AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Dini nağıllar

Nümunənin reyestr kodu : FL0110020001

Azərbaycan folklorunda qədim janr kimi çox geniş yayılmış dini nağıllar beynəlxalq aləmdə “reli​gious tales”, Şərqi slavyan xalqlarında isə “əfsanəvi nağıllar” adı ilə tanınır. Dini nağıllar çox vaxt məxsus olduğu xalqın nağıl reper​tu​arı ilə bağlı olur. Azərbay​canda təsbit olunmuş 115 dini nağıl süjetindən ancaq 45-nin başqa xalqlarda qarşılığı vardır. Digər nağıl qrupları ilə müqayisədə dini nağıllarda milli süjetlərin sayının çoxluğu onların məxsus olduğu xalqın əxlaqi və dini görüşlərini əks etdirmələri ilə əlaqədardır.

Folklorşünaslıqda bu nağıllara münasibət müxtəlifdir. Bir qrup tədqiqatçı nağıllara məxsus xüsu​siy​yətlər daşıdığı üçün onları nağıllara, digərləri isə söyləyicinin mətnin gerçəkliyinə inan​ma​sını əsas gətirərək əfsanələrə aid etmişdi. Bu mətnlərə diqqət yetirdikdə, doğrudan da, söyləyicinin onları əfsanə, rəvayət və ya hədis adı ilə təqdim etməsi və tez-tez də “rəvayətdə belə şeylər çoxdur”, “belə bir rəvayət eşitmişəm”, “bununla da rəvayət qurtardı” kimi kəlmələr işlətdiyinin şahidi oluruq. Sadalanan bu xüsusiyyətlər, həmçinin bəzi süjetlərin etioloji məzmun kəsb etməsi dini nağılları əfsanələrə yaxınlaşdırsa da, onları fərqləndirən ciddi xüsusiyyətlər də vardır.

Azərbaycan dini nağılları əfsanələrdən fərqli olaraq didaktiv, ibrətamiz funksiya daşı​yır və poetik cəhətdən zəngin mətnlərdir. Bu tip mətnlərin formalaşmasında nağıllara məxsus üslub elementlərindən – hadisələrin inkişafını ləngitmək məqsədilə fəaliyyət və ya gedişlərin üçlənməsindən, nağıllara məxsus epik formullardan geniş istifadə olunur. Məsələn, söyləyici yo​lun uzunluğunu təsvir etmək üçün “az gedib, çox gedib”, təh​kiyə həddən artıq uzandığı zaman isə “nə başınızı ağrı​dım” formulundan istifadə edir. Nağıllara məxsus üslub element​lər​dən istifadə olunması bu mətnlərin əfsanə olması haqqında söylənən fikirlərin yanlışlığını göstərir.

Azərbaycan dini nağılları İslam dini ilə bağlı olub, İslam ideologi​yasının, bu dindən gələn fikir və müddəaların xalq ara​sında, kütlə içərisində təbliğinə xidmət edir. Bu tip nağıllarda insan​lara xeyirxahlıq, dürüstlük, əliaçıqlıq, qonaqpərvərlik, böyük sözünü dinləmək, naşükür olmamaq, tamah, riya, yalan kimi nöqsanlardan uzaq olmaq və s. belə yüksək mənəvi keyfiy​yətlər aşılanır. Ona görə bu nağıllar ibrətamiz, əxlaqi məzmun kəsb edir, əsasən də yaşlı auditoriyaya istiqamətlənmiş mətnlərdir. Bu mətnlərin əsas daşıyıcıları xalqın arasında yetişmiş din adamları – mollalar, mərsiyəxanlar, ağıçılardır və yas yerlərində, məhərrəmlik axşamlarında bu mətnlər bu gün də söylənməkdədir.

Dini nağılların əsas iştirakçıları peyğəmbərlər və dini şəxsiyyətlərdir. Bu nağıllarda Süleyman peyğəmbər, İbrahimxəlil peyğəmbər, Musa peyğəmbər, Məhəmməd peyğəmbər, Həzrət Əli kimi dini şəxsiyyətlərin fəaliyyə​tin​dən, onların möcüzələrindən bəhs olu​nur. Sehrli nağıllarda köməkçi rolunda sehrli əşya və kömək​​çilər çıxış edir​sə, dini nağıllarda həmin funksiyanı pey​ğəm​bərlər və dini şəxsiyyətlər yerinə yeti​rir. Qəhrəman çətin vəziyyətə düşdükdə peyğəmbərə üz tutur, ondan aldığı məslə​hətə uyğun hərəkət edir.

Dini məzmun kəsb etməsi nağılların poetik strukturuna da təsir göstərmişdi. Bu nağıllarda ziddiyyətlər islam-kafir, abid-lotu, abid-pozğun qadın, abid-şeytan qarşıdurması şəklində veri​lir. Antoqonist personajlar isə qeyri-islam dinini təm​sil edən, öz əməlləri ilə İslam dininin ehkamına, qanun-qay​da​larına qarşı çıxan, onu pozan şəxslər olurlar.

Əsas iştirakçılarının dini şəxsiyyətlər olması, dindən gələn fikirlərin təbliğinə yönəlmiş olma​sı ilk ba​xış​dan bu nağılların kitab mənşəli olması təəssü​ratı yaradır. Folklorşünaslıqda da bir çox tədqiqatçılar bu zahiri bənzəyişə söykənərək dini nağıl​ların kitab mən​şəli olduğu fikrini irəli sürmüşlər. Dini nağılların formalaşmasında kitabların müəyyən təsiri duyulsa da, bu süjet​lərin böyük əksəriyyəti şifahi ənənədən gəlir, sadəcə xalq həmin süjetlərin əsas iştirakçı​la​rını dini şəxsiyyətlərlə əvəzlə​məklə onları İslam dininə uyğunlaşdırmışdı.