Xəzaşılama peşəsi
Nümunənin reyestr kodu : DA0104000057
Azərbaycanın ənənəvi dabbaq məmulatı gön, sağrı, ətvi, tumac, müşkü (kosala), kosala və xəz-dəridən ibarət olmuşdur. Bunların hazırlanması ilə dabbağ, sağrıcərd, kürkçü və papaqçılar məşğul olurdular. Dabbaqlıq sənəti ilə sıx bağlı olan xəzaşılama zaman keçdikcə ayrıca bir peşə sahəsi kimi ortaya çıxmış, geyim zövqlərinin inkişafında xüsusi rol oynamış, müəyyən dərəcədə dərzi peşəsinin istehsal xüsusiyyətlərini mənimsəmişdir. Xəzaşılama məhsulları əsasən Azərbaycanın kişi və qadın geyim komplekslərinin zənginləşdirilməsi üçün istifadə olunmuşdur.
Azərbaycan qadınlarının mövsümi səciyyəli üst geyim tiplərindən biri kürdü idi. Qadınlar tünd sarı rəngli dəridən hazırlanmış və üzəri eyni rəng ipək sapla naxışlanmış Xorasan kürdüsünə böyük üstünlük verirdilər. Onu məxmər, ay-ulduz, bafta, tirmə və b. parçalardan tikir, bəzən də yaxşı aşılanmış dəridən, xəzi içəriyə olmaqla hazırlayırdılar. Parçadan qolsuz və ya yarımqol tikilən kürdünün ətəyinə, çapıq (peş) yerinə, yaxa və qol kəsiklərinin ətrafına xəz qoyularaq sırınırdı. Xəzin ətrafı isə baftaya tutulurdu. Kürdü bədənə kip yapışır, qolsuz tikilir, xəz və baftadan, eləcə də sərmə və şahpəsənddən başqa bəzəyi olmur, yaxası çarpaz bağlanırdı. Kürdüdən başqa, çəpkən, tirmə kimi geyimlər, eləcə də bəzi papaq növləri xəzə tutulardı.
Azərbaycanda xəzçilik tarixən yerli qoyun və quzu dərisinin, qismən də kənardan gətirilmə qıvrım tüklü sür dərilərin aşılanması hesabına inkişaf etmişdi. Bəzən ov heyvanlarının xəz dərisi də aşılanırdı. Xəz dərili vəhşi heyvanları ovçular xüsusi vasitələrdən, tələlərdən (dərisinin zədələnməməsi üçün) istifadə etməklə tuturdular. Azərbaycanda bataqlıq qunduzu, ağ dovşan, qunduz, samur və s. vəhşi heyvanların dəriləri xəzaşılamada istifadə olunmuş, geyimləri bəzəmişdir.
Kürk, papaq və s. dəri geyimlər üçün xəz dərinin aşılanmasında çən, hərəmi, doğanaq (pazana), töyrə, cəfa, asma ağacı, süzgəc, taxta, bardaqdan istifadə olunurdu. Kürkün, papağın biçilib tikilməsində qayçı və iynə işlənirdi.Yuyulub təmizlənmış dərilərin astar üzü əvvəlcə korş bıçaq və ya dəryaz parçası ilə qaşınırdı. Dəri lətdən təmizləndikcə hərəmi vasitəsilə daranıb tükü səliqəyə salınırdı.
Tüklü dərilərin aşılanmasında istifadə olunan istehsal alətləri doğanaq, bıçaq və çəngəldən ibarət idi. İstehsal ləvazimatına tiyan, küp və iri çənlər daxil idi. Tüklü dərilərin aşılanması işi ilə, bir qayda olaraq, papaqçı və kürkçülər məşğul olurdular. Qıvrım tüklü dərilərin (Buxara, Şiraz, Krım dərilərinin) aşılanması texnoloji baxımdan yerli qoyun dərisinin aşılanmasından fərqlənirdi. Xəz dəriləri, adətən, mazı və ya sarağan ilə boyayırdılar.
Qədim insanlar dərini mexaniki üsullarla (qaşıma, sıyırma, hamarlama, döyəcləmə, ütmə, piyləyib yumşaltma və s.) işləməklə kifayətlənməyib, onun bəsit aşılama texnikasına da müəyyən qədər yiyələnmişlər. Azərbaycanda geniş yayılmış dabbaqlıq, papaqçılıq, başmaqçılıq, kürkçülük, sərraclıq, xəzaşılama kimi sənət sahələri bütün Cənubi Qafqazda şöhrətlənmişdir. Ev peşəsi sahəsi kimi dəriişləmə (dəriçilik) hələ miladdan əvvəl V-IV minilliklərdən mövcud olmuşdur ki, bunu da arxeoloji qazıntılardan əldə edilmiş əmək alətləri təsdiqləyir.
Müxtəlif tarixi mənbələrdə qədim dövrlərdən bəri xəzaşılama sənətinin inkişaf etdiyi, insanların geyim zövqünün təmin olunmasında mühüm əhəmiyyət daşıdığı təsdiqlənir. Venesiyalı diplomat, səyyah Ambrozio Kontarini (XV əsr) yazır ki, tacirlər Dərbənddən Həştərxana düyü və sair aparıb orada xəz və başqa mallarla dəyişdirirdilər.
XVI-XVIII əsrlərin qadın geyim dəsti içərisində, əvvəlki əsrlərdə olduği kimu, alt və üst köynəyi (qaftan), dizlik, tuman, arxalıq, çuxa, cübbə, çəpkən, balaqları dizə və ya dabana qədər çatan şalvar, xəz bürüncək əsas yer tutmuşdur. XVIII əsrdə qadınlar ilin soyuq aylarında üstdən əyinlərinə uzun qolu gödək “çəpkən”, topuqlarına qədər uzanan “arxalıq”, qolsuz, boynu, ətəkləri və qol yerləri xəzdən tikilmiş “kürdü” və “küləcə” adlı paltar geyirdilər. Şamaxıda varlı qadınların geydiyi ləbbadənin qollarına çox vaxt xəz haşiyə tikilir, yan çapığın genişliyini təmin etmək üçün onun kənarına üçbucaq formalı parça kəsib çıxıntı əlavə edilərdi.
-
Qarabağ geyimləri
F.Vəliyev, G.Abdulova
2016
-
Dabbağlıq
Arif Mustafayev
2007
- Tərtibçi və biblioqrafiya