AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Nalbənd

Nümunənin reyestr kodu : DA0104000027

Nalbəndlik minik və qoşqu heyvanlarının dırnaqlarına nal vurmaq peşəsidir. Bu peşə uzun tarixi inkişaf yolu keçmiş, təkmilləşmişdir. Minik və qoşqu vasitəsi kimi istifadə olunan, ağır silahlanmış süvarini daşıyan, mənzil başına çatdıran, sürətli döyüşlərin aparılmasında xüsusi rolu olan atın dözümünün artmasında, dırnağını daş-kəsək vurmasının qarşısını almaqda nalın əhəmiyyəti əvəzsiz idi. Ona görə də nal daim at ləvazimatı arasında ən vaciblərindən biri sayılmışdır. Qədimdən üzü bəri nalbəndlik dəmirçiliklə birlikdə inkişaf etmişdir. Dəmirçilik sahəsində əldə edilən yeni kəşflər özünü nalbəndlik sənətində, məsələn, nalların hazırlanma üsullarında göstərmişdir.

Nalbəndlikdə istifadə olunan alətlər əsasən dəmirçilik alətləri ilə eynidir. Dəmir məmulatının hazırlanmasında müxtəlif çeşidli istehsal ləvazimatı və alətlər: körüklü kürə, zindan, məngənə, tutqac, müxtəlif formalı kəlbətin, çəkic, sünbə, qəlib, qələm, qayçı, yeyə, törpü, çarx (xart), girə, qıra və s. işlənirdi. Lakin nalbəndlikdə bir sıra alətlər dəmirçi alətlərindən fərqlənir. Nalbəndin əsas alətləri kəndir, çəkic, kəlbətin, yonqar, yiyə və dartıdan ibarətdir. Kəndir atın ayağını tutmaqdan, çəkic nalın mıxını döyüb bərkitməkdən, kəlbətin atın dırnağına əyri gedən mıxı çıxartmaqdan, yiyə mıxı itiləməkdən, dartı atın dırnağını yonub düzəltməkdən ötrü işlədilir. Nallar atın dırnağına “nal toxmağı” deyilən çəkiclə, eyni zamanda “nallama” adlanan xüsusi çəkiclə də vurulur.

Nalbənd, ilk növbədə, köhnə nalı sökür, bundan sonra dırnağı xüsusi alət vasitəsi ilə uyğun ölçüdə kəsir, yonur, qoparır. Nal soyuq və isti şəkildə vurula bilər. İsti nallamaq üsulu çox vaxt aparmasına baxmayaraq, daha keyfiyyətli olur. Etnoqrafik müşahidələr göstərir ki, nal vaxtında və düzgün vurulmadığı təqdirdə heyvan axsayır, topuq çalır, yaxud nal yerindən oynayır və düşür. Yaxud, düzgün çalınmayan bir mıx nəticəsində atın, öküzün ayağı ciddi şəkildə zədələnir, heyvan axsayır, iş qabiliyyəti azalır. Ona görə də tarixən atları, qatırları, öküzləri və s. minik və qoşqu heyvanlarını usta nalbəndlərin nallamasına xüsusi diqqət yetirilmişdir.

Qədimdən atın nallanmasında “dizləmə”, “çarmıx”, “yıxıb nallama” üsulundan istifadə edilmişdir. Dəlisov və ürkək atlar bədnal olduğundan, adətən, çarmıx vasitəsilə nallanırdı. “Dizləmə” üsulu daha geniş yayılmışdır. Nal vurulacaq və ya nalları yenilənəcək at dirəyə bağlanılır, ayağı dirsəkdən bükülür, diz üstündə saxlanılır. Yaxud atın ayağının buğumuna möhkəm kəndir keçirilərək, dirsəkdən bükülərək qaldırılıb diz üstündə saxlanılır. Digər bir üsulla atın ayaqları növbə ilə dirəyə bağlanaraq, əl ilə tutularaq nallanır.

