AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Yaşayış məskənləri

Nümunənin reyestr kodu : DA0202000008

Azərbaycanda yaşayış məskənlərinin yaranmasında təbii-coğrafi şərait, dövrün sosial-siyasi durumu, təsərrüfat məşğuliyyəti və s. amillər mühüm rol oynamışdır. Bu təkamül təbii və süni mağaralardan tutmuş müasir kənd və şəhər tipli yaşayış məskənlərinə qədər davam etmişdir.

Azərbaycanın yaşayış məskənləri daimi və müvəqqəti, relyefinə görə yamac, yarımyamac, vadi və düzənlik yaşayış məskənlərinə bölünür. Qədim şəhərlərin əsasən kəndlərin üzərində ucaldığını nəzərə alsaq, kəndin yaranmasına xas ilkin əlamətləri şəhərlərə də aid etmək mümkündür.

İbtidai insanlar çay kənarlarında, meşələrdə, qaya altında və mağaralarda yaşamışlar. Azərbaycanın ən qədim sakinlərinin yaşayış məskənləri təbii mağaralar (kaha, zağa) idi. İctimai inkişafın sonrakı mərhələsində dağətəyi və düzənliklərdə məskunlaşma prosesi getmişdir. Bu ərazilərdə əlverişli hərbi-strateji mövqelərin azlığı, qəbilə üzvlərinin hələ də hazır təbii şəraitdən istifadə etməyə üstünlük vermələri və digər amillər yaşayış məskənlərinin yaranmasına səbəb olmuşdur. Yaşayış məskənlərinin tarixən yaranmış digər sosial-iqtisadi tipləri oba, şenlik, sığırxana, yataq, binə, yurd, düşərgə, qışlaq, dəkkə, dəngə, yaylaq və s. müvəqqəti elat məskənləri olmuşdur. Müvəqqəti yaşayış məskənlərinin bəziləri əhalinin daimi yaşayış məskəninin –kəndin yaranmasında ilkin mərhələ təşkil etmişdir.

Azərbaycanda geniş yayılmış yaşayış məskənlərinin xarakterik tarixi tiplərindən başlıcası kənd idi. Kənd – oturaq əhaliyə məxsus daimi yaşayış evləri, təsərrüfat tikililəri, həyətyanı sahələri, inzibati, sosial-mədəni, dini mərkəzləri, ümumi otlaqları, əkin sahələri, içməli suları, ayrıca qəbirstanlığı olan və əhalinin etnik tərkibinin ümumiliyi ilə xarakterizə olunan tarixən formalaşmış məskəndir. Kənd əksər hallarda poligen (bir-birinə qohum olmayan bir neçə nəsildən ibarət əhalinin yaşayış məskəni) xarakter daşıyırdı, əhalinin sayı burada daha öncə yaranmış digər məskən tiplərində olduğundan daha çox idi, təsərrüfat intensiv istiqamətdə inkişaf edirdi. İctimai inkişafın sonrakı gedişində qohumluq prinsipinə əsaslanan kəndlər böyüyərək qarışıq tərkibli kəndlərə çevrilmişlər. Belə kəndlərin əmələ gəlməsində patronimiya (qohum ailələr qrupuna) mənsub ailələrin (tayfa, tirə, ocaq, nəsil, dəngə, təbəh. əqrəba, çilək, övladı, uşağı və s.) böyüyərək parçalanması, orta əsrlərdə əhali qruplarının Azərbaycan ərazisinə köçürülməsi, müxtəlif obyektiv səbəblər üzündən ölkə daxilində əhalinin bir kənddən digər kəndə köçməsi əsas rol oynamışdır. Bu səbəbdən yaşayış məskənlərinin salınmasında qonşuluq prinsipləri üstünlük təşkil etmişdir. Maldar elatların oturaqlaşması zamanı qohumluq prinsipi üzrə yerləşmə ənənəsinə ciddi əməl edilmişdir. Oturaqlaşma prosesi nəsil icmalardan ibarət olan qışlaqlarda getdiyindən, yeni yaranan kəndlər, müstəsna olaraq qohum patronimik qruplardan təşkil olunmuşdur.

Azərbaycanın ənənəvi yaşayış məskənlərindən biri də şəhərtipli məskənlər idi. Vaxtilə salınan şəhərlər ərazisinin funksional mənalarına görə “ərk” (İç qala, Narın qala),“şəhəristan” (əsilzadələrin yaşadığı hissə) və “rabat” (sənətkarlıq və ticarət hissəsi) adlı üç müxtəlif bölmədən ibarət idi. Hakimin sarayı və başqa əsas rəsmi inzibati binalar, eləcə də onlar üçün ayrılmış sahələr vahid planlaşdırma kompleksi şəklində istehkam divarları ilə əhatə olunmuş ərazidə yerləşdirilərək şəhərin ərk hissəsini təşkil edirdi. Şəhəristan müdafiə, xarici görkəm baxımından şəhərin əhəmiyyətli və gözəgəlimli sahəsində yerləşirdi. Yaşayış, ticarət və sənətkarlara məxsus binaların yerləşdiyi şəhərin rabat bölməsi mürəkkəb və qarışıq küçə şəbəkəsi ilə diqqəti cəlb edirdi. Ticarət və sənətkarlığa aid binalar rabatın daxilində, ya böyük bir bazar meydançasının ətrafında, ya da əsas küçələrin birinin boyunca vahid planlı kompleks kimi yerləşdirilərək şəhərin ticarət-sənətkarlıq bölməsini təşkil edirdi. Rabatın bazarlar, sənətkarlıq məhəllələri – çarşı və dalanlar, iri şəhərlərdə karvansaralar xırda, əyri küçələrlə əhatələnərək döngə və dalanlar vasitəsi ilə yaşayış sahəsi ilə əlaqələnirdi. Azərbaycanın şəhər tipli yaşayış məskənlərinin digər cəhətlərindən biri də onların ayrı-ayrı məhəllələrdən ibarət olmasıdır. Məhəllələr ayrı-ayrılıqda şəhərin bir və ya bir neçə bölməsini əhatə edirdi.

