AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Culfa

Nümunənin reyestr kodu : DA0104000030

Toxuculuqda xüsusi yeri olan culfaçılıq Azərbaycanda pambıq parça (bez, cecim və s.) toxuculuğu ilə bağlı ənənəvi peşədir. Culfaçı bez istehsalı ilə məşğul olduğundan “bəzzaz” kimi də tanınmışdır.

Azərbaycanın ənənəvi pambıq parçalarının ən geniş yayılmış növü olan bezi hər bir ailədə evdar qadınlar yer hanası, yaxud culfa dəzgahında toxuyub ailənin daxili istehlakına sərf edirdi. Bundan əlavə, bez həm də şəhərlərdə cəmləşmiş xüsusi karxanalarda “bəzzaz” adlanan peşəkar ustalar tərəfindən toxunurdu. Karxana bezi mütəhərrik culfa dəzgahında toxunduğundan keyfiyyət etibarı ilə yer hanasında toxunan ev bezindən üstün tutulurdu.

XIX əsrdə pambıq parça, xüsusilə, onun qalın növü olan bez istehsalı Azərbaycanın hər yerində – həm şəhər karxanalarında, həm də kəndlərdə geniş yayılmışdı. Əksər bölgələrdə bezi qadınlar bəsit yer hanasında toxuyurdular. Bundan fərqli olaraq, bəzzazlığın inkişaf etdiyi bir sıra bölgələrdə bez xüsusi culfa dəzgahında, “bəzzaz” və ya “culfa” adlanan peşəkar kişi toxucular tərəfindən toxunurdu.

Şal məmulatının müxtəlif növləri hazırlanma üsuluna (təpmə şal, cecim), texniki keyfiyyətinə (yer şalı, Culfa şalı), xammal növünə (dəvəyunu şalı, keciqarışıq şal, güzəm şalı), habelə istehsal mərkəzlərinə (ləzgi şalı, Əlvənd şalı, Xınalıq şalı) görə də bir-birindən seçilirdi. “Yer şalı” quzu güzəmi, yaxud keci qarışığı olan yundan, “culfa şalı” qoyun yunundan toxunurdu.

Ənənəvi olaraq culfa dəzgahında ağ və qara rənglərdə olmaqla, iki cür bez toxunurdu. Ağ bezin hər bir tikəsinin uzunu 12 arşın, eni 1,25 arşın, qara bezin isə uzunu 10 arşın, eni 3/4 arşın olurdu. Burada hər birinin uzunu 8 arşına çatan yorğan üzü də toxunurdu. Culfa dəzgahının hər birində 2 nəfər işləməklə, gün ərzində 3 ədəd bez və ya yorğan üzü toxumaq olurdu. Şəhər karxanalarındakı culfa dəzgahları mütəhərrik quruluşa, yəni təpkən vasitəsilə hərəkətə gətirilən nirə-şana sisteminə malik olmuşdur.

Karxana bezi mütəhərrik culfa dəzgahında toxunduğundan keyfiyyət etibarı ilə yer hanasında toxunan ev bezindən üstün tutulurdu. Bez toxumaq üçün pambıq, ilk növbədə əl ilə, yaxud “cıyrıq” adlanan xüsusi çiyid çıxaran alət vasitəsilə çiyiddən təmizlənib mahlıc halına salınırdı. Bundan sonra əl iyi və ya cəhrə vasitəsilə mahlıcdan sap və ya iplik əyirilirdi. Çox vaxt sap öz təbii rəngində, bəzən isə qara, qırmızı və ya göy rəngə boyanılandan sonra toxunurdu. “Arşınnüma” qaydada toxunan bezin hər topu çox vaxt 8 və ya 10 arşın, bəzən isə 12 arşına çatırdı. Bezin eni, adətən, 1 arşın, yaxud ondan 1 çərək az və ya çox toxunurdu. Bez mahlıcın öz təbii rəngində toxunduqda o, əhəng və qəlyədaşı məhlulu vasitəsilə bir daha ağardılırdı. Ağartma əməliyyatı bezin keyfiyyətinə və zahiri görkəminə təsir göstərməklə yanaşı, həm də boyanan zaman rəngi yaxşı götürməsinə kömək edirdi. Bezin əriş və arğacı bəzən toxunmazdan əvvəl müxtəlif rənglərə boyanırdı. Bu səbəbdən də, boyalı sapdan müxtəlif çeşiddə zolaqlı, yaxud xanəli pambıq parçalar toxunurdu. Buna müvafiq olaraq, zolaqlı toxunmuş bez “təfsilə”, onun xanəli bəzəyə malik olan və ədədi qaydada toxunan növü isə “çadraşan”, yaxud “codana” adlanırdı.

Azərbaycanda şal istehsalı xüsusilə Qazax, Naxçıvan, Zəngəzur, Şuşa, Quba, Şamaxı, Göyçay qəzaları və Zaqatala dairəsində geniş yayılmışdı. Şamaxı qəzası və Zaqatala dairəsi isə təkcə Azərbaycanda deyil, ümumən Cənubi Qafqazda şal istehsalının yüksək inkişaf mərhələsinə çatmış mərkəzləri arasında xüsusi yer tuturdu. Naxçıvan, Culfa, Gəncə, Ordubad və s. şəhərlərdə culfaçılıq kustar sənət və əmtəə istehsalı səviyyəsinə qalxmışdır.

Azərbaycanda tarixən pambıq parça, o cümlədən, bez istehsalının mərkəzi Naxçıvan olmuşdur. Bölgə öz üstünlüyünü uzun müddət qoruyub saxlaya bilmişdir. Orta əsrlərdə Naxçıvandan Hələbə aparılan ticarət mallarının içində culfa məhsulları mühüm yer tuturdu. Çar Rusiyasının işğalının ilk dövründə Naxçıvan şəhərində 40 nəfər bəzzaz işləyirdi. XIX əsrin 30-cu illərində Naxçıvan şəhərində toxucuların sayı 126 nəfər, Ordubadda 145 nəfər culfa işləyirdi. XIX əsrin ikinci yarısında Azərbaycanın digər bölgələrində pambıq parça istehsalı tənəzzülə uğrayıb aradan çıxdığı halda, Naxçıvanda bez toxuculuğu həm kustar sənət, həm də ev peşəsi formasında hələ də davam etməkdə idi. Burada bez toxuculuğu təkcə şəhər və şəhər tipli qəsəbələrdə deyil, həm də kəndlərdə əmtəə istehsalı səciyyəsi daşımaqla satış məqsədi güdmüşdür.

XIX əsrin birinci yarısında pambıq parça, o cümlədən, bez və ağ parça istehsalı Azərbaycanın digər şəhərlərində (Gəncə, Şamaxı, Şuşa, Şəki, Quba, Dərbənd və b.) hələ qalırdı. 1829-cu ilin məlumatına görə, Şuşa şəhərində 80 toxucu dəzgahı olan 28 bez karxanası fəaliyyət göstərirdi. Həmin dövrdə bez, alaca və digər pambıq parça növlərini toxumaq üçün Dərbənd şəhərində 115 culfa dəzgahı fəaliyyət göstərirdi. XIX əsrin 30-cu illərində Şamaxı şəhərində ağ və qara rənglərdə olmaqla, iki cür bez toxunurdu. Şamaxının culfa dəzgahlarının hər birində 2 nəfər işləməklə, gün ərzində 3 ədəd bez və ya yorğan üzü toxumaq olurdu.