AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Zorxana oyunları

Nümunənin reyestr kodu : FO0105000001

Yaxın Şərqdə və Hindistanda məşhurlaşmış və inkişaf etmiş qədim idman növlə​rindən biri olan zorxana Azərbaycan, İran və İraqda daha çox yayılaraq pəhlə​vanlıq sənə​tinin və mübarizə ruhunun mövcudluğunu ortaya qoymuşdu. Pəhləvanlıq güləşi hesab olunan zorxana bu ərazilərdə yaşayan xalqların dini və mədəni düşüncələrini xarakterizə edən bir idman sahəsidir. Zorxananı təkcə idman növü deyil, həm də regionun milli və dini düşüncəsini ehtiva edən xalq mərasimi hesab etmək olar. Bu idman növündə hər bir hərəkət məz​munludur və daxilində dərin mənalar daşımaqdadır.

Mənası “Güc, qüvvət evi” ("zur" və “xana” ) olan zorxana əvvəllər ağır idman məşqlərinin və yarışla​rının keçirildiyi yerlərə verilən addır. Belə ki, güləşlə məşğul olan idmançılar və pəhlə​vanlar zorxana adı veri​lən xüsusi mərkəzlərə yığışaraq məşq edir və yarışlar keçirirdilər.

Qeyd etmək lazımdır ki, zorxana təkcə xüsusi hərəkət və məşq​lərdən yox, həmçinin dini rəmzlərdən və təlim vaxtı istifadə edilən dini motivli mətn​lərdən təşəkkül tapmış idman növüdür. Zorxanada istifadə edilən dini xarakterli rəmz​lərə və sözlərə diqqət yetirsək, bu idman növünün İslam dini ilə, xüsusən İsla​mın əsas məzhəblərindən olan şiə məzhəbi və şiələrin birinci imam kimi qəbul etdiyi Əli ibn Əbu Talibin (600-663) şəx​siyyəti və həyatı ilə əlaqələndirildiyini görərik. Belə ki, Həzrət Əlinin (ə) Bədr, Uhud, Xəndək, Xeybər və s. döyüş​lərdə dövrün adlı-sanlı pəhləvanlarını və mahir döyüşçülərini təkbətək döyüşlərdə məğlub etməsi onun haqqında qəhrəmanlıq dastanları​nın yaranmasına səbəb olmuş və zorxana idman növünün formalaşma​sında da öz dərin izlərini qoymuşdu. Zorxanada təlim və məşqlər zamanı İmam Əli haqqında deyilən dastanlar və şeirlər də bunu sübut edir.

Zorxana idman növünün yaranma tarixi 1501-1736-cı illərdə öz hakimiyyəti dövründə Azər​baycan, İran, İraq, Əfqanıstan, Qərbi Pakistan, Türkmənistan və Özbəkis​tan əra​zi​lə​rini əhatə edən Səfəvilər dövlətinə gedib çıxır. XVI əsrdən etibarən həmin ərazi​lərdə pəhləvan və güləşçilərin məşq və yarışlar keçirməsi üçün zorxana adlı xüsusi binalar tikilirdi. Zorxana idman növü Qacarların hakimiyyəti illə​rində ən yüksək inkişaf həddinə çatır. Bu dövrdə yüksək çinli mə​murlar da zorxana məşqlərinə qatılıb yarışlarda iştirak edirdilər. Nəsrəddin şahın hakimiy​yəti dövründə (1848-1907) bir çox məmurlar və varlı şəxslər öz hesablarına zorxanalar tikdirib pəhləvanların istifadəsinə verirdilər.

Azərbaycanda mövcud zorxana mərkəzlərinə nümunə olaraq XVI əsrə aid, yeraltı yollarla Qız Qalası səmtindəkı Buxari və Multanı adlı karvansaralarla birləşdirilən İçərişəhər zorxanasını göstərmək olar. Həmçinin Gəncə, Şəki, Şirvan, Naxçıvan, Şuşa və s. şəhərlərdə də tarixi XIX əsrə gedib çıxan zorxana mərkəzləri mövcud olmuşdu.

XIX əsrin sonları XX əsrin əvvəllərində Azərbaycanda yetişmiş Sali Süleyman və Rəşid Yusifov kimi zorxana pəhləvanları dünyada məşhurlaşaraq xalqın ehtiramını qazanmış​dılar. Avropanın London, Paris, Praqa, Roma və başqa şəhərlərində güləş döyüşləri keçirən Sali Süleyman bütün rəqiblərini məğlub edərək "Çempionların qənimi" adını qazanmışdı.

Müasir dövrdə geniş yayılmış idman növlərindən olan zorxana yarışları 3 gün davam edir. Birinci gün 7 nəfərdən ibarət komanda yarışı (buna “can qızdırmaları” da deyilir), ikinci gün fərdi yarışlar (qılınc və toppuzun məşqi, ox və yayın məşqi – “kəbbadə”, səng daşları – qalxanın məşqi, “çərxitiz”, “çərxiçəməni” – fırlanma), sonuncu gün isə zorxana güləşi yarışları keçirilir. Bu güləş növünün sərbəst güləşdən iki fərqi var. Birinci fərq “nəti” adlı dizə qədər geyilən şalvardır, ikinci fərq isə ondadır ki, bir idmançının kürəyi yerə dəyirsə, oyun bitir və o, məğlub olur. Bu güləşdə 5 çəkidə idmançılar yarışır.