AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Tarbəndlik

Nümunənin reyestr kodu : DA0104000055

Azərbaycanın ənənəvi çalğı alətləri arasında tar xüsusi yer tutur. Tarın hazırlanması ilə “tarbənd” adlanan ustalar məşğul olurdu. Tar ustalarına şəhərlərdə daha çox təsadüf olunurdu.

XIX əsrin ikinci yarısında-XX əsrdə Azərbaycan tarının təkmilləşdirilməsi ilə ağacişləmə ustalarından daha çox professional tarzənlər, musiqi mütəxəssisləri məşğul olmuşlar. Bu baxımdan məşhur tarzən Mirzə Sadıq Əsəd oğlunu, tarzən Əhməd Bakıxanovu, mühəndis, ağacişləmə ustası Varid Fərzəlibəyovu tarbənd ustası saymaq mümkündür.

Tar Orta Şərq ölkələrində geniş yayılmış simli müsiqi aləti olsa da, Azərbaycan tarı formasına və quruluşuna görə seçilir. Tar, əsasən, üç hissədən – çanaq, qol və kəllədən ibarətdir. Tarın çanaq hissəsi tutdan, qol və kəllə hissələri isə qoz ağacından hazırlanır. Sazdan fərqli olaraq, tarın çanağı bütöv kötükdən, həm də iki gözdən, səkkizvari formada yonulub hazırlanır. Onun çanağının üzü taxta lövhə vasitəsilə deyil, kamançasayağı balıq dərisi və ya qaramal ciyərinin pərdəsi ilə örtülür. Tarın üz örtüyü bütöv halda həm böyük, həm də kiçik çanağın ağzını birgə qapayır.

Tarın müasir şəklə düşməsi təxminən min il əvvəldən başlamışdır. Türküstanın Carco şəhərinin yaxınlığındakı Fərab kəndindən olan məşhur filosof Əbunəsr Farabi (873-950) ilk dəfə olaraq tarı təkmilləşdirmişdir.

Bəzi məlumatlara görə, dördsimli “çahartar”ı Şah İsmayıl Xətainin atası Şeyx Heydər icad etmişdir. Yarıya bölünmüş armudabənzər çanağı və uzun qolu olan “çahartar”da simlərin ikisində əsas melodiya çalınır, digər iki simdən isə ahəngdar musiqi fonu yaratmaqdan ötrü istifadə edilir. XVII əsr türk səyyahı Övliya Çələbi “Səyahətnamə”sində dövrünün ən tanınmış çahartar ustası, tarzən Muradağa Naxçıvanlının adını çəkmişdir. Osmanlı sultanı IV Murad məşhur tarzən Muradağa Naxçıvanlını İstanbula dəvət etmişdir.

XIX-XX əsrlərdə tarın təkmilləşməsi və inkişafı muğamların geniş yayılmasında müstəsna əhəmiyyət kəsb etmişdir. Tar təkcə müşayiətçi bir alət kimi qalmayıb, eyni zamanda solo ifaedici bir çalğı aləti kimi geniş yayılmışdır.

XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində yaşamış Azərbaycan muğam sənətinin ustadı Mirzə Sadıq Əsəd oğlu (Sadıqcan, 1846-1902) tarda xeyli təkmilləşmələr aparmışdır. Onun yaratdığı yeni tar nümunəsi bütün Qafqaza və Orta Asiyaya yayılmış, o vaxta qədər mövcud olan zəif səsli, beş simli bəsit tarı əvəz etmişdir. Musiqişünas Firudin Şuşinski yazır: “Sadıqcan novator tarzən idi. O, tarı təkmilləşdirərək quruluşunu dəyişmişdir. Tarın qolunda olan bir çox pərdələri atıb 17 pərdə saxlamış, səsini gücləndirmək üçün birinci qoşa ağ simin və qoşa sarı simin hərəsindən bir oktava yuxarı zil səslənən iki cüt cinkənə simi əlavə etmişdir. Tarın rezonansını artırmaq, həm də lazım gəldikdə səsləndirmək üçün sarı simdən bir oktava aşağı, yəni bəm səslənən bir qalın sarı boş sim də artırmışdır. Bundan əlavə, tarın qolunun yuxarısında, yəni kəlləyə yaxın yerdə əlavə pərdə bağlamaqla “lal barmaq” üslubunu da icad etmişdir”. Sadıqcana qədər tarın beş simi olmuşdur və o diz üstə çalınmışdır. Tarzən ilk dəfə olaraq tarı sinəyə çıxarmış, ona altı sim əlavə edərək, tarı on bir simli musiqi alətinə çevirmişdir.

XX əsrdə tarzən Əhməd Bakıxanov da tarın quruluşunda dəyişiklik etmişdir. Onun müəllifi olduğu tarın qolu uzadılmış, pərdələrinin sayı artırılmış, kiçik çanağındakı üz pərdəsi ixtisara salınmış, qoluna 5 pilləvari sümük əlavə edilmişdir.

XX əsrin 60-cı illərində Varid Fərzəlibəyov (1933-1999) musiqi kollektivlərində bas (bəm) səslərə olan ehtiyacı ödəmək üçün “Bas tar” (Bəm tar) yaratmışdır. Qalın, bəm səsli “Bas tar” quruluşuna görə tarın böyük formasıdır, mizrabı adi tar mizrabından iki dəfə böyükdür. Bas tar Sadıqcanın tarından çanağın içindəki arakəsmədə alətin səs temrbini (səs çalarını) dəyişdirən diafraqmalı dəlik və tarın qoluna birləşən çanağı üstünün açıq olması ilə fərqlənir.

Müasir tarbəndliyin ən maraqlı nümunələrindən biri “Eksperimental tar”dır. Bu tar adi tarlardan çanağı üzərində deka (ağac üzlük) vurulması ilə fərqlənir, dekanın üzərində bəzəkli rezonator (gücləndirici) dəlikləri açılır.