AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Abdal Qasım haqqında lətifələr

Nümunənin reyestr kodu : FL0108040002

Onlarla lətifələrin yaradıcısı, yaxud iştirakçısı, personajı kimi tanınan Abdal Qasım Qarabağ regionunun ən ünlü şəxsiyyətlərindən olmuşdur. Ayrı-ayrı mətbuat səhifələrində, folklor toplularında çoxsaylı lətifələri çap olunmuş Abdal Qasımın şəxsiyyəti haqqında ən dolğun məlumatı “Qarabağın baməzə adamları” kitabının müəllifi Bəylər Məmmədov ver​miş​dir. Sənətkarın bir sıra rəvayət və lətifələrini çap edən müəllif yazır: “Abdal Qasım (1873-1921) Ağdamın Abdal-Gülablı kəndindəndir. Əvvəl əkinçiliklə, son​ra xırda alış-verişlə məşğul olmuş, hətta gülməli səhnə hərəkətləri, əyləncəli sirk oyunları ilə çıxış etmişdir. O, hər yerdə zəhmətkeş kütlələrin mənafeyini qorumuş, ictimai haqsızlığa, sinfi ədalətsizliyə dərindən nifrət bəsləmişdir. Sağlam ruha və bədənə malik olan bu adam, məqsədinə çatmaq üçün nəinki iti təfəkkürünə arxalanmış, hətta yeri gələndə fiziki gücündən də istifadə etmişdir. Onun gülüş və istehza doğuran mənalı sözləri, maraqlı dialoqları xalqın söz yaddaşında qalmış, dildən-dilə keçərək zəmanəmizə qədər gəlib çıxmışdır”.

Abdal Qasım haqqında lətifə və rəvayətləri ən çox nəşr etdirən folklorşünas Təhmasib Fərzəliyev olmuşdur. Abdal Qasımın altı lətifəsi isə B.Məmmədovun kitabında özünə yer almışdır. Gülüş ustasının başına gələn əhvalatların nağıllaşmış variantı isə Ağcabədi rayonundan toplanmışdır. Nağıl başlığı altında yazıya alınan, quruluş etibarilə isə lətifəli rəvayət mahiyyəti daşıyan “Atın oğurlanması” örnəyində Abdal Qasımın şəxsiyyəti belə səciyyələndirilir. “Ağdamın Abdal kəndindən olan .Abdal Qasım qonaqpərvər, səxavətli, hazırcavab, hiyləgər və qoçaq bir adam idi”. Daha sonra mətndə xatırladılır ki, Abdal kəndi Miri kənd, Təkir-Mirik, Tac-Tuğ, Dağdağan kəndləri ilə qonşuluqda yerləşir. Deyilənə görə, Qasım kişi uşaqlıqdan ermənilərlə yaxınlıq et​di​yinə görə erməni dilini mükəmməl bilir. Bu dildə danışanda ermənilərin özləri belə onun nə milləti olduğunu seçə bilmirdilər. Rəvayətdə daha sonra de​yi​lir: “Abdal Qasım həmişə erməniləri ələ salar, onlara kələk gələrmiş. Ermənilər onun əlindən dad-aman çəkirmişlər”.

Nümunədə satirik planda söylənilən hadisələr məhz bu epizoddan sonra cərəyan edir. Miri kəndində Girikor (əslində Qrikor olmalıdır) adlı erməninin atına gözü düşən Abdal Qasım atı ondan almaq istəsə də, erməni buna razılıq vermir. Axırda meşədən odun qırıb ata yükləyib onu yedəyinə alan Girikoru Abdal Qasım hiylə işlədib aldadır və atı ondan alıb apara bilir.

“Toyuq əhvalatı”, “Naxırın aparılması”, “Mərci uduzduq” lətifələrin​də də Abdal Qasımın və​ziy​yət​dən çıxmaq bacarığı, üstün qabiliyyətlərə malik olması nümayiş etdirilir. “Mərci uduzduq” örnəyində qeyd edildiyi kimi Abdal Qasımın “... fərasətinə, kələyinə hamı bələd idi. Heç kim onunla bacarmırdı. O necə istəsə elə də edirdi”.

Abdal Qasım haqqında lətifələri mövzu və məzmuna görə təsnif edərsək, aşağıdakı mənzərənin şahidi olarıq: Fikri, düşüncəni hikmətli sözlərlə ifadə etmək qabiliyyətini nümayiş etdirən gülməcələr (“Yolçunun inəyi zümzümə ilə aranar” və s.); hiyləgərlik (“Əhvali-şuma, məlum şüd”, “Əzabdan qurtardı”); uzaqgörənlik (“Səni yandırar”, “Səbr elə mən düşüm, sonra kəs”); fövqəladə bacarığın əks-sədası (“Sağ olsun sizin təkin dostlar”); hazırcavablılıq (“Lələ, mən hələ ölməmişəm”, “Get özündən xəbər al”, “Bir az seyrəldirəm”, “Uşağın gördüyü iş belə olar”, “Məni yox, qarpızı axtarırlar”, “Yəqin təzə çıxan ay indi belə görünür”) və s.

Abdal Qasımın adı ilə bağlı olan “Mat qalmışam”, “Bir də eləmərəm”, “Ayı və qorodovoy”, “İki adam”, “Cahangir xan”, “Kasıb oğlu” adlı lətifələr də xalq gülüşünün təzahür etdiyi örnəklərdir.