Arxeoloji qazıntılara əsasən Azərbaycan ərazisində Paleolit dövrü insanları qayaaltı sığınacaqlarda və mağaralarda yaşamaqla özlərini istidən, soyuqdan qoruyur və əldə etdikləri odu, topladıqları ərzağı burada mühafizə edirdilər. Azıx, Tağlar, Qobustan, Aveydağ mağaraları, Qarabağ, Xanlar, Şamaxı, Gədəbəy, Kəlbəcər, Zəngilan və Naxçıvan bölgələrindəki mağaralardan yaşayış məskəni kimi istifadə edilmişdir. Süni mağaralar isə Neolit dövründən başlayaraq istifadə olunmuşdur, belə mağaralara Böyük Qafqaz dağlarının cənub-şərq ətəklərində və Kiçik Qafqaz dağları bölgəsində, eləcə də Cənubi Azərbaycanda təsadüf olunur.

Neolit dövründə əkinçiliklə məşğul olan qəbilələr süni suvarma üsullarına yiyələndiyindən çay, arx və ya kanalların ətrafında, maldarlıqla məşğul olanlar isə otlaqlarla zəngin alp çəmənliklərində məskən salmağa üstünlük vermişlər. Məsələn, Naxçıvan ərazisində Qazma, Kilit, Daşqala, Ərməmməd mağaralarında yaşayan ibtidai insanlar Neolit dövründən başlayaraq I Kültəpə (VII-I minilliklər), Sədərək (VII-III minilliklər), Ovçulartəpəsi (V-III minilliklər), Xələc (V-III minilliklər), Duzdağ (V-III minilliklər), Şahtaxtı(III-I minilliklər), Nəhəcir (III-I minilliklər) kimi yaşayış yerləri salmışlar. M.ə. IV-I minilliklərə aid Gəmiqaya abidəsi, III-I minillikklərə aid Əshabi-Kəhf dini və tarixi memarlıq kompleksi ilkin məskunlaşma, eləcə də zəngin mədəniyyət mərkəzlərindən biri idi. İlkin şəhər mədəniyyəti də bu ərazidə meydana gəlmiş, bölgənin ən iri yaşayış məskəni olan Naxçıvan 5 min il bundan əvvəl şəhər kimi formalaşmağa başlamışdır. Get-gedə böyüyən yaşayış məskənlərində şəhər mədəniyyətinin vacib elementləri olan emal mədəniyyəti yaranmış, sənətkarlıq və ticarət inkişaf etmişdir. Orta Tunc dövründə Azərbaycanda II Kültəpə, Oğlanqala, Göytəpə, Üzərliktəpə kimi ilkin şəhər mərkəzləri yaranmışdır.

Tarixi məlumatlar Azərbaycanda şəhərtipli yaşayış məskənlərinin m.ə. II-I minilliyin əvvəllərində meydana gəldiyini təsdiqləyir. Manna, Atropatena, Albaniya şəhərləri ticarət yolları üzərində yerləşməklə şəhər məişətinin bütün göstəricilərinə cavab vermişdir. Azərbaycanın feodal tipli şəhərləri sırasında əsas yer tutan Bakı, Təbriz, Ərdəbil, Marağa, Şamaxı, Gəncə, Naxçıvan, Bərdə, Dərbənd, Qəbələ, Beyləqan, Şabran, Şuşa, Şəki və s. yaşayış məskənlərinin yerli sosial-iqtisadi inkişafdakı rolunun müxtəlifliyinə baxmayaraq, onların memarlıq planlaşdırma quruluşalarında bir sıra ümumi cəhətlər olmuşdur.

XIX əsrin sonlarından başlayaraq neft sənayesinin təşəkkülü, sosial-iqtisadi inkişaf Bakı ilə yanaşı, Təbriz, Gəncə, Şuşa, Ərdəbil, Urmiya, Quba, Şəki, Şamaxı, Ordubad, Naxçıvan və s. şəhərlərin daha da inkişafına səbəb olmuşdur.

Müasir dövrdə Azərbaycan Respublikasında 10 respublika tabeli şəhər, 66 rayon mərkəzi olan şəhər, 261 qəsəbə mövcuddur. Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Naxçıvan, Şirvan, Şəki, Yevlax, Lənkəran Azərbaycan Respublikasının böyük şəhərləri sayılır.