AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Təsviri sənət

Nümunənin reyestr kodu : SV0000000001

Azərbaycan təsviri sənəti incəsənətin bir sahəsidir və üç növə bölünür: qrafika, rəngkarlıq və heykəltəraşlıq. Qrafika rəsm, qravüra, litoqrafiya və s. sahələri əhatə edir. Qrafika termini ilk dəfə xəttatlıqla əlaqədar yaranmış, XIX-XX əsrlərdə poliqrafiyanın sürətli inkişafı ilə yeni məna kəsb etmişdi. Bu dövrdə qrafika əsasını cizgilər, ağ və qara xətlər təşkil edən sənət növü hesab edilirdi. Sonralar bu anlayış genişlənmiş, burada ştrix və yaxmalardan da istifadə edilməyə başlanmışdı. Rəngkarlıq məkan sənətinə daxildir, başqa sözlə, kətan, divar, ağac, şüşə və s. üzərində əks olunmuş təsvir müəyyən məkan daxilində mövcuddur. Rəngkarlıq sənəti bədii-estetik xüsusiyyətinə görə aşağıdakı növlərə bölünür: monumental rəngkarlıq, teatr-dekorativ rəngkarlığı, dəzgah rəngkarlığı, miniatür rəngkarlığı. Heykəltəraşlıq obyektin həcmli, fiziki cəhətdən üçölçülü təsviri prinsipinə əsaslanan incəsənət növüdür. Heykəltəraşlığın təsvir obyekti insan, heyvan, nadir hallarda isə təbiət və əşyalar olur. Fiqurun ətraf mühitdə mövqeyi, hərəkəti, həcminin, kütləsinin və çəkisinin zahiri effekti işıq-kölgə münasibətləri, ölçü, ritm, siluet və s. heykəltəraşlığın bədii ifadə vasitələrindəndir.

Azərbaycan təsviri sənəti dekorativ sənətlə yanaşı, memarlıqla da üzvi əlaqədədir. Şəki, Şuşa, Quba, Ordubad, Lahıc və s. şəhər və digər yaşayış məntəqələrində dövrümüzədək çatmış monumental divar rəsmləri xalq yaradıcılıq ənənələri ilə sıx bağlı olmuşdu. Şəki Xan sarayındakı divar rəsmləri xüsusilə şöhrət qazanmışdı. XVIII-XIX əsrlərdə Abbasqulu, Usta Qənbər Qarabağlı və b. sənətkarlar tərəfindən yaradılmış həmin rəsmlər dekorativ elementlərin zənginliyi, rəngarəngliyi ilə seçilir. Azərbaycan dəzgah boyakarlığının təşəkkülü Mirzə Qədim İrəvaninin adı ilə bağlıdır. O, portret janrı sahəsində səmərəli fəaliyyət göstərmiş, “Rəqqasə”, “Dərviş”, “Pəhləvan”, “Süvari” kimi bədii cəhətdən kamil portretlər yaratmışdı.

Qrafika sahəsində Ə.Əzimzadə ilə yanaşı, Q.Xalıqov, İ.Axundov, E.Hacıyev, M.A.Vlasov, K.Kazımzadə, E.Məmmədov və b. rəssamlar fəaliyyət göstərirdi. Onlar Azərbaycan və xarici ölkə yazıçılarının kitablarına illüstrasiyalar çəkir, müxtəlif aktual mövzularda siyasi plakatlar yaradırdılar. Müasir dəzgah rəngkarlığının təşəkkülü keçən əsrin 20-ci illərində Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmiş gənc rəssamların fəaliyyəti ilə bağlı olmuşdu. Bakıda və Moskvada nümayiş etdirilən ilk rəssamlıq sərgilərində S.Salamzadə, Q.Xalıqov, E.Rzaquliyev və başqalarının müasir mövzulara həsr etdikləri tablolar mühüm yer tutmuşdu. S.Şərifzadənin “Üzüm yığımı”, H.Haqverdiyevin “Ə.Əzimzadənin portreti”, Q.Xalıqovun “Nizami Gəncəvinin portreti”, M.Abdullayev, B.Mirzəzadə, B.Əliyev, S.Bəhlulzadə və K.Xanlarovun məişət və tarixi tabloları kolorit zənginliyi, boyaların ahəngdarlığı ilə diqqəti cəlb edir.

Peşəkar heykəltəraşlığın təşəkkülü nəticəsində Bakıda bir sıra monumental abidələr qoyulmuş, milli heykəltəraşlıq kadrları yetişmişdi. İlk azərbaycanlı heykəltəraşlar – İ.Quliyev, Y.R.Tripolskaya, P.V.Sabsay və başqalarının iştirakı ilə Bakıda M.Ə.Sabirin, M.F.Axundzadənin abidələri qoyulmuş, dekorativ heykəllər, portret və büstlər yaradılmışdı. Sovet heykəltəraşlığının banilərindən olan F.Əbdürrəhmanov Azərbaycan ədəbiyyat və mədəniyyət xadimlərinin büst portretlərini (E.Haqverdiyev, M.F.Axundzadə, Ü.Hacıbəyov, A.Zeynallı və b.), ilk monumental əsəri olan “Füzuli” heykəlini yaratmışdı. Heykəltəraş C.Qaryağdının dekorativ heykəl və portretləri, M.P.Vaqifin heykəli XX əsr Azərbaycan heykəltəraşlığının qiymətli nümunələrindəndir.

İkinci Dünya Müharibəsi dövründə Azərbaycan rəssamlarının yaradıcılığında siyasi plakat və satirik qrafika əsas yer tuturdu. Siyasi karikaturaların yaradılmasında Ə.Əzimzadə, İ.Axundov, E.Hacıyev, S.Şərifzadə və başqalarının mühüm rolu olmuşdu.

Xalq rəssamları – Nadir Qasımov, Davud Kazımov, Rafiq Mehdiyev, Güllü Mustafayeva, Oqtay Sadıqzadə, Kamil Xanlarov, Hüseynqulu Əliyev, Fərhad Xəlilov, Cabbar Qasımov, Ömər Eldarov, Arif Hüseynov, Cahangir Rüstəmov, Fuad Salayev və başqalarının adı Azərbaycan təsviri sənət tarixinə böyük hərflərlə yazılmışdı.