“Çarmıx” üsulu xüsusi hazırlanmış qurğuda icra olunurdu. Qurğu dörd iri diametrli ağacdan ibarətdir. Təxminən 3 m-ə qədər olan dirəklər yerə dərin basdırılır və üç tərəfdən bir-birinə qollar vasitəsilə bərkidilir. Atı nallamaq üçün çarmıxa çəkdikdə onun belinə iki kəmər (dartı qayışı) keçirilib ayaqları yerdən bir qədər üzülənə qədər qaldırılır, atın ayağı dirsəkdən bükülərək qalın kəndirlə dirəyə sarınır. Atın başı çarmıxın ön hissəsinə bağlanır və yuxarıda göstərilən qaydada nallanır. Adətən, çarmıxda dəliqanlı, nallanmaya çətin gələn ürkək atlar nallanır.

Azərbaycanın orta əsr yaşayış yerlərindən tapılan dəmir nallar bütün bölgələrdə nalbəndliyin ayrıca sənət sahəsi kimi inkişaf etdiyinin təsdiqləyir. Orta əsrlərdə nalbəndlik həm işin həcminə, həm də xüsusiyyətlərinə görə dəmirçilikdən fərqlənmiş, ayrı sənət sahəsi kimi formalaşmışdır. Hərb sənətində at və qatırın mühüm önəm daşıdığı nəzərə alındığından bütün ordularda, o cümlədən orta əsr Azərbaycan dövlətlərinin ordularında nalbəndlərin fəaliyyət göstərdiyi məlumdur. Atın hərb işində əhəmiyyəti nəzərə alınaraq, orduda nalbəndxanalar qurulmuş, atlar nallanmış, gənc nalbəndlər yetişdirilmişdir. Orta əsr ordularında həm döyüş, həm də təchizat üçün başqa sənət sahələri ilə yanaşı, süvari qoşun hissələrinin təchizatında sərrac və nalbəndlərin xidmətindən geniş istifadə edilmişdir.

XV-XVI əsrlərdə Bakı (İçərişəhər), Şamaxı, Dərbənd, Qəbələ kimi şəhərlərin sənətkarlıq məhəllələrində silah, nal, əmək alətləri düzəldən dəmirçilər, nalbəndlər yaşayırdı. Xanlıqlar dövründə müxtəlif peşə və sənət sahibləri ilə yanaşı, nalbəndlər də iltizamçılara vergi verirdilər. XVIII əsrin sonu-XIX əsrin birinci yarısında Şəkidə 56 dəmirçi, 22 qalayçı, 20 nalbənd, 41 zərgər və digər sənətkarlar fəaliyyət göstərirdi.

XIX əsrin ortalarında Azərbaycanın iri yaşayış məntəqələrinin hər birində nalbəndxana var idi. Nalbənd çox vaxt həm nal düzəldir, həm də yük və minik heyvanlarını nallayırdı. Hər bir nalbəndxana öz sahibinin adı ilə tanınırdı. Məsələn, XIX əsrin sonundan Lənkəranda karvansaranın yanında mistanlıların nalbəndxanası məşhur idi.

XX əsrin ortalarına qədər Azərbaycanda nalbəndlik sənəti ənənəvi olaraq varlığını davam etdirmişdir. İkinci Dünya müharibəsi illərində atçılığın inkişafı haqqında qərarlar qəbul edilmiş, bir sıra atçılıq sovxozları yaradılmışdır. Lakin əsrin 60-cı illərində bütün ölkədə başlayan mexanikləşdirmə, fərdi yardımçı təsərrüfatların azaldılması, atların kütləvi şəkildə ət istehsalı müəssisələrinə verilməsi və s. proseslər nalbəndlik sənətini xeyli zəiflətmiş, nalbəndlik sənəti ilə məşğul olanların sayı azalmış, yalnız bəzi kəndlərdə və atçılıq təsərrüfatlarında tək-tək nalbəndlər fəaliyyət göstərmişlər.