AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Bəzzaz

Nümunənin reyestr kodu : DA0104000016

Azərbaycanda ənənəvi parça istehsalında bəzzazlıq peşəsi mühüm yer tutmuşdur. Yerli xammal əsasında inkişaf edən bu sənət sahəsi pambıqçılıq təsərrüfatı ilə üzvi surətdə bağlı olmuşdur. Bəzzazlar xam bezdən bəsit boyama, qələmkarlıq və ya basma-naxış üsulu ilə müxtəlif növ pambıq parçalar hazırlayırdılar. Bez təbii ağ rəngdə toxunandan sonra müxtəlif rənglərə boyadılırdı. Onu qırmızı rəngə boyamaqla “şilə”, tünd göy rəngə boyamaqla “qədək” əldə edilirdi. Bəzzazlar bezin qaba növü sayılan codananı mavi rəngə boyamaqla ondan “çadra” hazırlayırdılar. Codana möhkəm və davamlı olduğundan uzun müddət məişət əhəmiyyətini saxlamış və ucuz fabrik parçalarının rəqabətinə dözmüşdür. Codananın əriş və arğacı toxunmazdan əvvəl bəzən mavi rəngə boyanırdı. Bu halda o, arşınnüma deyil, ədədi qaydada toxunaraq çadra kimi işlənirdi. Bezin əriş və arğacı bəzən müxtəlif rənglərə boyanaraq zolaqlı, yaxud damalı (xanalı) olmaqla müxtəlif çeşiddə toxunurdu. Buna müvafiq olaraq zolaqlı toxunmuş bez “təfsilə”, onun damalı növü isə “çadraşan” adlanırdı. Keçmiş məişətdə təfsilə ən çox yorğan, döşək, mütəkkə, nimdər və s. üçün mitil, yaxud üzlük məqsədilə işlənirdi.

Ənənəvi pambıq parça növləri arasında qələmkarlıq məmulatı xüsusi yer tuturdu. Qələmkar süfrə, pərdə, canamaz, dəsmal və s. yaxın keçmişədək ev məişətinin ən zəruri ləvazimatı sayılırdı. Bunların hazırlanması mürəkkəb texniki iş üsulu və dərin peşə səriştəsinə malik ixtisaslı usta əməyi tələb edirdi. Qələmkar ustalar yaxma naxışları sıx toxunuşlu pambıq parça (bez və ya midqal) üzərində təbii boyaqlarla, ən çox isə bitki mənşəli boyaqlarla işləyirdilər. Parçanın toxumalarını sıxlaşdırmaq məqsədilə əvvəlcə o, əhəng və qəlyədaşı qatışığından hazırlanmış xüsusi məhlulda bişirilirdi. Şamaxı bəzzazları hər 10 top bezin bişirilməsinə bir batman əhəng, yarım batman qəlyədaşı sərf edirdilər.

Orta əsrlərdə Təbriz, Mərənd, Ordubad, Gəncə və başqa şəhərlər Azərbaycanda pambıq parça istehsalının başlıca mərkəzlərinə çevrilmişdi. Övliya Çələbi Marağa əhalisinin bəzzaz və digər toxuculardan ibarət olduğunu xəbər verirdi.

XIX əsrdə Azərbaycanın pambıq parça istehsalında Gəncə, Naxçıvan, Ordubad, Şamaxı və Şuşa xüsusi yer tuturdu. XIX əsrin 30-cu illərində bəzzazlıq təkcə şəhər karxanalarında deyil, ev peşəsi formasında kəndlərdə də qalırdı. Həmin illərdə Qazax distansiyasında xalça, palaz, şal və bu kimi yun məmulatı ilə yanaşı, hər bir ailədə bez toxunurdu. Eləcə də Şirvanın bir sıra kəndlərində pambıqdan tuman, köynək və örpək hazırlamaq məqsədilə bez toxunurdu. Bununla belə, ənənəvi bez istehsalında başlıca yeri şəhər karxanaları tuturdu. XIX əsrin əvvəllərində təkcə Gəncə şəhərindəki 164 nəfər toxucudan, Naxçıvan və Ordubadda 271 nəfər toxucudan çoxu bəzzaz idi. Bez istehsalının mühüm mərkəzlərindən birinə çevrilmiş Gəncə şəhərində müxtəlif çeşiddə pambıq parça toxunurdu, bu şəhərdə 30 bez dəzgahı işləyirdi. Həmin dəzgahlarda il ərzində 2000 top ağ bez, 200 top qırmızı bez (şilə) və 400 topa yaxın calamaya (nazik bez) toxunmuşdur.

Şuşa şəhərində 1829-cu ildə 80 toxucu dəzgahı olan 28 bez karxanası fəaliyyət göstərirdi. İl ərzində burada hər birinin uzunluğu 10 arşın, eni 7 gireh (ölçü vahidi) olan 8000 top bez toxunurdu. XIX əsrin 30-cu illərində Şamaxıda, ağ və qara rəngdə olmaqla, iki cür bez istehsal edilirdi. Dəzgahlarda bezdən əlavə hər birisinin uzunluğu 8 arşına çatan yorğan üzü də toxunurdu. Bəzzaz dəzgahlarının hər birində, iki nəfər işləməklə, gün ərzində 3 ədəd bez və ya yorğanüzü toxunurdu.

XIX əsrdə çit istehsalında kustar üsulla toxunan yerli midqal ilə yanaşı, Avropa və Rusiyadan ixrac edilən manufaktura midqalından da geniş istifadə olunurdu. Kustar çit istehsalı ilə bilavasitə peşəkar boyaqçılar, daha doğrusu, bu sahə üzrə ixtisaslaşmış basma-naxış ustaları məşğul olurdular. Onlar sifariş və ya satınalma yolla əldə edilmiş xam bez, yaxud midqaldan basma-qəlib üsulu ilə əlvan bəzəkli çit hazırlayırdılar. Bu məqsədlə bezin zərif toxunmuş növündən (ağ, nazik ağ, humayın ağı) daha çox istifadə olunurdu.

XIX əsrin ikinci yarısından etibarən yerli qumaşlar, başqa sözlə, pambıq parça istehsalı kənardan gətirilən ucuz fabrik məhsulları tərəfindən tənəzzülə uğramış, bu da bəzzazlıq peşəsinin sıradan çıxmasına səbəb olmuşdur