Nəqqaş
Nümunənin reyestr kodu : DA0104000063
Qədim dövrlərdən insanlar müxtəlif növ metallar üzərinə sözlər, təsvirlər həkk etmiş, kəsmə, döymə, qabartma və oyma üsulu ilə təsviri materialın üzərinə köçürmüşlər. Nəqqaşlar mismara bənzəyən cızma aləti, nəqqaş qələmi, kəsici alət, eləcə də rəssam, xəttat, həkkak alətlərindən istifadə etmişlər. Ənənəvi təcrübəyə görə, nəqqaş müəyyən bir şəkli, təsviri və ya yazını xüsusi alətlərin köməyi ilə müxtəlif materialların (metal, daş, taxta, şüşə, cavahirat və s.) üzərinə əsasən əl ilə həkk edir, dekorativ bəzək işi görür. Nəqqaşlıq sinkretik sənət sahəsi olduğundan bu peşə ilə xəttatlar və rəssamlar da məşğul olmuşlar.
Metal üzərində iş görən nəqqaş məmulatı çarxa verib hamarlayır və onun səthindən çəkic izlərini itirirdi. Mis qablar, qılınc, təbərzin və s. silah dəstləri, metal bəzək və məişət əşyaları “həkkak” və ya “yazıçı” adlanan nəqqaş tərəfindən polad qələm və həkkak çəkici vasitəsilə naxışlanıb bəzədilirdi. Üzərində əlavə əməliyyat aparıldığı üçün naxışlanmış qablar “izafə”, naxışsız qablar isə “xara” adlanırdı.
Daş üzərində oyma sənəti Orta əsrlərdə yüksək inkişaf səviyyəsinə çatmaqla, xəttatlıq sənətinin spesifik xüsusiyyətlərə malik sahələrindən birini təşkil edirdi. Xəttatların böyük əksəriyyəti həm də həkkaklıqla məşğul olurdular. Ərəb əlifbasının müxtəlif xətt üslublarından (kufi, nəsh, süls, təliq, nəstəliq, tövhi) məharətlə istifadə edən Orta əsr həkkakları çox vaxt kitabənin boşluqlarını həndəsi və nəbati səciyyəli ornament nümunələrindən ibarət kompozisiya ünsürlərilə tamamlayır və naqqaş vəzifəsini də görürdülər. Bu mənada həkkaklıq sənəti, xəttatlığın və naqqaşlığın başlıca ünsürlərini özündə cəmləşdirirdi.
Orta əsrlərdə nəqqaşlıq sənətinin ən məşhur nümayəndələri miniatür yaradıcıları idi. Miniatür ustaları rəssamlıq və nəqqaşlıq sənətinin üsul və metodlarından bacarıqla istifadə edirdilər. Miniatür sənəti öz ideya mənbəyini əsasən “Qurani-Kərim”dən, eləcə də klassik irsin görkəmli nümayəndələrinin əsərlərindən alırdı. Belə motivlər kitablarda, müxtəlif məişət qabları, silahlar və s. üzərində həkk olunurdu. Əlyazmanın tərtibat işlərində nəqqaş da iştirak edirdi. O, səhifələrdəki mətni çərçivəyə alır, başlıqları, sərlövhə və sonluqları bəzəyir, bəzən də əlyazma səhifələrinin geniş kənarlarında rəsmlər çəkirdi.
Azərbaycan miniatür-nəqqaşlıq sənətinin ən qədim nümunələri olan “Vərqa və Gülşa” (XIII əsrin əvvəli), “Mənafi əl-heyvan” (1298-ci il), “Cami ət-təvarix” (1308-1314-cü illər) Şərqdə yeni bir məktəbin yarandığını təsdiqləyir. Azərbaycan miniatüründə baş verən keyfiyyət dəyişmələri və üslubun formalaşması “Cami ət-təvarix” əsərinin əlyazmalarına çəkilmiş miniatürlərdə, Sultan Əhməd Cəlairinin “Divan”ına (1405-1410-cu illərdə) və Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasına çəkilmiş miniatürlərdə əksini tapmışdır. Təbriz miniatür məktəbinin yaranmasında Seyid Əhmədin, Ağa Mirəkin böyük rolu olmuşdur. XV əsrin ikinci yarısında rəssamlar, kitab sənəti ustaları Uzun Həsənin (sonralar Sultan Yaqubun) Təbrizdəki və Şirvanşahların Şamaxıdakı saray kitabxanasında cəmləşmişdilər. XV əsrdə Təbriz məktəbinin təsiri altında Azərbaycanın digər inzibati-mədəni mərkəzlərində də miniatur rəssamlığı inkişaf edirdi.
Nəqqaşlıq sənəti memarlıqla vəhdət şəklində təşəkkül tapmaqda idi. Nəqqaş Əmirşah Vəlinənkişi Şirvanşahlar Sarayının (1584) Şərq qapısının baş tağının, İsmayıl Nəqqaş Ərdəbili Şeyx Səfiəddin kompleksində baş qapı tağının (1647) bəzəklərini işləmişdir.
Orta əsrlərdə Təbriz, Ərdəbil, Şuşa, Gəncə və s. şəhərlərdə yaşayıb yaratmış nəqqaşlar ənənəvi üsullarla kitabları, məscidləri, sarayları bəzəmiş, həkkak, xəttat işi görmüşlər. Xanlıqlar dövründə nəqqaş Abbasqulu ağa Şəki Xan sarayının bəzədilməsində mühüm rol oynamış, sarayın tavanında mürəkkəb bəzək kompozisiyaları yaratmışdır. XIX əsrdə Şamaxıda Mirzə Cəfər, Şuşada Usta Qurban Qarabaği, Usta Zeynal Nəqqaş və başqaları məşhurlaşmışlar. “Qızıl əlli nəqqaş” kimi tanınan Usta Zeynal Nəqqaş Naxçıvanda Xan sarayını, Hacı Zeynalabdin Tağıyevin evini, Təbrizdə və Ordubaddakı Cümə məscidlərini, Məşədi Tağının evini, Əylis, Vənənd kəndlərində bəzi evləri rəsm və nəqşlərlə bəzəmişdir. Sərdar sarayının (1850) divar rəsmlərini işləyən Mirzə Qədim İrəvani XIX əsrin tanınmış nəqqaşlarından idi.
-
Qədim Naxçıvanın qədim sənət növləri - nəqqaşlıq
Nərgiz İsmayılova
2015
-
Orta əsrlərdə Azərbaycan miniatür boyakarlığı
Şəhribanu Əbdüləziz
2008
- Tərtibçi və biblioqrafiya