AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Balıqçı

Nümunənin reyestr kodu : DA0104000011

Azərbaycanda Xəzər dənizinin cənub-qərb sahili və oraya tökülən Kür və Araz çayları kimi iri və xırda çaylar balıqçılığın inkişafı üçün əlverişli şərait yaratmışdır. Balıqçılıq Azərbaycanda Daş dövründən əhalinin iqtisadi həyatının aparıcı təsərrüfat sahəsi olmuş, lakin sonrakı tarixi minilliklərdə bu sahə aparıcı rolunu itirərək yardımçı təsərrüfat sahəsinə çevrilmişdir.

Qədim zamanlardan balıqçılar ov zamanı müxtəlif alət və vasitələrdən istifadə etmiş, ilk olaraq qır və bulla (çəngəl) balıq tutmuşlar. Bul şiş uclu, iki və yaxud üç dişli dəmir tiyəli alət idi. Onun uzun ağac sapına bəzən ip də bağlayırdılar. Bul ilə balıq ovu axmazlarda, çalalarda və çayların dayaz yerlərində əsasən gündüzlər aparılırdı. Əlində bul olan ovçu balığı görən kimi çox cəld ovu vururdu. Balıqçılar balığı nisbətən uzaq məsafədən vurmaq üçün isə tiyə saplı bulu münasib saymışlar.

Çay balıqları daha sadə üsullarla tutulurdu. Bunun üçün balıqçılar çayların sahil divarlarına bitişik daşdan yarıdəyirmi divar hörürdülər. Balıqların içəriyə girə bilməsi üçün divarda aralıq qoyulur, həmin qapıcıq bir neçə gün açıq qalırdı. Ov zamanı isə qapı daş və ya şaxla bağlanır, içəridəki balıqlar əl ilə tutulurdu. Adətən, belə divarlar çayların dayaz yerlərində tikilirdi. Balıqçılar çayların nisbətən dərin yerlərində balıq tutmaq üçün çubuq səbətlər qoyurdular. Səbətlərin ağzı elə düzəldilirdi ki, içəriyə girən balıq oradan çıxa bilmirdi.

Balıqçılar qırmaqla balıq ovunu müxtəlif üsullarla aparırdılar. Bunun üçün nisbətən yoğun tiyəyə bir neçə yerdən iki-üç metr uzunluğunda və uclarında qırmaq olan ip bağlanırdı. Qırmaqlara ət, soxulcan və s. keçirilirdi. Həmin tiyə iki-üç yerdən ağac mıxlara bağlanırdı. Mıxlar isə çayın və ya dənizin dibinə vurularaq bərkidilirdi. Balıqçılar qırmaqlı tiyəni hər gün yoxlayar və qırmağa düşmüş balıqları götürərdilər. Daha xırda balıqları tutmaq üçün qoyulan qırmaqlı tiyə nisbətən qısa, ona bağlanan iplər sıx, qırmaqlar isə kiçik olardı. Belə qırmaqlı tiyəyə “şalqırmaq” deyilərdi. Xəzərin sahil boyunda və çaylarda balıq ovçuları arasında qırmaqla balıq tutmaq daha geniş yayılmışdı.

Balıqçılar XX əsrin əvvəllərində göl və axmazlarda, çayların dərin yerlərində balıq tutmaq üçün venter adlanan qoyma tordan daha çox istifadə edirdilər. Formaca konusvari olan venterə iki və ya üç yerdən çənbər keçirilərdi. Venter elə düzəldilərdi ki, içəriyə girən balıq daha oradan çıxa bilməzdi. Venterlə balıq ovu gecələr aparılardı. Balıq torları əsasən pambıq, çətənə (kəndir) və ipək ipindən toxunardı. Balıq ovunda üzmə torlar da geniş yayılmışdır ki, bunların ən başlıcası üzmə tor, atma tor və əl torları olmuşdur.

Qobustan qaya rəsmlərindəki çoxlu qayıq, balıq və balıq toru təsvirləri, həmçinin arxeoloji qazıntılar zamanı buradan tapılmış toxumaq üçün sümük alətlər, qarpunlar, balıq və suiti sümükləri hələ Mezolit dövründən insanlar balıqçılıqla məşğul olduğunu göstərir. Ərəb mənbələrində Orta əsrlədə Kürdə balıqçılığın inkişaf etdiyi xatırlanır və göstərilir ki, burada tutulan balıq duzlanmış halda bir çox ölkələrə aparılır. Adam Oleari Kürün Səfəvi şahı tərəfindən icarəyə verildiyini, burada balıq ovu üçün xüsusi arakəsmələr düzəldildiyini xəbər verir. Xanlıqlar dövründə Xəzər dənizi, Araz və Kür çayları ətrafındakı əhali balıqçılıqla məşğul olurdular. Əhali balığı yalnız öz yerlərində satmağa və şəxsi istehlakı üçün tuturdu. Bakı xanlığında balıqçılarını bir hissəsi suiti ovu ilə məşğul olur, onun dərisi və yağı Rusiyaya ixrac olunurdu.

XIX əsrin ikinci yarısı-XX əsrin əvvəllərində Xəzər Rusiyanı və eləcə də bir sıra Avropa ölkələrini balıq məhsulları ilə təmin edirdi. Balıq vətəgələrinin sayına görə Volqa çayından sonra Kür çayı balıqçılığı mühüm yer tuturdu. 1829-cu ildə Salyanda altı vətəgə (Bojiy, Akuşa, Lopatinski, Torpaq-qala, Arbatan, Abdulyan vətəgəsi) vardı, burada nərə balıqları: ağbalıq, burun və s. ovlanırdı. XIX əsrin 80-ci illərindən etibarən pullu balıqların (ziyad, şamayı və s.) intensiv ovlanmasına başlanılır. Bu balıqlar əsasən Muğanda yerləşən axmaz və çalalarda ovlanırdı. Çala və axmazlar isə Qızılağac körfəzi, habelə Kür və Araz çayları ilə birləşirdi.

XIX əsrin sonu-XX əsrin əvvəlləri Azərbaycanda balıqçılığın daha intensiv inkişafı ilə xarakterizə olunur, ov alətləri təkmilləşir, balıq ovunda motorlu gəmilərdən istifadə edilirdi. Dənizdə balıq ovlanması işi XX əsrin 30-cu illərindən sonra daha da genişlənmişdir. Həmin illərdə Azərbaycanda xüsusi dəniz donanması yaradılmışdır.