AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Binə

Nümunənin reyestr kodu : DA0202000009

Azərbaycanda ənənəvi yaşayış məskənlərinin tarixən təşəkkül tapmış əlahiddə bir qrupunu mövsümi məskənlər təşkil etmişdir. Müvəqqəti səciyyə daşıyan mövsümi məskənlər tarixi inkişafın sonrakı mərhələlərində, heyvandarlıq təsərrüfatının inkişaf edib xüsusi forma kəsb etməsi ilə əlaqədar meydana gəlmişdir. Azərbaycanda onlar elat məskənləri (oba, binə, yataq, qışlaq və s.) formasında təzahür etmişdir. Müvəqqəti səciyyəli belə məskən növləri köçmə təsərrüfatla məşğul olan maldar elat əhalisinə məxsus olub, sonralar oturaqlaşma prosesinin güclənməsi nəticəsində onların əsasında bir sıra törəmə kəndlər yaranmışdır. Həm də törəmə kəndlər bilavasitə qışlaqlardakı binə, qazma, oba və ya yataqlar əsasında əmələ gəlirdi. Bunun səbəbi isə, hər şeydən öncə, qışlaqlardakı təsərrüfat üçün yararlı daimi torpaq fonduna – əkin və kənd sahələrinə malik olması ilə izah edilir.

Binə Azərbaycanda tarixən mövcud olmuş müvəqqəti yaşayış məskənlərindən biridir. Bir çox hallarda binə qışlaq, yataq sözlərinin sinonimi kimi işlədilir, qış aylarında sürülərin saxlandığı ərazi, yaşayış məskəni kimi başa düşülür. Etnoqrafik müşahidələr binələrdə əsasən quraq və isti, qışı mülayim keçən yarımsəhra-quru çöl iqliminin xarakterik olduğunu deməyə imkan verir. Binələr üçün xarakterik olan ərazinin çox hissəsini yarımsəhra landşaftının təşkil etməsidir. Bu da qış aylarında sürülərin açıq havada saxlanmasını, otarılmasını təmin edirdi.

Binə tipli məskənlər sabit yaşayış evi (külfət qazması, gəmrə, aradoldurma, çubuq-çitəmə ev) və təsərrüfat tikililərinə (pəyə, mal gəmrəsi, qoyun qazması, banıstan, küz, samanlıq, anbar, quraqlıq, vana, kəriskə, təndirxana və s.) malik olurdu. Yaylaq-qışlaq şəraitində heyvan sürüləri bəsləməklə məşğul olan elat obaları “sığırxana”, “yataq”, “binə” və s. adlarla bəlli olan qışlaqlarda qoyun sürülərini bəsləmək üçün ağıl, vana, kəriskə, banıstan, küz, göyəbaxan (kora), iribuynuzlu mal-qara saxlamaqdan ötrü pəyə, tövlə, sığırxana, at ilxısı və dəvə qatarı üçün basdaray, qərəb və s. tikirdi. Bundan əlavə, elat obaları yaylaqda heyvanların gecələməsi üçün arxac yeri seçir və ya qalaq düzəldirdilər.

Etnoqrafik materiallardan aydın olur ki, müvəqqəti yaşayış məskənlərinin bəziləri, o cümlədən binələr tarixən maldarlıq təsərrüfatının inkişafı ilə bağlı olmuş, əhalinin daimi yaşayış məskəninin – kəndin yaranmasında ilkin mərhələ təşkil etmişdir.

Binə müvəqqəti yaşayış məskənlərinin ilkin tipi olaraq bu və ya digər kəndin salınmasında başlanğıc mərhələ təşkil etmişdir. Toplanılan etnoqrafik materiallardan aydın olur ki, binə XIX əsrdə Azərbaycanın dağlıq bölgələrindəki kəndlərin əksəriyyətin mövcud olmuşdur. Əsasən maldarlıqla məşğul olan əhali tərəfindən kəndin yaxınlığında salınan təsərrüfat tikililəri (yataq, tövlə, pəyə, xalxal, at damı və s.) binə adlanırdı. Binədə ailələrin sayı artdıqca tədricən təsərrüfat tikililəri və ya yaşayış evləri inşa edilirdi. Təsərrüfat tikililəri və ya yaşayış evlərinin sayı artdıqca binə daimi yaşayış məntəqəsinə çevrilir və həmin yer ya orada ilk məskən salmış adamın adı ilə, ya da maldarlıq təsərrüfatının üstün sahələrindən birinin adı ilə adlandırılırdı (Qasımbinəsi, Məmməduşağı binəsi, Baxış binəsi, Malbinəsi, Qoyunbinəsi və s.). Binə yaşayış məskənlərinin əksəriyyəti sonrakı inkişaf nəticəsində daimi yaşayış məskəninə çevrilmiş, binə ad komponentini saxlamışdır.

Qatışıq kəndlərinin səciyyəvi bir xüsusiyyəti də törəmə məskən tipləri olan oba, binə, yataq, qışlaq əmələ gətirmələri olmuşdur. Zaman keçdikcə, əlverişli şərait yetişdikcə bu müvəqqəti, yaxud mövsümi məskənlərin bir çoxu daimi kəndlərə çevrilirdi. Quba bölgəsində dağ kəndlərinin, xüsusilə Şahdağ ətrafındakı kəndlərin əhalisi tarixən heyvan sürülərini qış otlaqlarında bəsləmək üçün Müşkür və Şabran düzlərində “yataq”, “binə” adlanan çoxsaylı qışlaqlara malik idi. Sonralar bunların bir çoxu müstəqil kənd icmalarına çevrilmişdi. Alazan vadisində binə təsərrüfat formasının geniş yayılması nəticəsində ətraf meşələrdə bir sıra “törəmə” kəndlər salınmışdır.

“Binə” və digər sosial struktur vahidləri maldarlıq təsərrüfatı ilə bağlı olub, elat icmalarının daxili bölmələrini bildirirdi. Bu təsisatlar çox vaxt monogen səciyyə daşıyır və patronim adlarla ifadə olunurdu. Digər tərəfdən oymaq bölgüləri patronim səciyyə daşımaqla, elat icmalarına məxsus qan qohumluğu münasibətlərini də bildirirdi. Azərbaycanda bir sıra toponim və hidronimlərində “binə” sözü bu gün də qalır. Binə dağı (Babək rayonu), Binəbəy kəndi (Astara rayonu), Binə Xocavar kəndi (Masallı), Binəqədi qəsəbəsi (Bakı), Binələr kəndi (Ağdaş), Qoyunbinəsi kəndi (Yevlax), Yanşaqbinə kəndi (Kəlbəcər), Binə qəsəbəsi (Xəzər rayonu) və s.