AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qəlibkarlıq (basmaqəlib) peşəsi

Nümunənin reyestr kodu : DA0104000050

Zinət istehsalı sahəsində orta əsrlərdən başlanan sənətdaxili ixtisaslaşma XIX əsrdə də davam etmişdir. Bunun sayəsində zinət istehsalı zərgərlik, gümüşbəndlik və cəvahirsazlıq olmaqla, müxtəlif ixtisas sahələrinə ayrılmışdır. Hətta zərgərlər arasında minasaz, şəbəkəçi (toplamaçı), qəlibkar və aynalama məmulatı hazırlayan rəngkar ustaların işi texnoloji cəhətdən bir-birindən fərqlənirdi.

Zərgərliyin ən qədim və bəsit üsullarından biri qəlibkarlıq olmuşdur. Azərbaycanın müxtəlif etnoqrafik bölgələrindəki məhəlli zərgərlik mərkəzlərində bu üsul “basma”, “basmaqəlib”, “çaxma” və ya “çaxmaqəlib” adı ilə geniş yayılmışdı. Qəlibkarlıq məmulatının naxış-bəzək ünsürləri, adətən, qabarıq formaya malik olması ilə səciyyələnir. Zinət üzərində qabarıq naxış ünsürləri, bir qayda olaraq, qəlib və sümbə vasitəsilə düzəldilirdi. Qəlibkarlıq naxışları sümbə və ya sərsümbədə qabarıq, çaxma qəliblərdə isə çökək forma kəsb etdiyindən iş prosesində bunların hər ikisindən əlaqəli şəkildə istifadə edilirdi. Qəlibkarlıq məmulatlarını hazırlamaq üçün ilk növbədə müxtəlif naxış çeşnilərinə malik qəliblər düzəldilirdi. Bunun üçün əvvəlcə yumşaq materialdan (mum, gil, gəc) qəlibin modeli hazırlanır, sonra onun üzərində müvafiq naxış ünsürləri (badam, buta, arpa, qönçə, çiçək, ləçək, gül, həndəsi fiqurlar və s.) işlənərək dekorativ şəklə salınır, daha sonra tökmə yolu ilə ondan bürünc qəlib əldə edilirdi.

Xüsusilə gümüşkarlıq sənətində geniş tətbiq olunan bu tip qəliblər, bir qayda olaraq, bürüncdən tökülürdü. Zinətin bəzək ünsürlərinin təkrarına yol verməmək və onun bədii tərtibatına xələl gətirən yeknəsəkliyi aradan qaldırmaq üçün, bir qayda olaraq, məmulatın ümumi kompozisiyası müəyyən qədər dəyişdirilir, yaxud ona bəndləyici nəqş ünsürləri əlavə edilirdi. Çaxmaqəlib üsulunun meydana gəlməsi texniki baxımdan mütərəqqi hal olmaqla, zərgərlik sənətinin inkişafında mühüm rol oynamışdır. Əmək məhsuldarlığının artmasına imkan verən bu üsulun tətbiqi sayəsində zərgər böyük diqqət və məharət tələb edən mürəkkəb əməliyyatları nisbətən qısa müddətdə görməklə yüksək keyfiyyətli məhsul istehsal edirdi.

Qəlibkarlıq məmulatının istehsalı qızıl və ya gümüşün təbəqə halına salınmasından başlanırdı. Bundan sonra müvafiq qəlib vasitəsilə bəzək ünsürü metal lövhə üzərinə köçürülürdü. Bunun üçün də əvvəlcə hər bir məmulat növünün texniki tələblərinə müvafiq qatışıq ərinti hazırlanırdı. Ərinti hazırlamaq üçün metal qatışığı müəyyən nisbətdə doğranıb “buta” adlanan odadavamlı xüsusi qaba yığılır və körüklü kürə vasitəsilə qızdırılırdı. Ərintinin yaxşı qatışmasını təmin etmək üçün, bir qayda olaraq, onun üzərinə bura əlavə olunurdu. Ərinti yetişib hazır olanda müvafiq formalı qəliblərə tökülürdü. Ərinti zindan üzərində döymə yolu ilə tapdanıb nazik vərəq halına salınırdı. Bir qayda olaraq qızıl isti, gümüş isə həm isti, həm də soyuq döymə üsulları ilə tapdanıb yaymalanırdı. Bu və ya digər zinətin dekorativ bəzək ünsürlərini əldə etmək üçün əvvəlcə tələb olunan bəzək çeşnisi müvafiq qəlibdən metal lövhəcik üzərinə köçürülürdü. Bu məqsədlə qızıl və ya gümüş lövhə müvafiq qəlib üzərinə qoyulub üstünə eyni ölçüdə qurğuşun təbəqəsi çəkilirdi. Zərgər çəkici ilə yumşaq qurğuşun kütləsinin üzərinə döyəclədikcə metal lövhə qəlibin çökək nəqşinə çökürdü. Beləliklə, qəlib üzərindəki çökək nəqş və ya rəsmin qabarıq əksi qızıl, yaxud gümüş lövhə üzərinə köçürülürdü. Bundan sonra “pəstaha”nın saya hissəsi kəsilib nəqşdən ayrılırdı. “Zinət ülgüsünün biçilməsi” adlanan bu əməliyyat başa çatandan sonra məmulatın bəndləyici ünsürləri hazırlanırdı. Bundan sonra zinət ülgüsü taraşlanaraq daha da dəqiqləşdirilirdi. Bu işlər polad qələm, biz, bıçaq kimi zərif zərgərlik alətlərinin köməyi ilə görülürdü. Zinətin bəzək dekorunun daha da gücləndirilməsinə xidmət edən bütün bu işlər başa çatdırılandan sonra məmulatın ümumi kompozisiyasını əmələ gətirən hissələr lehimləmə yolu ilə bir-birinə bəndlənirdi.

Basmaqəlib məmulatı qismən ucuz zinət növü sayıldığından gündəlik geyim və məişətdə daha çox işlənirdi. Təsəkqabağı, cütqabağı, qoza düymə, kəmər (sal toqqa), vəznə, qələmqabı, tənbəkiqabı, qoşqu və minik ləvazimatına vurulan metal bəzəklər bu qəbildən idi. Bununla yanaşı, silsilə, çəçik, xirtdəklik, qarabatdaq, qolbağı, sırğa (tana) və s. kimi kütləvi səciyyə daşıyan qadın zinətləri də çox vaxt bu üsul ilə hazırlanırdı.

Qəlibkarlıq texnikasının bir çox ünsürləri zərgərliyin hələ müstəqil sənət növü kimi inkişaf etməsindən çox əvvəllər meydana gəlmişdi. Metal məmulatının zahiri görkəminin müəyyənləşməsində tökmə qəliblərin forma və nəqş ünsürlərinin həlledici rol oynadığı Tunc dövrü sənətkarlarına məlum idi. Dərin tarixi kökləri olan bu əməli vərdişlər sonralar zərgərlik sənətində qəlibkarlıq üsulunun formalaşmasında mühüm rol oynamışdır.