AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Naxırçı

Nümunənin reyestr kodu : DA0104000045

“Maldar” adı altında xırda və iri buynuzlu heyvan saxlayan əhali, yaxud bu işlə məşğul olan şəxs, naxırçı dedikdə isə mal otarmaqla məşğul olan şəxs nəzərdə tutulur. Maldar daha geniş anlayış, naxırçı isə bir peşəni ifadə edən sözdür.

Naxırçı xalqımızın mənəvi dünyasında zəhmətkeş, bacarıqlı, sadəlövh bir obraz kimi əksini tapır, bir sıra nağıllarda, dastanlarda, atalar sözlərində naxırçı obrazı təsvir olunur: “Naxırçı qızından xanım olmaz”, “Naxırçı qızını verdi, torba dağarcığı da üstəlik”, “Naxırçının könlü naxır çörəyi istər” və s.

Qaramal əsasən tövlə şəraitində saxlanırdı. Tövlə hər gün kürünüb təmizlənir, qurudulurdu. Tövlə şəraitində bəslənən qaramal üçün yem tədarük edilirdi. Yem tədarükü heyvanın sayına görə müəyyənləşdirilirdi. Düzənlikdən fərqli olaraq dağ və dağətəyi zonalarda azı dörd-beş ay heyvan tövlə şəraitində saxlanılır, gündə iki dəfə alaf verilirdi.

Qaramal həm qışlaq, həm güzdək, həm də yaylaq şəraitində bəslənilirdi. Qaramalın örüş yerləri əsasən yaşayış məskənlərinin yaxınlığında yerləşirdi. Qaramalın saxlanılmasında ən vacib işlərdən biri naxırın otarılması idi. Əsasən iki naxırçının otardığı hər bir qaramal naxırında 150-200 baş heyvan olurdu. Bəzi yerlərdə, xüsusilə qərb zonasında naxırçıya sığırçı da deyilir. Hər 70-100 baş buzova iki nəfər buzovçu xidmət edirdi. Camış naxırlarında heyvanların sayı nisbətən az olurdu. Naxırçı və buzovçu bir qayda olaraq yarım il müddətinə tutulurdu. Onların əmək haqqında da fərq vardır. Belə ki, naxırçılar daha çox zəhmət çəkdiklərindən haqları da artıq olurdu. Zəhmət haqqı taxıl, pul, bəzən də heyvan verməklə ödənilirdi.

Naxırçı və buzovçunun geyim və ərzaqla təmin edilməsi əvvəlcədən şərtləşdirilirdi. Naxır sahibinin onları təmin etməsi sövdələşmədən asılı olurdu. Naxırçı alatorandan naxırı örüşə aparar, şər qarışanda qaytarardı.

Maldarlıqla məşğul olanlar ya naxırçı tutur, ona natural şəkildə, yaxud pulla zəhməthaqqı ödəyir, ya da növbələşmə yolu ilə naxıra gedirdilər.

Xırdabuynuzlu heyvanlarla müqayisədə qaramalın bəslənilməsi, ona qulluq, otarılması fərqlənirdi. Qaramalın “qızdırma” (titrətmə), “dabaq” və s. xəstəliklərə tutulmaması üçün ona xüsusi qayğı göstərilirdi. Naxırçılar qaramalı yaylağa aparıb-gətirəndə, yaxud örüşə otarmağa aparanda mal-qaranı isti və soyuğun düşməsindən xüsusi qoruyurdular ki, “titrəmə” xəstəliyinə tutulmasın. İsti yay aylarında qaramal lazımi qaydada yemlənməyəndə, sudan korluq çəkəndə və ya çirkli su içəndə qızdırır. Əgər qaramal soyuq dəymədən qızdırarsa, onun yeri isti saxlanılır, bəzən də palanlanır, istidən qızdıranda isə havanın mülayimliyi gözlənilirdi. “Dabaq” xəstəliyinə yoluxmuş, baldırı tutulmuş, dırnaqlarının arası və ağzı yara olan qaramal naxıra qatılmır, xəstə heyvanı çəhlimli, rütubətli yerdən qoruyaraq tozlu yerlərdə, qumlu torpaqlarda gəzdirirdilər. Uzun müddət quru alaf yeyən heyvan göy otu birdən və çox yeyəndə köpüb zəhərlənir. Bu xəstəliyin müalicəsində heyvanın qulağını bıçaqla çərtib, qanını alırlar, ayran və qatıq içirir, bəzən də qarnını ovurdular.

Neolit dövründə Azərbaycanda oturaq maldarlıq mövcud idi və qaramal naxırları burada aparıcı rol oynayırdı. Eneolit, daha sonra Tunc dövründə qoyunçuluğun daha sürətlə inkişafı ilə əlaqədar, qaramalın çəkisi nisbətən zəifləyərək ikinci yerə keçmişdir. Dəmirin kəşfi ilə toxa əkinçiliyindən xış-kotan əkinçiliyinə keçid dövrün yeniliyi olmaqla yanaşı qaramaldan qoşqu qüvvəsi kimi istifadə edilməsi tələbatı yaratmışdır. Bunun nəticəsində iribuynuzlu heyvanlardan təkcə ətlik, südlük kimi deyil, həm də qoşqu qüvvəsi kimi istifadə edilməyə başlandı. Bu, maldarlıq təsərrüfatında öküzün, kəlin və qoşqu qüvvəsi kimi istifadə olunan digər heyvanların əhəmiyyətini xeyli artırdı. İribuynuzlu heyvanlardan qoşqu qüvvəsi kimi istifadə etmək vərdişləri yaranmağa başladı ki, bu da əkinçiliyi əhalinin daimi məşğuliyyət və dolanacaq formasına çevirdi. Həmin dövrlərdən əkinçiliklə maldarlıq bir-birini tamamlayan qoşa təsərrüfat sahələri kimi xalqımızın məişətində həmişə aparıcı mövqeyə malik olmuşdur.