AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Sağınçı nəğmələri

Nümunənin reyestr kodu : FM0201070001

Sayaçı sözlərinin bir qolunu təşkil edən eydirmələr yaranma tariхinə görə Azərbaycan şifahi хalq ədəbiyyatının ən qədim nümunələrindən hesab edilir. Sağınçı nəğmələri olan eydirmələrin ilkin formaları çoх sadə olmuşdu. İlkin eydirmələrdə onun məzmunu, misraların dolğunluğu sağıcını o qədər də maraqlandırmamış, ritmiklik, ahəngdarlıq əsas olmuşdu. Belə eydirmələrdə sağıcı şeir nümunəsi yaratmağa səy göstərməmiş, məqsədi qoyunu ram etmək, sağına əyləndirmək olmuşdu:

Dutum, dutum, nənəm dutum,

Səni sağan, dutum, dutum,

Mənəm, dutum, dutum, dutum,

Bacım dutum.

Maldarlıq nəğmələri içərisində məqsədinə, vəzifə və ifa məqamına görə fərqlənən eydirmələr iki qrupa bölünür: 1) Qoyun və keçilərin sağılması zamanı oxunan nəğmələr; 2) İribuynuzlu heyvanların sağılması zamanı oxunan nəğmələr.

Maldarların ifadəsinə görə, qoyunçuluqda iki cür sağın növündən istifadə edilmişdi. Bunlardan biri ovşarı, digəri isə varsağı sağın növüdür. Hər iki ad qədim Azərbaycan qəbilələrinə məхsusdur. Görünür, hər iki qəbilə arasında maldarlıq əsas təsərrüfat sahələrindən olmuşdu. Lakin sağın növləri arasında fərq var. Bu fərq özünü həmin tayfaların adından almış musiqi nümunələrində də göstərir. Bir zamanlar Varsaq adlanan aşığa bu maldar tayfadan “Varsağı” havası yadigar qalmışdı və onun ritmi varsağı sağım növünün sərnicdə yaratdığı ahəngə uyğundur. Varsağı qoyunun əmcəklərinin dartılması (sığallanması) yolu ilə sağılmasıdır. İnək, camış, dəvə və digər heyvanlar da bu cür sağılır. Varsağı sağın fərdi sağındır. Ahəng olduqca ritmikdir və səslər bir-birini eyni səviyyədə tamamlayır.

İkinci bir aşıq havası “Ovşarı” adlanır ki, bu da Əfşar tayfaları arasında yayılmış sağın növünün ritminə uyğundur. Ovşarı qoyunun yelininin hər iki tərəfdən sıxılıb sağılmasına deyilir. Ovşarı peşəkarların, bu işlə məşğul olan çobanların sağın növüdür. Ovşarı sağın hazırda qadınlar tərəfindən həm qoyunların, həm də inəklərin sağılmasında tətbiq edilir. Sayaçı sözlərində ovşarı sağın belə xatırlanır:

Nənəm, qoyunun gəlini,

Avşara gəlməz yelini.

Onu sağan gəlinin

Xınalayım əlini.

Varsağıdan fərqli olaraq, ovşarı sağında sağıcının barmaqları qoyunun əmcəklərinə dəymir. Süd yelinin sıxılması nəticəsində yaranan təzyiqlə sağılır. Ovşarı sağından, adətən, çobanlar istifadə edirlər. Ovşarı kütləvi sağındır. Çobanlardan biri (sağıcı çoban) dayanıb gözləyir, digər çobanlar isə sağılacaq qoyunları tutub onun yanına gətirirlər. Çoban qoyunun yelinini sıхmaqla sağır.

Azərbaycan folklorunun toplanması, nəşri və tədqiqində böyük xidmətləri olmuş F.Köçərli, Ü.Hacıbəyov, Ə.Axundov, M.Seyidov, Q.Namazov, M.Qasımlı, V.Vəliyev, B.Hüseynli, R.İsmayılzadə, A.Nəbiyev, İ.Köçərli və başqa tədqiqatçıların eydirmələrlə bağlı maraqlı fikirləri vardır.