AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Nümunənin reyestr kodu :

Azərbaycanın dağətəyi və düzənlik ərazisilərində suvarma əkinçiliyinin inkişafında kəhriz suvarma sistemi xüsusi rol oynayırdı.

Kəhrizləri xüsusi kankan dəstəsi qazardı. Suyun olması müəyyən edildikdən sonra həmin sahədə 2-3 quyu qazılardı. Sınaq məqsədi daşıyan “gumana” quyusundan sonra, kəhrizin “sulukar” quyuları qazılırdı. Relyefdən və suyun yeraltı səviyyəsindən asılı olaraq, quyular bir-birindən 20-50 metr aralı olur, dərinliyi isə 10-25, bəzən 60-70 metrə çatırdı. Kəhrizin ümumi uzunluğu 2-6 km və bəzən daha çox olurdu. Suyun çıxarıldığı sahədə kəhrizin sonuncu quyusu – “godə quyu”, daha sonra isə onun “yarması” qazılırdı. Suyun yerin səthinə çıxdığı yerə isə “kəhrizin gözü” və ya çeşməsi deyilirdi.

Kankan dəstəsində 4-6 nəfərə qədər işçi olurdu. Bunlar baş usta-kankandan, usta köməkçisi – lağımbardan, çarxçıdan, dolçudan ibarət idi. Şimali Azərbaycanda kəhriz qazan kankan dəstələri əsasən Cənubi Azərbaycandan gələnlərdən olardı. Lakin Naxçıvan, Qarabağ, Gəncəbasar və başqa yerlərdə bu işin ustaları var idi.

Kəhrizin qazılmasında dolamaçarx, külüng, keçəbel (çalov), dol, qırmaq, kəndir, çıraq, taraz və s. alət və vasitələrdən istifadə olunardı.

Kəhriz quyusunun ağzında qoyulan çarxla lağımdan çalovla dola yığılmış torpaq yuxarı çıxarılırdı. Külünglə lağım qazılır, işıqla (çıraq) və ya tarazla lağımın istiqaməti və onun düzgün qazılması müəyyənləşdirilirdi. Kankan xüsusi başlıq geyər, çiyninə isə qoyun dərisindən şəltə atırdı ki, üstdən tökülən su və torpaq ona mane olmasın. Kəhrizin su axan hissəsi “lağım” və ya “kürə” adlanır. Lağım baş quyudan sonuncu quyuya qədər düz və eyni ölçüdə, hündürlüyü təxminən 1,50-1,60 sm, eni 80 sm-ə qədər olurdu. Lağımın su axan hissəsi düz, üst hissəsi tağbəndvari qazılır, uçmaq qorxusu olan yerlərində sal-saybənd (daşdan hörgü) aparılırdı. Quyularının uçmaması üçün onun ağız hissəsi (yuxarısı) 3-5 metrlik sahə daşla horülür – “çiləgərdən” edilirdi.

Kəhrizlərin qazılması və təmiri adətən, payız və yazda aparılırdı. Kəhrizin suyunu artırmaq məqsədilə aparılan təmirə tərkdöymə, suyun qabağına düşmüş daşı, torpağı təmizləməklə lağımda suyun sərbəst axmasını təmin etmək məqsədilə vaxtaşırı aparılan təmirə isə “dolasov” deyilirdi. Güclü yağışlar zamanı sel suları kəhriz quyusunu və lağımını daş və torpaqla dolduraraq, suyun axımını çətinləşdirirdi. Belə vaxtlarda quyu və lağımın təmizlənməsi üçün aparılan iş “aval” təmiri adlanırdı.

Azərbaycanın bir çox bölgələrində, o cümlədən, Naxçıvan, Qarabağ, Gəncə-Qazax bölgəsində, Abşeron torpaqlarında, hətta dağlıq ərazi olan Lerikdə qədim kəhrizlərin qalıqları movcuddur, bəzi kəhrizlərdən indi də istifadə olunur. Bu suvarma sistemi uzun müddət təsərrüfat əhəmiyyətini saxlamışdır.

Kəhriz suyunun qədəri onun qazıldığı sahənin su ehtiyatından asılı olurdu. Elə kəhrizlər vardı ki, onun suyu ilə dəyirmanı işlətmək olurdu. Elələri də vardı ki, onun suyu ancaq bir kəndi və ya bir məhəlləni içməli su ilə təmin edirdi. Suvarma üçün istifadə ediləcək kəhriz gözünün (çeşməsinin) qabağında kiçik nohur (gölcük) düzəldilərdi. Su buraya yığıldıqdan sonra, arxla əkin sahəsinə axıdılırdı.

Kəhrizlərin qazılması xərcini onun suyundan istifadə edəcək məhəllə, kənd, şəhər camaatı və ya sahibkar verərdi. Hər bir kəhriz qazıldığı yerin, sahibinin, hansı kəndə su verməsi ilə adlanardı. Məsələn, Kəblə Musa kəhrizi, Hacı Cəfər kəhrizi, Hacı Əhməd kəhrizi, ya da kəndin adı ilə Qaraqışlaq kəhrizi, Moruq kəhrizi, Muğanlı kəhrizi və s.

Azərbaycanda hələ e.ə. I əsrdə kəhrizlər tikilmişdir. Şəmkirçay ətrafında tarixən I-III əsrlərə aid kəhriz tapılmışdır. Bir sıra bölgələrdə taxıl əkinləri və bağların suvarılmasında kəhriz sularından da istifadə edilmişdir.

Orta əsrlərdə Azərbaycan əkinçiliyində kəhrizlər mühüm rol oynamışdır. Həmin dövrdə şəhər əhalisinin su ilə təchizində, xüsusilə Gəncə, Naxçıvan, Şəmkir, Ordubad və başqa şəhərlərinin içməli suya olan tələbatının ödənilməsində kəhriz şəbəkəsinin böyük əhəmiyyəti vardı. Hətta XX əsrin 20-30-cu illərində minə yaxın kəhriz işlək vəziyyətdə idi.