Tökməçilik peşəsi
Nümunənin reyestr kodu : DA0104000056
Tökməçilik metalişləmə daxilində gedən ixtisaslaşma nəticəsində ortyaya çıxan ilk sənət sahələrindən biridir. Təşəkkül tarixi hələ erkən tunc dövründən başlayan tökmə məmulatı misə müxtəlif aşqarlar qatmaq yolu ilə əldə edilməklə, çox mürəkkəb inkişaf yolu keçmişdir. Texniki cəhətdən tökmə üsulu bu və ya digər məmulat növünün yumşaq mum modelini hazırlayıb onun üzərinə qılaf rolunu oynayan gil (üzlük) çəkməyə əsaslanırdı. Qəlib quruyandan sonra bişirilib saxsı halına salınır və onun içindəki mum əriyib tökülürdü. Həmin boşluğa bürünc ərintisi tökməklə lazımi məmulat növü əldə edilirdi. Soyuyub hazır hala düşmüş məmulatı qılafından çıxarmaq üçün saxsı qəlibi sındırmaq lazım gəlirdi. Beləliklə, hər bir məmulat növü üçün yeni model və onun formasına müvafiq təzə qəlib düzəldilirdi.
Aşqarın tərkibindən asılı olaraq qədim metal ustaları mis ərintisindən həm tunc, həm də bürünc əldə etmişlər. Bürünc mis ərintisinə yarıbayarı nisbətdə sink filizi qatmaq yolu ilə əldə edilmişdir. Mis ərintisinə mərgmüş, sürmə, qalay, qurğuşun xəlitələrindən bu və ya digərini qatdıqda tunc əldə olunurdu.
Qalay istisna olmaqla, bu metal filizlərinin yerli yataqlarının bolluğu üzündən Azərbaycanın arxeoloji abidələrində tunc məmulatına daha çox təsadüf edilir. Bununla belə, tunc başlıca olaraq əmək aləti və soyuq silahların istehsalına sərf olunduğundan həmin məmulat növləri dəmir və poladdan hazırlanmağa başlayandan sonra tədricən əməli əhəmiyyətini itirib aradan çıxmışdır. Bundan fərqli olaraq, bürünc daha çox qab istehsalına və bəzək əşyalarının hazırlanmasına sərf olunması səbəbindən məhdud miqyasda da olsa, uzun müddət davam etmişdir. Sonralar bürüncü zinət istehsalı sahəsindən zərgərlik, qab istehsalı sahəsindən isə misgərlik məmulatları sıxışdırıb çıxarmışdır. Bununla da ənənəvi tökməçilik sənəti tənəzzülə uğrayıb aradan çıxmışdır.
Kür-Araz mədəniyyətinin ikinci mərhələsinə aid gil qəliblər bu dövrdə tökmə texnikasının yüksək inkişaf səviyyəsini göstərir. I Kültəpədən tunc baltalar tökmək üçün qəlibin aşkar edilməsi bu dövrdə ikitaylı qəliblərdə tökmə texnikasının mənimsənildiyini göstərir. I Kültəpə, Göytəpə və Babadərvişdən metal yarımfabrikatlar tökmək üçün qəliblərin tapılması, hazır metal məmulatının əsas istehsal mərkəzlərindən digər rayonlara yayıldığını göstərir.
Şübhəsiz ki, metal əşyaların istehsalı ilə yüksək ixtisaslı ustalar məşğul olmuşdur. Belə ki, mürəkkəb konfiqurasiyalı baltalar və nizə ucluqları müəyyən vərdişlərə yiyələnmiş ustalar tərəfindən hazırlana bilərdi. İkinci və üçüncü mərhələyə aid metal əşyaların hazırlanmasında tökmə, döymə, kəsmə, burma, yastılama, prokat və digər texnoloji üsullardan istifadə edilmişdir. I Kültəpədən aşkar olunan arxaik formalı oraq və dördtilli nizə ucluğu bu tip əşyaların qonşu ölkələrə Azərbaycandan yayıldığını göstərir.
Azərbaycanın Son Tunc və Erkən Dəmir dövrü yaşayış yerlərində metal emalı ilə bağlı əmək alətləri, təbərzin baltalar tökmək üçün istifadə olunan qəliblər tapılmışdır. Onlardan biri Şəmkir yaxınlığındakı yaşayış yerində aparılan qazıntılar zamanı aşkarlanmışdır. Gildən hazırlanmış qəlibin uzunluğu 19,5, eni 16, qalınlığı isə 8 sm-dir. Мingəçevirdən əldə edilən qəlib boz rəngli bazaltdan hazırlanmışdır, bu qəlibdən Azərbaycanda tunc təbərzin baltaların tökülməsi üçün istifadə olunmuşdur.
Bürünc əşyalar, əsasən, hakim zümrələrin sifarişi ilə tökülüb hazırlanırdı. Tökmə üsulu ilə hazırlanmış bürünc məmulatının bəzi nümünələri zəmanəmizədək gəlib çatmışdır. Bunların arasında hazırda Rusiya Dövlət Ermitajında saxlanılan bürünc gülabdan, V-VII əsrlərə aid avtafa, VI-VIII əsrlərə aid bürünc məcməyilər, XIII-XIV əsrlərin yadigarları olan bəzəkli bürünc qazanlar, xüsusilə 1399-cu ildə Teymurləngin sifarişi ilə Təbrizdə hazırlanmış iki tonluq nəhəng tiyan xüsusi yer tutur.
Vaxtı ilə Azərbaycanın tökmə ustaları tərəfindən düzəldilmiş yüksək bədii məziyyətlərə malik məişət əşyaları dünya muzeylərinin fəxri eksponatlarına çevrilmişlər. Bu cəhətdən 1319-cu ildə Təbrizli Yusif Əhməd oğlu tərəfindən düzəldilmiş bürünc kasa Londondakı məşhur Viktoriya və Albert muzeyinin bədii sənət nümunələri arasında fəxri yer tutmuşdur. XII əsrin sonu və XIII əsrin əvvəllərində Şirvanın tökmə ustaları tərəfindən böyük məharətlə düzəldilmiş başqa bir bürünc tiyan Londonda qərar tutmuşdur. 4 ədəd orijinal formalı qulpa malik olan bu tiyan olduqca nəfis şəkildə ornamental nəqşlər və süjetli kompozisiya nümunələri ilə bəzədilmişdir.