AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Şalbaf

Nümunənin reyestr kodu : DA0104000052

Tarixi inkişafın gedişində ev peşəsi, kustar sənət və karxana toxuculuğu səviyyələrini keçən, eyni zamanda hər üç istehsal formasının paralel mövcud olduğu şalbaflıq həm qadın, həm də kişilərin məşğul olduğu peşə kimi tanınmışdır. Şalbaflıq qoyunçuluq təsərrüfatı, eləcə də müxtəlif peşələrlə sıx bağlı olmuşdur. Hər üç istehsal səviyyəsində yun parça toxuculuğu ilə məşğul olanlar şalbaf sayılsalar da, yalnız karxana toxucuları şalbaf kimi ilə tanınırdılar. Şal istehsalı ilə müntəzəm məşğul olan peşəkar şalbaflar həm sifarişlə, həm də bazar üçün şal toxuyurdular.

Karxanada mütəhərrik şal dəzgahında toxunan bazar şalının istehsalı ilə, bir qayda olaraq, kişilər məşğul olurdu. Kişilərin mütəhərrik dəzgahda toxuduğu “təpmə şal” qadınların toxuduğu yer şalından fərqlənirdi. Şal toxuculuğunun bu formasında müəyyən qədər əmək bölgüsü getdiyindən bilavasitə toxuma əməliyyatına qədərki iş proseslərində ailənin qadın üzvləri yaxından iştirak edirdilər. Şalbaf özü isə xammalın tədarükü, yunun yay vasitəsilə atılması və bilavasitə toxuma prosesi ilə məşğul olurdu. Sahibkarlara məxsus olan mahud karxanalarından fərqli olaraq, evdə çalışan peşəkar şalbaflar yaşayış və ya təsərrüfat binasının bir hissəsini bu məqsəd üçün ayırırdılar. Mütəhərrik şal dəzgahının yığcam quruluşu onu evin bir küncündə yerləşdirməyə imkan verirdi.

Şalbaflıqda ən mühüm işlərdən biri dəzgahın qurulması idi. Dəzgahın işlək hissələri (nirə, dəftin, külkə-bağara) təpkən üçün qazılmış xüsusi çala üzərində quraşdırılırdı. Təpkən qollarının arxa başı çalanın döşəməsinə basdırılmış daban kötüklərinin oxuna keçirilir, ortadan isə ciyə vasitəsilə nirələrə birləşdirilirdi. Təpkən taylarının sərbəst ucundan ayaqla basıb buraxdıqca dal və qabaq nirələr enib-qalxır, beləliklə də əriş taylarının çarpaz vəziyyətdə “ağız” açması təmin olunurdu. Təpkən çalasının qabaq tərəfində quraşdırılmış nəvərd bir cüt basdırma və “pəlkeş” adlanan ağac işgilin köməyi ilə fırladılıb idarə olunurdu. Parçanın toxunmuş hissəsini dolayıb yığmaq üçün pəlkeş deşikləri vasitəsilə nəvərd tələb olunan qədər fırladılır, yaxud toxuma prosesi zamanı sabit saxlanılırdı.

Əriş tayları müəyyən qayda üzrə nirə və şanadan keçiriləndən sonra dəzgaha salınırdı. Şalbaf nəvərdin arxa tərəfindəki çalanın kənarına qoyulmuş döşəkcə üzərində oturub, təpkən taylarını ayaqla növbə ilə basıb-buraxmaqla nirələri hərəkət etdirirdi. Külkə-bağaralardan asılmış nirələr təpkən vasitəsilə endirilib qaldırıldıqca əriş taylarının alt-üst mövqeyi dəyişərək “ağız” açırdı. Hər dəfə əriş çarpazları açılıb-yumulduqca məkik vasitəsilə onun arasına salınmış köndələn arğac ipi dəftinin ehmal zərbəsi ilə vurulub qabağa, əvvəlki arğacın yanına aparılırdı. Bu qayda ilə şal toxunduqca onun hazır hissəsi nəvərdə dolanır və ərişin xam hissəsi toxucunun önünə çəkilirdi.

Ənənəvi təcrübəyə əsasən əsrlər boyu Azərbaycanın karxana toxuculuğunda məkik çarpazların arasından əllə atılmışdır. Usta məkiyi sağ əli ilə çarpazın ağzına atıb sol əli ilə tutur, dərhal sağ əli ilə dəftindən yapışıb onu əvvəlcə qabağa, sonra dala itələyirdi. Dəftin geri verilərkən o, sol əli ilə məkiyi dübarə sağ tərəfə atıb yenidən dəftindən yapışır və onun köməyi ilə arğaç keçirməsini qabağa vururdu. Həm də bu halda kargərin sağ əli təpkən üzərindəki sol ayağının, sol əli isə sağ ayağının hərəkəti ilə uzlaşdırır, ahəngdar mexaniki iş rejimi yaradırdı. Bu sayaq texnoloji iş prosesi çeviklik və cəldliklə yanaşı, müəyyən qədər səriştə və peşə vərdişi tələb edirdi. İxtisaslı usta əməyi tələb edən mütəhərrik dəzgahlarda məkiyin köməyi ilə toxuma prosesinin sürətlənməsi əmək məhsuldarlığının yüksəlməsinə səbəb olmuşdur.

Keçmişdə Göyçay qəzası kəndlərində şal, adətən, qoyun güzəmindən, Şamaxı kəndlərində isə quzu güzəmindən hazırlanırdı. Ona görə də Şamaxı şalı Göyçay şalına nisbətən xeyli yüksək qiymətləndirilirdi. Şirvanın Kürboyu kəndlərində şal, adətən, keci sap qatışığı ilə toxunurdu. Şalın bu növünün istehsal mərkəzləri arasında Əlvənd kəndi məşhur idi. Ona görə də o, çox vaxt "Əlvənd şalı” adlanırdı.