Bənna
Nümunənin reyestr kodu : DA0104000015
“Bənna” fars sözü olub, dilimizdə Orta əsrlərdən istifadə edilməyə başlamışdır. Bir sıra türk dillərində olduğu kimi Azərbaycan dilində də “hörgü” sözü kərpici, daşı bir-birinin üstünə qoyub yapışdırmaqla divar ucaltmaq mənasına gəlir. Müasir dövrdə peşə “bənna” adlandırılsa da, bir sıra bölgələrdə işlədilən “hörgüçü” sözü də bu peşəni ifadə edir. Hörgüçü-bənna peşəsinin tarixi oturaq yaşayış məskənlərində dairəvi gil evlərin tikildiyi dövrə gedib çıxır. Dairəvi evləri düzbucaqlı evlər əvəz etdikcə, daha sonra qalaların, kənd və şəhərlərin ortaya çıxması ilə bənna peşəsi daha da inkişaf etmiş, təkmilləşmişdir. Bənna peşəsinin inkişafı Azərbaycanda Aran, Naxçıvan, Abşeron memarlıq məktəblərinin yaranmasına, memarlığın inkişafına gətirib çıxarmışdır.
Azərbaycanın hər bir bölgəsidə bənnaların özlərinə məxsus tikinti üslubları olmuşdur. Məsələn, Aran memarlıq məktəbinin əsas cəhəti çaydaşı ilə kərpicin müəyyən naxış şəklində işlədilməsidir. Bu üsul “Gəncə hörgüsü” kimi tanınırdı. Gəncədə bu hörgü çaydaşının ətrafını çərçivələyən kərpic şəklində özünü göstərir, Şəmkirdə isə kərpic və çaydaşı ilə yanaşı hörgüyə ağ daş da daxil olur, bu ağ daş əsasən hörgünün aşağı hissələrində istifadə olunurdu. Çaydaşı, kərpic və ağ daşın daxil edildiyi hörgü əlvanlığı ilə seçilir.
Aran və Naxçıvan memarlıq məktəblərinin bir-birinə oxşarlığı eyni inşaat materialının, yəni kərpicin tətbiqi ilə əlaqəli idi. Naxçıvan memar-bənnaları hörgüdə fərqli kərpiclərdən müxtəlif inşaat quruluşları tətbiq etmiş, müxtəlif biçimli kərpic, rəngli kaşı və gəc ünsürlərini memarlıq bəzəyinə daxil etmiş, həndəsi ornament quruluşu yaratmışlar. Onlardan fərqli olaraq, Şirvan-Abşeron memarlıq məktəbi əhəng daşı və onun üzərində tətbiq edilən ornamental oymanın birlikdə tətbiqi ilə seçilir. Gözəl yerli daşın diqqətlə yonulması və onun səthinin hamarlanması Şirvan tikililərinin hörgüsünə xüsusi bir görkəm verirdi.
Müxtəlif tipləri yaşayış evlərinin inşasında bənnaların istifadə etdiyi alətlərin növləri rəngarəng, sayı isə xeyli çox idi. Bunlara inşaat materialları hazırlamaq içində istifadə edilən alətlər – bel, kərpic qəlibi, kirəmit qəlibi, daş baltası, daş çəkici, daş kərkisi, dəmir bucaq, ərəkeş, balta, kərki, dəhrə, iskənə, inşaat prosesində tətbiq olunan alətlər – teşə, mala, kəmçə, taraz, şaqul, hörgü ipi, künyə, şümşad, xərək, qalaq, palçıq təknəsi, bıçaq, naçaq, çəkic, dartı, şətə, möhrəkeş və s. aid idi.
Azərbaycanda geniş yayılmış adətə görə, bənna ev inşa ediləcək sahəyə gələrək oranı nəzərdən keçirər, müəyyən hazırlıq işləri apardıqdan sonra evin ölçülərini, otaqların sayını, səmtini müəyyənləşdirib, “xoşbəxt yaşasınlar”, “uğurlu olsun” kimi ürəyəyatan sözlər deyər və bünövrənin sağ küncünə ilk “işarə çiv”ini çalardı. Bu qayda ilə bütün çivlər çalınıb arasına iplər çəkildikdən sonra bənna bünövərinin qazılmasına işarə verərdi. Əli yüngül olan, oruc tutan, namaz qılan, haram işə əl qoymayan, oğullu-qızlı, nəvəli-nəticəli ağsaqqal, xeyir-dua verəndən sonra bünövrə yerinə birinci beli vurar, bundan sonra ustanı və qohum-qonşuları işə dəvət edərdi. Evin tikintisinə başlayanda qurban kəsmək, sədəqə-niyaz paylamaq adəti mövcud olmuşdur. Tikiləcək evlərdə xoşbəxtlik, bolluq və bərəkət rəmzi kimi bünövrəyə metal pul, buğda, çörək və duz qoyardılar. Evin tikintisində qohum-qonşu, dost-tanış və yaxınlar iştirak edərdi.
XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan xalq yaşayış evi fondunu təşkil edən ev tiplərinin təkmilləşdirilmiş formaları xalq arasında “ağ ev”, “otaqlı ev”, “işıqlı ev” və s. adlarla məlum olan eyvanlı evlər idi. Belə evlərin “qolsuz eyvanlı”, “təkqollu eyvanlı” və “qoşaqollu eyvanlı” olmaqla üç müxtəlif forması mövcud idi. Bunlardan qolsuz və qoşaqollu eyvanlı evlər Azərbaycan tikinti mədəniyyətinin mühüm nailiyyəti hesab olunur.
Xalq memarları olan bənnalar Şəkidə Xan sarayı, Şəkixanovların evini, Şuşada Pənah xanın sarayını, Zöhrabbəyovların, Mehmandarovların, Əsəd bəyin və Nətavanın imarətlərini, Naxçıvanda Naxçıvan xanlarının evini, Lənkəranda Tuğra xanımın və İsa bəyin evlərini və s. digər qiymətli abidələri yaratmışlar.
XX əsrin 30-50-ci illərindən başlayaraq həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan xalqının inşaat mədəniyyətinin inkişafı prosesi xeyli sürətlənmişdir. Bənnalar tikinti işlərində yeni-yeni inşaat materiallarından (mişar daşı, mişarlı taxta, şifer, tənəkə-dəmir örtük, yağlı boya, dəmir-beton plitələr, şüşə, sement və s.) geniş istifadə etmişlər.
-
Yaşayış evləri və inşaat texnikası
Fəzail Vəliyev
2007
-
Строительное искусство Азербайджана
К.М.Мамед-заде
1983
- Tərtibçi və biblioqrafiya