Bərbər (dəllək)
Nümunənin reyestr kodu : DA0104000069
Azərbaycan xalqının ənənəvi məişətində mühüm yeri olan bərbər və ya dəllək peşəsi geyim və bəzəklərlə, eyni zamanda şəxsi gigiyena ilə sıx bağlıdır. Xarici görünüşə xüsusi diqqət yetirildiyindən bu peşə ilə məşğul olan şəxslərə hörmətlə yanaşılmış, onların təcrübə və ustalıqları qiymətləndirilmişdir. Ərəb dilindən gələn “bərbər” və ya “dəllək” sözləri “saç kəsən”, “üz təraş edən mənasında işlədilir. Hətta bərbər sözünün “bərbəri” xalqı ilə əlaqəli olduğu ehtimalı da irəli sürülür. “Dəllək” sözü ərəbcə “hamamçı” mənasında da işlədilir: “Dəvə dəlləklik eylər, köhnə hamam içində”. Türk dillərində “bərbər”, “dəllək” əvəzində “yolqucu”, “ülgüçü” sözləri işlədilmişdir.
Bərbər peşəsi şifahi xalq yaradıcılığında da əksini tapmış, bərbər haqqında yanıltmaclar indi də unudulmamışdır. Yaxud nağıllarda hökmdarın başını qırxan, üzünü təraş edən bərbərlə bağlı süjetlərə rast gəlinir. Qədimlərdə kiminsə haqqında xəbər öyrənmək, necə insan olduğunu bilmək üçün bərbərdən xəbər alaradılar. İnanardılar ki, bərbər xidmət etdiyi insanın dərdini, azarını, xeyrini, şərini daha yaxından bilir. İş zamanı müştəri ilə söhbət edən bərbər və ya dəllək hər şeydən, hər yerdən xəbərdar olurdu. Hamı öz işinin ustası olan bərbəri yaxşı tanıyırdı. Təsadüfi deyil ki, təcrübəsiz bir adamın hansısa bir işi başqasının üzərində təcrübədən, sınaqdan keçirməsini “dəlləkliyi bizim başımızda öyrənir” məsəli ilə izah etmişlər.
Bərbər və dəllək hər ikisi əsasən sinonim sözlər kimi işlədilsə də, bərbər yalnız saçın kəsilməsi, üzün təraş olunması ilə məşğul olurdu. Bərbər dəriyə də qulluq edərdi. Dəllək isə bu işlərlə yanaşı, sünnət etmək, diş çəkmək işi ilə fərqlənirdi. Bərbərliklə məşğul olan hər usta dəllək işləyə bilməzdi, bu xüsusi təcrübə tələb edirdi. Etnoqrafik məlumatlarda bərbər və ya dəlləyin ara həkimi kimi müəyyən xəstəlikləri müalicə etməsi barədə faktlar da əksini tapır. Dəlləklər hətta sınıqçı kimi fəaliyyət göstərmiş, bəzi xəstəliklər üçün vacib sayılan qanalma əməliyyatını yerinə yetirmişlər.
Bərbərlər iş prosesində ülgüc, ülgücü itiləmək üçün daş və ya bülöv, qayış, güzgü, ləyən, su parçı kimi alət və avadanlıqdan istifadə edirdilər. Bərbər və ya dəlləklər bazarlarda, yaxud hamamların yaxınlığındakı dükanlarda fəaliyyət göstərmiş, sifariş əsasında evlərə də getmişlər.
Azərbaycanda qadın saçına qulluq edilməsi və bəzədilməsini bu işi bacaran qadın və qızlar yerinə yetirmişlər. Gəlinin bəzədilməsi, varlı qadınların saçlarına qulluq olunması ilə “məşşatə” adlanan qadın saç-bəzək ustaları məşğul olmuşlar. “Bəzəkçi” qadınlar maqqaş və səkkizvari ilgək halına salınmış sap vasitəsilə qadının üz-qaşını alıb təmizləyəndən sonra kosmetik boya maddələri ilə bəzəyib yaraşıqlı hala salırdılar. Qadın bəzəklərinin xüsusi bir qrupunu yanağa, qaşa, gözə çəkilən boyalar, yaxud əl-ayaq barmaqlarına yaxılan xına təşkil edirdi. Bir qayda olaraq, vəsmə qaşa, sürmə gözə çəkilir, ənlik, kirşan isə yanaqlara yaxılırdı. Məşşatə saçın hörük, cığa və birçəklərini darayıb səliqəyə salandan sonra gülab, ənbər və digər ətirli mayelər çiləyib qadın saçını rayihələndirərdi.
Saç və saqqal sağlıq və estetik baxımdan mühüm əhəmiyyət daşıdığından onlara şəkil verilməsinə cəmiyyətdə xüsusi diqqət yetirilmiş, burada insanların inancları, ənənələr, dövrün geyim dəbi aparıcı rol oynamışdır. Müsəlman toplumlarında bərbərə və ya dəlləyə mühüm önəm verilməsinin bir səbəbi dini qaydalarla bağlı idi. Müsəlman kişisi üzündə səliqəli, qaydalara uyğun saqqal saxlamalı, saçını uzanmağa qoymamalı idi. İslam qaydalarına uyğun olaraq oğlan uşaqlarının sünnət olunması da tam ciddiyyətlə yerinə yetirilən mərasim idi. Bu əməliyyatı yerinə yetirən dəlləklərin ustalığına xüsusi diqqət yetirilirdi.
Maraqlıdır ki, Azərbaycanın XVIII əsr aşıqlarından biri Dəllək Murad kimi tanınmış, özünün gəraylıları və qoşmaları ilə tanınmışdır. Maraqlıdır ki, müasir dövrdə Azərbaycanın Quba, Masallı, Tovuz, Zəngilan, Yardımlı rayonlarında “Dəlləkli” adlanan kəndlər vardır. Ehtimallardan biri budur ki, məhz həmin yaşayış məskənində dəllək peşəsi ilə məşğul olan usta fəaliyyət göstərdiyindən “dəlləkli”, yəni dəllək olan kənd kimi məşhurlaşmışdır.