AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Ovçu

Nümunənin reyestr kodu : DA0104000043

Azərbaycanda ovçuluq həm kollektiv (birgə) və həm də fərdi qaydada aparılmışdır. Təbii-coğrafi şərait, ov heyvan və quşlarının zənginliyi ov üsul və qaydalarının (niğə, yer toru, səl və s.), ov alət və vasitələrinin muxtəlifliyinə səbəb olmuşdur. Ovçular heyvan və quşları tutmaq ücün çəpər, xəndək, quyu, çala, yarğan, dağ keçidindən və s. yararlanmışlar. XIX əsr və XX əsrin əvvəllərində ovçuluqda əsasən odlu silahlardan (ov tüfəngi), cələ, tələ, torlardan, işıq və məşəldən və s. istifadə edilmişdir.

Quş ovu üçün çox sadə olan cələlər adətən at tükundən duzəldilərdi. Cələlər quşların yemləndiyi, yatdığı yerlərdə, yaxud yuvalarının ağzında qoyulardı. Cələlərdən payız və qış aylarında daha cox istifadə olunardı. Çöl quşlarının (qırqovul, kəklik və s.) ovlanması ücün “taxtaçal”dan istifadə edilmişdir. Taxtaçal ağacdan duzəldilirdi, quşların gecələdiyi yerlərin ətrafında, yuvalarının və ya yemləndiyi yerlərin yaxınlığında qazılmış çalanın ağzına qoyulurdu. Taxtaçalın üstünə çıxan quş orta taxtaların açılması ilə çalaya düşür və taxtalar dərhal bağlanırdı. Su quşları yer toru, səl və başqa usullarla ovlanardı. Bu zaman bir neçə ovçu birlikdə (şərik) ov edərdilər. Ov bölgüsü bir qayda olaraq elə yerindəcə aparılardı. Niğə qamışlıqların sahilində suduran sahələrdə düzəldilirdi, 0,2-0,25 hektar sahə ağac və kol-kosdan təmizlənirdi. Həmin sahənin üç tərəfindən xəndək atılır, yuxarı tərəfində isə tirə düzəldilirdi. Niğənin uzunluğu təxminən 40-50 m, eni isə 20-30 m olur. Niğəyə su yuxarı tərəfdən daxil olur və künbüldən (aşağı hissədən) axıb gedir. Tor niğənin tirəsi üstündəki yarımdairə çubuqların üzərinə qoyulur. Niğənin yuxarı hissəsində çinə olur. Çinənin diametri təxminən 125x1,25 m, dərinliyi isə 35-40 sm idi. Niğənin yuxarı başında ovçu komada gizlənərək ördəkləri gözləyirdi. Tor bağlanmış şilgirin bir ucu komada olur, digər ucu daban mıxına bağlanırdı. Niğə toru müxtəlif ölçülərdə olurdu. Niğəyə səpilən 12-16 kq dənin çox hissəsi çinəyə tökülürdü. Niğəyə düşmüş çöl ördəkləri yemlənə-yemlənə çinəyə doğru gəlirdilər. Çinəyə toplaşdıqda komadakı ovçu toru çəkirdi. Tor yuxarıdan gələrək suyun üzünə sərilməklə çinədəki ördəklərin üstünə düşürdü.

Dağ kəli, dağ keçisi ovu çox halda birgə aparılırdı. Bunun ücun ovçular heyvanların otlaq yerlərində, onların keçəcəyi cığır və yaxud su içəcəyi yerlərdə pusquda durur və heyvanlara yaxın məsafədən atəş açırdılar.

Çöl donuzu, qaban ovu üçün, adətən, böyük ovçu dəstələri təşkil olunurdu. Bir dəstədə 20-30 nəfərə qədər ovçu və 15-20-yə qədər ov iti olardı. Belə birgə ov qamışlıq və meşəlik yerlərdə aparılardı. Bir neçə ovçu meşənin kənarında (həndəvərində) ov heyvanının keçəcəyi bərələrdə, cığırlarda pusquda durur, on-on beş nəfər isə tüfəng və ov itlərilə meşənin yuxarısından girib, onun ayağına doğru bir-birindən 15-20 m aralı gedərək hay-haray salmaqla itlərin dalınca meşəni “daraqlayır”dılar. Heyvanlar səs-küydən qorxaraq qaçmaq məcburiyyətində qalır və meşədən çıxıb qaçırdılar. Elə bu vaxt pusquda duran ovçuların dəqiq atəşi nəticəsində bir neçə heyvan vurulurdu. Belə bir ov üsulu “yergə” adlanırdı.

Vəhşi heyvanlar və quşlar əsasən odlu silah və yaxud cələ, tələ, tor və bir sıra başqa alətlərlə ovlanırdı. Tələlər adətən heyvan cığırlarında, keçidlərdə yerə bərkidilir və ya ağaca bağlanırdı. Tələnin görünməməsi ücün üstünə ot tökər və ya ət tikəsi qoyulardı. Tələdəki əti götürmək istəyən heyvan ayağından tələyə duşərdi.

Sadə üsul məftildən və ya kəndirdən kəmənd düzəldilməsi idi. Bu, heyvanların keçdiyi dar yerdə (məsələn, çəpərin altında, kolluqda) qoyulurdu. Ordan keçməyə çalışan ayının, canavarın başı və ya ayağı kəməndə düşür, heyvan dartıldıqca kəmənd sıxılıraq onu tərpənməyə qoymurdu.

Ov zamanı bir sıra xüsusi qaydalara əməl olunurdu. Yalnız küləyə qarşı getdikdə ov əldə etmək asan olurdu. Ovcu ova gedərkən qarşısına ilk cıxan adam salamlaşdıqdan sonra ona “ovun qanlı olsun” deyərdi. Ovu bədnəzərdən qorumaq məqsədilə onun sayı başqa adamlara deyilməzdi. Ov zamanı tutulmuş ördəyin tükündən həmin qış yastıq və döşək düzəldilməməli idi. Guya bununla da ördəklərin qanadları bağlanar və “niğə”yə ördək düşməzmiş. Torla tutulmuş ördəyin çinədanından çıxarılmış dən yenidən niğəyə tökülərdisə, daha çox ördək gələrmiş. Əgər yer toruna yüzdən yuxarı ördək düşərdisə, onlardan biri sədəqə kimi buraxılardı.

Qobustandakı Mezolit dövrünə aid qaya təsvirlərində vəhşi öküz, maral, dağ keçisi, habelə müxtəlif ov səhnələri, Azərbaycanda ovçuluğun qədimliyini göstərməklə bərabər, həm də ibtidai insanların ov üsulları haqqında geniş təsəvvür yaradır. Əllərində bıçaq tutmuş, kürəklərindən kaman asılmış insan təsvirləri bu fiqurların mahir ovçu surətləri olduğunu sübut edir. Arxeoloji qazıntılar zamanı ərazidən tapılan vəhşi heyvan, quş və balıq sümükləri Azərbaycan ərazisində həmin heyvanların ovlandığını göstərir. Çaylar, heyvanat aləmi və bitki örtüyü ovçuluğun qədimdən əhalinin məşğuliyyətində mühüm yer tutmasını şərtləndirmişdir.