AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Toxucu

Nümunənin reyestr kodu : DA0104000058

“Toxucu” sözünün kökü “toxumaq” feilindəndir, kətan, yun, pambıq, ipəkdən müxtəlif parça, xalça və s. məmulatları toxuyan şəxsə deyilir. Toxucuların əsas əmək alətləri üfiqi uzadılan “yer hanası” və şaquli dayanan “dik hana” və ya “divar hanası” olmuşdur. Adətən, dik hana yer hanasının inkişaf etmiş forması sayılır. Bu toxucu dəzgahları təkmilləşərək müasir dövrədək gəlib çatmışdır. Toxucular həvə, kirkid, qarmaqlı bıçaq və s. alətlərdən də istifadə etmişlər, xammal məmulatından asılı olaraq onların əmək alətləri bir-birindən fərqlənmişdir.

Ən qədim toxucular lifli bitkilər arasında əsas yer tutan kətan (kənaf) bitkisindən parça toxumuşlar. Kəndir, çətənə, vic, sigəzi və s. adlarla bəlli olan, mədəni yolla becərilən kətanın istehsal xassələrinin mənimsənilməsi, xüsusilə onun saplağını təşkil edən elastik və zərif liflərin cecədən ayrılıb təmizlənməsi parça toxuculuğunun meydana gəlməsi üçün zəmin yaratmışdır. Kətanın saplağını əmələ gətirən elastik liflər onu tikmə, hörmə və toxuma işlərində sərfəli xammal növünə çevirmişdir. Toxucular kəndir lifindən əyirilmiş sapdan kətan parça növü ilə yanaşı, bir sıra zəruri məişət və təsərrüfat ləvazimatı (buraz, tay kəndiri, yük kəndiri, çidar, cilov, çatı, sinə-çula, ciyə, təlis, xaral, çuval, xurcun, kəndir palazı, balıq və quş toru və s.) hazırlamışlar.

Azərbaycanda yun parçaların hamısı çox vaxt ümumi bir ad altında “şal”, onu toxuyan usta isə “şalbaf” adlanmışdır. Şalbaf, əsasən, mütəhərrik şal, yaxud mahud dəzgahında yun parça toxuyan ustaya deyilirdi. Şalı yer hanasında qadınlar, mütəhərrik şal dəzgahında, həm də kişi ustalar toxumuşlar. Toxucular dəzgahlarda şal, mahud, dügürd, məndulə , basma (təpmə) şal, yun cecim, ipək qatışığı ilə alabəzək cecim, tirmə (tirməşal) yun parçalar, yer hanasında “qılıc şal” və ya “yer şalı” toxuyurdular.

Azərbaycanın ənənəvi yun toxuculuğunda məişət əhəmiyyətinə və iqtisadi sərfəliliyinə görə, tarixən xalça-palaz məmulatı müstəsna yer tutmuşdur. Toxucular xalça-palaz məmulatlarını bədii-texniki xüsusiyyətlərinə görə xovlu (ilməli) və xovsuz (ilməsiz) olmaqla iki tipoloji növdə hazırlamışlar. Nisbətən sadə toxuma texnikasına malik olan palaz tipli xalçalara çox geniş çeşiddə məmulat növləri: palaz, kilim (çiyi kilim), zili, vərni, sumax, şəddə, yəməni, xirsək, cecim, habelə heybə, xurcun, çuval, məfrəş, çul, ladı, duz torbası, çanta və s. aid idi. Xovlu xalçalar istehsal texnologiyası baxımından palaz məmulatından xeyli dərəcədə fərqlənmişdir, bu xalçaların istehsalında al-əlvan boyanmış “ilmə” ipindən də istifadə olunurdu.

Pambıq parça toxuculuğu kətan və yun parça toxuculuğu ilə müqayisədə sonrakı yüzilliklərdə inkişaf etmiş, ənənəvi pambıq parçalar arasında əsas yeri bez tutmuşdur. Bez istehsalı şəhərlərdə “bəzzazxana” adlanan bez karxanalarında kustar üsul ilə, bir sıra kəndlərdə isə ev peşəsi formasında yaşamışdır. Pambıq parça, xüsusilə, onun qalın növü olan bez istehsalı Azərbaycanın hər yerində, həm şəhər karxanalararında, həm də kəndlərdə geniş yayılmışdı. Əksər bölgələrdə bezi qadınlar bəsit yer hanasında toxuyurdular. Bəzzazlığın inkişaf etdiyi bir sıra bölgələrdə bez xüsusi culfa dəzgahında, “bəzzaz” və ya “culfa” adlanan peşəkar ustalar toxuyurdu. XIX əsrdə toxucular bir sıra pambıq parça növləri: bez, xasa (kisəyi), bürmət istehsalı ilə məşğul olmuşlar. Bəzzazlar “təfsilə”, “milə-mil təfsilə”, “çadraşan”, “mitqal”, “çit” , “tənzif”, “calamaya” (nazik ağ), “codana” kimi pambıq parça toxumuşlar. Şəhər karxanalarında ipək və pambıq qatışığı ilə bir sıra parça növləri: kəsənfə, namazı, tətinlik, alaca və s. hazırlanırdı.

Azərbaycan toxucuları ənənəvi ipək parçaları keci və xam ipək telindən toxumuş, əyirmə və sarıma kimi texnoloji üsullardan istifadə etmişlər. Şəhər şərbafxanalarında mütəhərrik toxucu dəzgahlarında istehsal olunan, kişi məşğuliyyəti kimi təşəkkül tapmış xam ipək toxuculuğundan fərqli olaraq, keci (cecim) məmulatı kümdar qadınlar tərəfindən, bəsit quruluşlu toxuma dəzgahlarında, əsasən də, yer hanasında toxunurdu. Şəhər və kənd evlərində döşəmə üzərinə sərilmiş dördöşəyi, nimdər, mütəkkə, balınc, habelə yataq döşəyi, yorğan üçün üz, taxça və camaxadan pərdəsi, yük örtüyü, buxarıbaşı, gərdək, canamaz, boxça, süfrə üçün parça materialı keci sapdan toxunmuş cecim sayılırdı. Heybə, yəhərqaşı, ladı, çul, gərək torbası, duz torbası kimi zəruri məişət ləvazimatları da cecimdən düzəldilirdi.

Azərbaycanda kətan, yun, ipək, pambıq xammalığının bolluğu burada toxuculuğun, eləcə də toxuculuq peşəsinin yaranması, inkişafı üçün münbit şərait yaratmışdır. Mingəçevir qazıntılarından tapılmış Tunc dövrünə aid kətan parça qalıqları toxuculuğun qədim tarixinin olduğunu təsdiqləyir. Kətan istehsalı Orta əsrlərdə də yüksəlmiş, hətta XIII əsr coğrafiyaşünası Yaqut əl-Həməvi o zamankı Dərbənd şəhərində və onun ətraf əyalətində kətandan gözəl parçalar toxunduğunu yazırdı.