AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qələmkar

Nümunənin reyestr kodu : DA0104000064

Qədimdən Azərbaycanda xam bezdən bəsit boyama, qələmkarlıq və ya basma-naxış üsulu ilə müxtəlif növ pambıq parçalar hazırlanırdı. Ənənəvi nəqqaşlıq sənətinin mühüm sahələrindən biri olan qələmkarlıq peşəsinin özünəməxsus istehsal texnologiyası yaranmışdır. Qələmkar məmulatının bəzədilib hazırlanması nisbətən mürəkkəb texnoloji proses olub spesefik iş üsulu və müəyyən qədər peşə səriştəsinə malik ixtisaslı usta əməyi tələb edirdi. Ona görə də qələmkar parça məmulatının istehsalı kütləvi səciyyə ala bilməmiş, ixtisaslaşmış qələmkar dükanlarında cəmləşmişdi.

Qələmkarlıq məmulatı çox vaxt “ədədi” qaydada toxunur, sonra müxtəlif naxış motivləri ilə bəzədilirdi. Bəzən isə arşınnüma toxunmuş pambıq parçaları (ağ, bez, mitqal) satın alan qələmkar usta onu müvafiq ölçüdə kəsib “kargah” adlanan çərçivəyə çəkir və üzərinə qatı boya ilə lazımi naxışlar salırdı. Bir qayda olaraq, qələmkar boyası məmulat üzərinə yaxılmazdan əvvəl parça (bez və ya mitqal) əhəng və qəlyədaşı qatışığından hazırlanmış xüsusi qələvi məhlulda bişirilib ağardılır və toxumaları sıxlaşdırılırdı. Bunun üçün xam bez və ya mitqal əvvəlcə soyuq suda yuyulub çirkdən təmizlənir, sonra əhəngqarışıq qəlyədaşı məhlulunda qaynadılırdı. Parçanın ağarıb “bişdiyi” bəlli olandan sonra onu sərib qurudur və kargaha çəkib üzərində qarğı qələm vasitəsi ilə müvafiq nəqş-bəzək əməliyyatı aparılırdı.

Qələmkar boyası, adətən, solmayan təbii boyaq bitkilərindən, həm də rəngaba nisbətən qatı hazırlanırdı. Bunun sayəsində boyanın rəngi parçanın astar üzünə keçmirdi. Tələb olunan naxış motivinin mühit xətlərinə müvafiq olaraq, qatı boya xüsusi qələm vasitəsilə məmulat üzərinə yaxılırdı.

Qarğıdan düzəldilmiş qələmkar qələminin nazik və enli ucu həm də dilimlənib çərtlənir və fırça halına salınırdı. Nəqş xətlərinin enli və ensiz düşməsi qələmin köməyi ilə təmin edilirdi. Bunun üçün qələmi, nəqşin mühit xətləri üzrə çəp və ya düz çəkmək lazım gəlirdi. Ucu boyağa batırılmış qələmi parça üzərinə çəp vəziyyətdə çəkdikdə nəqş xətləri nazik, düz çəkdikdə isə enli düşürdü.

Qələmkarlıq məmulatlarının hazırlanmasında həm süjetli, həm də ornamental nəqş motivlərindən geniş istifadə olunmuşdur. Bununla belə, süjetli məmulat növləri çox vaxt sifarişlə hazırlandığından onların istehsalı müəyyən qədər məhdud səciyyə daşıyırdı. Bu məmulatların haşiyəsində Qurani-Kərim və Şərq şairlərinin əsərlərindən əxz olunmuş ibrətamiz kəlamlar yazılırdı. Qələmkar ustaların əlində ərəb əlifbasının müxtəlif yazı xətlərinin özü nəqşə çevrilirdi. Süjetli məmulatlardan fərqli olraq, kütləvi səciyyə daşıyan və satış məqsədilə istehsal olunan məmulat növləri, adətən, ornamental naxış nümunələri ilə bəzədilirdi. Bu bəzək nümunələri arasında buta, qönçə, zanbaq, budaq, badam, sərv ağacı və b. bəzək motivlərinə daha çox təsadüf edilirdi. Bəzən isə məmulatın bəzədilməsində həndəsi və astral səciyyəli nəqş ünsürlərindən də istifadə olunurdu. Qələmkar istənilən rəsm və ya nəqşin “rədd” adlanan mühit xətlərini əvvəlcə ütümə yolu ilə ucu qaraldılmış sivri qələm vasitəsilə parça və ya məmulat üzərinə çəkəndən sonra həmin izlərin üzərini boyağa batırılmış yastı uclu qarğı qələmlə boyayıb bəzəkli hala salırdı. Qələmkar usta həm rəssamlıq, həm də nəqqaşlıq əməliyyatlarını müştərək icra etmiş olurdu. Nəqş ünsürünün tələbindən asılı olaraq, qələmkarlıq sənətində ucu müxtəlif ölçüdə yonulmuş qələm növlərindən istifadə olunurdu. Bəzəyin ara doldurmalarını çəkib tamamlamaq üçün ucu yarıqlanmış, yaxud ucuna əski dolanmış xüsusi qələm növündən istifadə olunurdu.

Azərbaycanın ənənəvi pambıq parçaları arasında qələmkarlıq üsulu ilə bəzədilib hazırlanmış məmulatlar xüsusi yer tuturdu. Son orta əsrlərdə Azərbaycanın qələmkar və basma parça istehsalı mərkəzləri arasında Təbriz, Marağa, Naxçıvan xüsusilə fərqlənirdi. Orta əsrlərdə Azərbaycanın qələmkar parça istehsalı mərkəzləri arasında ənənəvi pambıqçılıq mərkəzləri sayılan Təbriz, Mərənd, Marağa, Naxçıvan, Ordubad, Gəncə xüsusilə fərqlənirdi. Övliya Çələbinin yazdığına görə, Naxçıvanın qələmkar parçaları, basma çit süfrələri bütün dünyada məşhur olmuşdur.

XIX əsrin ikinci yarısında Avropa və Rusiyadan fabrik istehsalı olan ucuz pambıq parçaların idxalının güclənməsinədək yerli qələmkar parçalar – qələmkar süfrə, pərdə, canamaz, dəsmal (məhrəba), qapı pərdəsi və s. şəhər və kənd əhalisinin ev məişətində ən zəruri bəzək məmulatı olaraq qalmaqda idi.