdirərək ailəyə aşağıdakı tərifi vermək olar: “Ailə insanların (ərin, arvadın və uşaqların) tarixən dəyişən, iştehsal münasibətlərinin tipi ilə müəyyən edilən və nəsli davam etdirmək, uşaqları tərbiyə etmək, təsərrüfat fəaliyyəti göstərmək kimi vəzifələri həyata keçirən birgə yaşayışlarının formasıdır”.
Ailə tarixi inkişafın bütün mərhələlərində cəmiyyətin maddi həyat şəraiti ilə əlaqədar olmuş, xüsusi mülkiyyət əsasında təşəkkül tapmış, həmçinin istehsal vasitələrinin ictimai mülkiyyətə çevrilməsi dövründə də öz funksiyasını tamamilə həyata kecirməyə başlamışdı. Deməli, ailə ictimai-tarixi hadisədir və cəmiyyət dəyişdikcə o da yeni xüsusiyyət kəsb edir. “Təxminən miladdan əvvəl I minilliyin başlanğıcında Azərbaycanda tunc dəmirlə əvəz olunmaqda idi. Burada yaşayan tayfalar dəmirdən alətlər və silah hazırlamağa başlamışdılar... Beləliklə, cəmiyyət siniflərə bölünməyə başlamış, ailə meydana çıxmışdı”. Ailə də məhz cəmiyyətin məhsuludur.
Milli-mənəvi dəyərlər məhz ailədə qorunub saxlanaraq nəsildən-nəsilə ötürülmüşdü. Müxtəlif mərhələlərdə ailə institutunun tarixi dəyişikliyə məruz qalmasına baxmayaraq, bu sahədə mövcud olan fundamental dəyərlər dəyişməz qalmış və müasir dövrədək gəlib çatmışdı. Buna görə də Avropaya inteqrasiya etsək də, klassik ailə modeli deformasiyaya məruz qalmır. Bir çox Avropa və MDB ölkələrinin vətəndaşları xalqımızın möhkəm ailə ənənələrinə çox böyük rəğbətlə yanaşır. Bəzi ölkələrdə ailə ənənələrinin zəif olması bir sıra sosial-psixoloji fəsadların yaranmasına yol açır ki, bu da, öz növbəsində, cəmiyyətdə deqradasiyanı sürətləndirir. Bütün bu spesifik xüsusiyyətlərin qabarıq şəkildə özünü büruzə verməsi, təbii ki, xalqımızı digərlərindən yaxşı mənada fərqləndirir. Bu əxlaq normaları, İslam və ümumbəşəri dəyərlər məişətimizdə, adət-ənənələrimizdə, həmçinin folklorumuzun hər bir janrında mühafizə edilir və gələcək nəsillərə ötürülür.
Bu gün dövlət ailə siyasəti Azərbaycan hökumətinin diqqətində olan mühüm məsələlərdəndir. Ölkə başçısı cənab İlham Əliyev məhz güclü və sağlam ailənin dövlətin əsasını təşkil etdiyini xüsusi vurğulamışdı: “Güclü ailə güclü dövlətdir”. Ailə nə qədər güclüdürsə, cəmiyyət də bir o qədər möhkəm və toxunulmazdır. Hazırda Azərbaycanda 2 milyon 62 min 30 ailə vardır. Hər il orta hesabla ölkədə 80 mindən çox nikah bağlanır. Ailənin inkişafı və sosial təminatı, qadın və uşaq hüquqlarının müdafiəsi “Azərbaycan 2020 – gələcəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapmışdı.
15 may Beynəlxalq Ailə gününün qeyd olunması artıq ölkəmizdə ənənəyə çevrilmişdi.
-
Azərbaycanda ailə məişətinin bəzi məsələləri
H.Quliyev
1986
-
Azərbaycanlılarda ailə və nikah
Qiyasəddin Qeybullayev
1994
-
Azərbaycanlıların ailə mərasimlərində etnik ənənələr
Məhəbbət Paşayeva
2008
-
Orta əsr Azərbaycan ailəsi
Şirin Bünyadova
2012
- Biblioqrafiya və tərtibçilər