Misgər
Nümunənin reyestr kodu : DA0104000041
Misgərlik metalişləmənin inkişaf etmiş sahəsidir, bu sənət sahəsi ilə məşğul olan usta misgər adlanır. Azərbaycan misgərliyində erkən dövrlərdən başlayan sənətdaxili ixtisaslaşma orta əsrlərdə də davam etmişdir. Adətən, iri misgər dükanlarında istehsal prosesləri üzrə ənənəvi peşə bölgüsü (misəridən, hilizləyici, qırsgir, tapunçu, körükbasan, misqızdıran, çarxçı, həkkak və s.) ilə yanaşı, məmulat növləri üzrə də dar ixtisaslaşma getmişdir.
Misgər dükanlarında texnoloji əməliyyatlar əsrlər boyu sadə əritmə və isti döymə üsulları ilə görülmüşdür. İstehsal proseslərinin (misin əridilib qırs halına salınması, istidöymə yolu ilə onların yastılanması, pəstahların döyülüb ilkin formaya salınması, onların calanıb birləşdirilməsi, çarxlama, naxışlama, qalaylama və s.) tələbinə müvafiq olaraq misgər dükanlarında müxtəlif növ tutucu, kəsici, tapdayıcı, deşici, sıxıcı, hamarlayıcı alətlərdən istifadə olunurdu.
Misin əridilməsi ilə bilavasitə usta özü (misgər) 1-2 nəfər kargər və şagirdin köməyi ilə məşğul olurdu. Kargərlərdən biri körük basır, digəri isə hilizləyici vəzifəsini daşımaqla gil qəlibləri şirləyir və hazır ərintini qəliblərə tökürdü. Şagird isə kürənin odluğuna müntəzəm surətdə kömür atır və körük basırdı. Misəritmədə qoşa körüklü xüsusi kürə, müxtəlif ölçülü gil qəliblər, ərintini qəliblərə tökmək üçün böyük və kiçik ölçülü çömçə, ərintini təmizləmək üçün uzun dəstəkli ödrəngdən istifadə olunurdu. Misgərxanalarda, adətən, xam və köhnə mis olmaqla, iki cür xammal işlənirdi.
Mis ərintisi tədricən bərkiyib özünü tutmaqla qəlibin formasına müvafiq dairəvi təbəqə şəklinə düşürdü. “Qırs” adlanan həmin ərintilər ölçülərinə görə çeşidlənib qruplara bölünürdü. İşin xüsusiyyətindən asılı olaraq, qırslar mərhələ-mərhələ döyülürdü. Qırs ilk növbədə tapdanıb “girdəbur” adlanan qalın yayma halına salınırdı. Bu prosesdə “misgər”, yaxud “qırsgir” adlanan usta, çəkicvuran (tapunçu), bir nəfər köməkçi, bir nəfər mis isidən, bir nəfər körükbasan iştirak edirdi. Qırsın döyülməsi prosesində tov kürəsi, qiblə zindan, müxtəlif növ çəkic, kəlbətin, qayçı və s. işlənirdi. Bir qayda olaraq, dərin qablar bir neçə hissədən (dib, orta, boğaz, qulp, lülək və s.) ibarət hazırlanandan sonra bir-birinə calaşdırılırdı.
Ənənəvi misgərlik sənətində qalay, qurğuşun və duzdan hazırlanmış “qaraqaynaq”, sink, bürünc və tənəkardan ibarət “misqaynaq” adlanan iki cür lehim işlədilmişdir. Lehimləmə əməliyyatından sonra mis məmulatının bir qismi çarxa verilərək onların səthində qalan çəkic izləri itirilib hamarlanırdı. Mis məmulatının bu qrupu “çarxı” qab, çarxa verilməyən qablar isə “qaratapdaq” adlanırdı. Bəzi qablar “həkkak” və ya “yazıçı” adlanan naqqaşlar tərəfindən naxışlanırdı. Həm xara, həm də izafə qablar paxır verməsin deyə, qalaylanırdı. Qalaylama əməliyyatına təkcə təzə hazırlanmış mis məmulatı deyil, paxırı üzə çıxmış köhnə qablar da məruz qalırdı.
Ənənəvi mis məmulatı arasında xörək bişirilən mətbəx qabları, süfrə qabları, su və ağartı qabları başlıca yer tuturdu. Xörək bişirilən qabların qazan, tava, sapılca, tiyan, kəfgir, aşsüzən, teşt və s. olmaqda müxtəlif tipoloji növləri hazırlanırdı. Bunların hər birisinin də qulplu, qulpsuz, dəstəkli olmaqla müxtəlif çeşidli bir sıra növləri düzəldilirdi. Misgər dükanlarında süfrə qablarının çoxsaylı tipoloji növləri, habelə forma və ölçü etibarı ilə fərqlənən çeşidləri hazırlanırdı. Bunların arasında qablama, badya, xeyrə, sini, məcməyi, cam, piyalə, nimçə, sahan, dəhmərdan, sərpuş və s. mühüm yer tuturdu. Misgərxanalarda su və ağartı qablarının da çox geniş tipoloji növləri: səhəng, güyüm, aftafa, ləyən, fəşir, satıl, sərnic, tas (hamam tası), dolça, tayqulp, gülabdan, abgərdən və s. hazırlanırdı. Su qabları arasında xüsusilə aftafaların müxtəlif növləri düzəldilirdi.
Eneolit dövrü abidələrindən aşkar edilən metal məmulatı qalıqları göstərir ki, Azərbaycanın qədim əhalisinin mənimsədiyi ilk metallardan biri mis olmuşdur. Kiçik Qafqaz ərazisində Gədəbəy, Balakən, Zəylik, Çovdar və Daşkəsən ətrafındakı mis filizi yataqlarında qədim mədən izləri, Yuxarı Daşkəsən, Quşçu, Bayan, Dəstəfur, Alabaşlı kəndləri yaxınlığında isə metaləritmə kürələrinin qalıqları aşkar olunmuşdur.
Orta əsr feodal məişətinin artan tələbləri ilə əlaqədar, qədim misgərlik ənənələri daha da inkişaf etmişdir. Bu dövrdə mis məmulatı istehsalı, başlıca olaraq, sənət və ticarət mərkəzlərinə çevrilmiş feodal şəhərlərində cəmləşmişdi. Orta əsrlərdə Təbriz, Ərdəbil, Marağa, Səlmas, Bərdə, Beyləqan, Dərbənd, Şamaxı, Şəki, Gəncə, Bakı, Naxçıvan, Quba və Şuşa şəhərləri mis məmulatı istehsalının başlıca mərkəzlərinə çevrilmişlər. Azərbaycanın mis məmulatı istehsalında Lahıc kəndi xüsusi yer tuturdu. XIX əsrdə Lahıcda 52 misgər dükanı olmuşdur. XIX əsrin sonu və XX əsrin əvvəllərində Gəncə, Şuşa, Bakıda mis qab istehsal edən müəssisələrin sayı artmışdı.
-
Lahıc misgərliyi
Telman İbrahimov
-
Azərbaycan süfrəsinin mis qabları
Gülzadə Abdulova
2013
- Tərtibçi və biblioqrafiya