Həsirçilik
Nümunənin reyestr kodu : DA0104000003
Azərbaycanda ənənəvi sənətkarlığının mühüm bir qolunu toxuculuq sənəti təşkil edir. Toxuculuğun ilkin sənət sahəsi kimi meydana gəlməsini şərtləndirən başlıca amil münbit təbii şəraitlə əlaqədar Azərbaycanda lifli bitkilərin geniş yayılması olmuşdur. Xammal məmulatı və məişət xüsusiyyətlərinin müxtəlifliyi toxuculuğun özünəməxsus ənənələri və əmək vərdişləri ilə seçilən, müəyyən etnoqrafik bölgələr və sənətkarlıq mərkəzləri üçün xarakterik sahələrinin yaranmasına səbəb olmuşdur. Beləliklə, Azərbaycanda toxuculuq sənətinin kətançılıq, həsirçilik, şalbaflıq, şərbaflıq, xalçaçılıq kimi ənənəvi sahələri meydana gəlmişdir.
Azərbaycanda həsirçilik sənətinin qədim ənənələri vardır. XIX-XX əsrin əvvəllərində bu sənət sahəsi, başlıca olaraq Lənkəran-Astara etnoqrafik bölgəsi üçün xarakterik olmuşdur. XIX əsrin sonlarında Lənkəran qəzasının iqtisadi məişətini öyrənmiş rus müəllifi D.Kistenyevin, XX əsrin 30-cu illərində burada olmuş Q.Çursinin əsərlərində sənətkarlığın bir çox sahələri ilə yanaşı, həsirçilik sənəti haqqında da məlumatlara rast gəlinir. Həmin məlumatlardan aydın olur ki, bu sənət sahəsi bölgənin, əsasən, düzənlik əhalisinin məişətində geniş yayılmışdır ki, bunun başlıca səbəbi düzənlikdə bataqlıq bitkilərinin zənginliyi ilə əlaqədar olmuşdur.
Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) Etnoqrafiya fondunda qorunan müvafiq materiallar göstərir ki, xalqımız istər iqtisadi, istərsə ailə-məişət təyinatlı ən müxtəlif forma və üslublarda həsirçilik sənəti nümunələrini məişət zərurəti kimi yaratmışdır. Azərbaycanın Cənub bölgəsində vaxtilə gəlin köçürən qıza cehiz olaraq həsirin verilməsi göstərir ki, keçmişdə xalçası, palazı olmayan ailələr həsirə ilk növbədə vacib ev avadanlığı kimi baxmışlar.
Həsirçilik bir sənət sahəsi kimi özündə həsir hörmə, səbət toxuma və bir çox başqa toxuma məmulatlarının hazırlanması işini birləşdirir. Həsirlər bir qayda olaraq bataqlıq yerlərdə bitən və “cil”, “pizə/puzə” adlanan bitkilərdən toxunmuşdur. Məhz buna görə də toxunduğu bitki növlərinə uyğun olaraq, həsirlərin “cil həsir”, “lığ həsir”, eləcə də, pizələrin irili-xırdalı olmasına görə, iri pizəli həsir və xırda pizəli həsir növləri mövcud olmuşdur.
Həsirlər və həsir məmulatları təkcə materialına görə deyil, həm də məişətdə istifadə edilməsindən asılı olaraq ayrı-ayrı növlərə bölünür. Belə ki, döşəməyə salmaq, divara sarımaq, taxıl, çəltik, meyvə kimi məhsulları saxlamaq və daşımaq üçün həsir və müxtəlif növ hörmə səbətlər hazırlanmışdır.
Həsirdən olan hörmə səbətlər ərzaq məhsullarının daşınması, həsir qablar isə, bir qayda olaraq, onların saxlanmasında istifadə edilmişdir. Etnoqrafiya fondunun materialları həsir səbət və qabların da müxtəlif çeşidlərdə hazırlandığını deməyə əsas verir. “Lığ zənbil” adlanan səbətlər, adından göründüyü kimi, lığdan dairəvi formada və iki qulplu, həsir qablar isə adətən “xırda pizə”dən toxunardı. Bununla yanaşı, fondda qorunan lığdan dairəvi formada hazırlanmış həsir tərəzilər və yenə də lığdan olan asma cibənd nümunələri həsirçilik sənətinin xalqımızın iqtisadi və ailə məişətində əhəmiyyətli rol oynadığını sübut edir.
Həsirlərin toxunması üçün dəzgahlar şaquli və üfüqi olmaqla iki tipdə mövcud olmuşdur. Lakin onun toxunma texnologiyası, əsasən, fərqlənməmiş, hər iki dəzgahın “si” adlanan döyəc taxtası ilə toxuma prosesi həyata keçirilçişdir.
Beləliklə, həsirçilik tarixi inkişafın müxtəlif mərhələlərində əhalinin məşğuliyyətinin əsas və ayrılmaz sahələrindən biri olmuşdur. Ağır zəhmət tələb edən sənət sahəsi olmasına baxmayaraq, bu gün də həsir məmulatlarına maraq itməmişdir. MATM-ın Etnoqrafiya fondunda qorunan və çöl-etnoqrafik materiallarına əsasən demək olar ki, əsrlərdən bəri davam etdirilən həsirçilik sənəti Azərbaycan xalqının həyatında çox mühüm yer tutmuş, istər keçmişdə, istərsə də müasir dövrdə əhalinin məişətində öz əhəmiyyətini qoruyub saxlamışdır.