AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Kürkçü

Nümunənin reyestr kodu : DA0104000060

Coğrafi-iqlim şəraitindən asılı olaraq kürkçülük ən qədim dövrlərdən yaransa da, dabbaqlıq sənətinin inkişafı ilə əlaqədar bu peşə daha da təkmilləşmişdir. Hər bir dərinin işlənməsi, o cümlədən kürkün hazırlanması fərqli üsullarla həyata keçirilmişdir. Bir sıra hallarda kürkçülüyə dərzilik sənətinin bir sahəsi kimi baxılmışdır. Kürkçü peşəsi dəriişləmə və dərzi sənətinin istehsal üsullarını özündə birləşdirən qədim sənət sahəsidir.

Mövsümi geyimlər arasında kürk qadın və kişi geyimləri kompleksində əhəmiyyətli yer tuturdu. Azərbaycanda kürkün müxtəlif biçim üsulu ilə hazırlanan “kaval kürk” (buna bəzi etnoqrafik bölgələrdə “sallama kürk” və “üzlü kürk” də deyirdilər) və “geyinmə kürk” (“çoban kürkü”) kimi iki tipi geniş yayılmışdı. Əsasən maldar elatların mövsümi geyim tipi olan geyinmə kürk 4-5 qaba aşılanmış qoyun dərisindən kustar üsulla hazırlanır, tikişləri kobud olur, üzərində heç bir bəzək-naxış elementi olmurdu. Çox zaman belə kürklər əhalinin özü tərəfindən biçilib-tikilirdi. Kaval kürk yüksək keyfiyyətlə zərif aşılanmış 9-10 qoyun dərisindən yunu içəri olmaqla biçilib-tikilir, dekorativ bəzək səciyyəsi daşıyan qolları və ətəyi topuğa qədər uzun olurdu. Qolları bütöv (yalançı) olduğundan, onu çiyinə salmaqla geyirdilər. Kaval (sallama) kürk varlı zümrələrin və şəhər əhalisinin geyim dəstinə daxil idi. Belə kürkdən zəvvar və çarvadarlar səfər zamanı yatacaq kimi də istifadə edirdilər. Ölçüsündən asılı olaraq, geymə kürkün tikilməsinə 4-5, kaval kürkə isə 9-10 dəri sərf olunurdu. Kürkü bilavasitə usta özü biçir, kargər və şagird isə onun tikilməsində iştirak edirdi.

Kürklük dərinin aşılama texnologiyası spesifik xüsusiyyət kəsb edirdi. Əvvəlcə tüklü dərilər iri çənə tökülmüş şorabaya salınıb bir müddət əllənirdi, ertəsi gün şorabadan çıxarılıb bir-bir lət üzünə kəpək səpilirdi. Bu məqsədlə dərinin lət üzünə qalın kəpək səpib kənarlarını içəri qatlayandan sonra onları burub yenidən şoraba çəninə salırdılar. Bu əməliyyat günaşırı təkrar olunmaqla, xəz dəri yarım ay şorabada qalırdı. Aşın təsiri malın məğzinə tamam keçəndən sonra çəndən çıxarılır və suyu süzülmək üçün süzgəc taxtası üzərinə yığılırdı. Ertəsi gün dərilərin avand üzü su ilə yuyulub təmizlənirdi. Əvvəlcə dərinin astarı, sonra isə avand üzü sərilib qurudulurdu. Bu qayda ilə hər dəfə 15 ədəd qoyun dərisi aşılanırdı.

XIX əsrdə Qarabağın, eləcə də Bakı, Gəncəbasar, Şirvan, Şəki bölgələri əhalisinin varlı zümrələrinin bayramlıq geyim dəstində nadir hallarda xəzdən tikilmiş kürkə də təsadüf edilirdi. “Xəz-əzəmi” adlanan belə kürk tipi tarixən digər türk xalqlarında da istifadə olunmuşdur.

Orta əsrlərdə kürk hətta yüksək rütbəli şəxslər tərəfindən hörmət rəmzi kimi hədiyyə verilirdi. Molla Pənah Vaqif dostlarından birinə yazdığı mənzum məktubunda Şirvan hakiminin hədiyyə olaraq ona bir kürk göndərdiyindən bəhs etmişdir.

XIX srdə Naxçıvan diyarında gön və dəriişləmə inkişaf etmiş, burada papaqçılar, kürkçülər fəaliyyət göstərirdilər. Bununla belə Azərbaycanda kürk istehsalı kustar sənət və xırda əmtəə istehsalı səviyyəsindən yüksəyə qalxmamışdır.

Xalq arasında kaval (sallama) kürk daha çox “Xorasan kürkü” adı ilə məlum idi. Onu Xorasana, Məşhədə, Ərdəbilə, Kərbəlaya gedən zəvvarlar gətirirdilər. Bundan başqa, belə kürkü Ön Asiyadan gətirilən zərif aşılanmış dəridən yerli sənət mərkəzlərində (Gəncə, Şuşa, Şamaxı, Bakı, Naxçıvan) sifarişlə işləyən usta-kürkçülər də hazırlayırdılar. Bir qayda olaraq, kürkün üzünü onu geyənin yaş mənsubiyyətinə uyğun olaraq qırmızı, sarı, qara, qızılı, qəhvəyi rənglərlə boyayır və əlvan rəngli ipək saplarla naxışlayırdılar. Kürk uzun zaman istifadəyə yararlı olduğundan, onu qiymətli hədiyyə kimi əziz qonağa, hörmətli şəxslərə bağışlayırdılar. Kürk həm də miras kimi atadan oğula qalırdı.