AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Segah

Nümunənin reyestr kodu : FM0302090001

Segah muğamı

Yaxın və Orta Şərq xalqlarının musiqisində çox yayılmış muğamlardan biri olan “Segah” Azərbaycanda əsas muğamlardan üçüncüsüdür. Müxtəlif pərdələrdə çalınıb-oxunduğu üçün Azərbaycan musiqiçiləri hər “Segah”a bir ad vermişlər. “Orta Segah”, “Xaric Segah”, “Mirzə Hüseyn Segahı”, “Zabul Segah” ümumilikdə Segahın variantlarıdır. “Segah” Azərbaycanın şifahi ənənəli professional musiqisində inkişaf etdirilərək özünəməxsus müxtəlif pərdələr (tonallıq) sistemini yaratmışdı.

Azərbaycanın tanınmış musiqişünas alimi Məmməd Saleh İsmayılov “Segah” muğamının Azərbaycanda 5 tonallıqda ifa olunduğu qənaətinə gəlir: 1. Kiçik oktavadakı “si” mayəli (Xaric Segah), 2. Birinci oktavadakı “mi” mayəli (Orta Segah) və kiçik oktavadakı “mi” mayəli “Zabul Segah”, 3. Birinci oktavadakı “lya” mayəli (Mirzə Hüseyn Segahı), 4. Birinci oktavadakı “re” mayəli (Yalxın Segah), 5. Birinci oktavadakı “sol” mayəli (Haşım Segah). “Do” mayəli “Segah” da var, amma onu dəstgah şəklində çalıb-oxumaq mümkün olmadığı üçün “Segah”ın bu növündən istifadə edilmir. “Segah”ın müxtəlif variantlarını digər istinad (mayə) pərdələrində çalıb-oxumaq mümkündür. Yuxarıda göstərilən mayə pərdələri (si, mi, lya, re, sol) həm xanəndələrin səs diapazonu üçün rahat olur, həm də sazəndələrin çalğı alətlərinin registr diapazonuna və tembr xüsusiyyətlərinə uyğun gəlir.

Azərbaycanda “Segah”ın bir neçə növünün olmasına baxmayaraq, 3 növü daha geniş yayılmışdı: “Zabul-Segah”, “Mirzə Hüseyn Segahı” və “Xaric Segah”. “Segah”ın qədim növü “Zabul-Segah”dır. Ona eyni zamanda “Orta Segah” da deyilir. “Orta Segah” kimi “Zabul”un da mayəsi “mi” səsidir, lakin bir oktava (6 ton) fərqi var. “Orta Segah” birinci oktavanın “mi” notuna əsaslanırsa, “Zabul-Segah”ın mayəsi bir oktava aşağıdır – kiçik oktavanın “mi” səsidir. “Segah”ın bütün variantlarının “Zabul”dan yarandığı faktını görkəmli tar ifaçısı Bəhram Mənsurov belə səciyyələndirir: ““Zabul” dəstgahında geniş şöbələrdən olan “Segah”ı xanəndələrimiz ayrılıqda müstəqil muğam kimi oxumuş və onun variantlarını yaratmışlar”.

Muğamların mükəmməl bilicisi, ustad tarzən Mirzə Fərəc (1847-1927) “Segah”lar arasında “Zabul-Segah”ı əsas sayaraq bir dəstgah kimi 20 şöbə və guşədən ibarət olduğunu qeyd edir: Mayeyi-Zabul, Zabul, Manəndi-müxalif, Müxalif, Mirzə Hüseyn Segahı, Cövhəri, Segah-Zabul, Muyə, Hasar, Müxalif, Mənsuriyyə, Ruh-ul-ərvah, Zəmin-xarə, Naleyi-zənburi, Pəhləvi, Hicaz, Şah Xətai, Nəhavənd, Sarənc, Zabul-Segah. Göründüyü kimi, yuxarıdakı “Zabul-Segah”ın tərkibinə “Segah”ın, “Çahargah”ın, “Şur”un, “Bayatı-Qacar”ın və başqa muğamların şöbə və guşələri daxil edilmişdi. Sonradan “Zabul-Segah” bəzi şöbə və guşələrdən azad olmuş, bilavasitə “Zabul-Segah” səsdüzümünə uyğun şöbələri özündə toplayaraq nəticədə lakonik, yığcam və məntiqli bir şəkil almışdı. Hazırda “Zabul-Segah” dəstgahı aşağıdakı şöbə və guşələrdən ibarətdir: “Bərdaşt”, “Mayeyi-Zabul”, “Manəndi-Müxalif”, “Segah”, “Zil Zabul”, “Manəndi-Hasar”(zildə), “Manəndi-müxalif” (zildə), Segaha kadensiya.

Dərin emosional təsir gücünə və milli xüsusiyyətlərə malik olan “Segah” muğam dəstgahının Azərbaycanda ən yaxşı ifaçıları arasında Bülbülcan, Keştazlı Həşim, Cabbar Qaryağdı oğlu, Seyid Mirbabayev, Çarıqçı Bahadır, Seyid Şuşinski, Pəsxan Cəlil, Zülfü Adıgözəlov, Qulu Əsgərov, Şövkət Ələkbərova, Tükəzban İsmayılova, Qədir Rüstəmov, Rübabə Muradova və başqaları kimi görkəmli xanəndələr olmuşdu. Bu gün isə Alim Qasımov, Zabit Nəbizadə, Könül Xasıyeva, Zakir Əliyev, Aygün Bayramova, Almaz Orucova, Zeynəb Behbudova və başqaları kimi görkəmli muğam ustaları “Segah” muğamının uğurlu ifaçılarıdır.