AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Keçəçi (hallac, atıcı)

Nümunənin reyestr kodu : DA0104000040

Keçəçilik qoyunçuluq təsərrüfatı, yaylaq-qışlaq yaşayış evlərinin qurulması, eləcə də maddi mədəniyyətin müxtəlif sahələri, fərqli peşələr ilə sıx bağlı olmuşdur. Basma sənəti olan keçəçiliklə peşəkar ustalar məşğul olurdular. Keçəçi ustalar “həllac” və ya “atıcı” adlanırdılar. Onlar yun qırxımı zamanı öz alətləri (yay, toppuz, təliş, və s.) ilə el-obanı gəzib sifarişlə evlərdə iş görürdülər. Bununla yanaşı, şəhərlərdə xüsusi həllacxanalar da vardı. Onlar güzəm yunundan keçə qəlibləri və namənd basırdılar.

Keçələr yunun tərkibindən asılı olaraq ağ, qara və qəhvəyi rəngdə olurdu, ən qiymətlisi isə ağ rəngli yundan hazırlanmış keçələr sayılırdı. Bununla yanaşı, qırmızı, yaşıl, mavi, narıncı rənglərə boyanmış bəzəkli keçələr (nəmənd) də hazırlanmışdır. Keçənin müxtəlif növləri olmuşdur. Qara keçə və qəlibdən dəyə və alaçıqların üstünün örtülməsində, döşənməsində, nəmənddən divarların bəzədilməsində istifadə edilmişdir.

Yük keçəsi elatlar arasında geniş yayılmışdı. Arandan-dağa, dağdan-arana köçən elatlar yağmur və toz-torpaqdan qorunmaq məqsədilə məişət ləvazimatların üstünü yük keçəsi vasitəsilə örtürdülər. Yəhər keçəsi yəhərin altına keçirilərək atın sağrısını örtürdü. Dolaq keçəsi soyuq havada ayaqlara dolanırdı. At keçəsi çılpaq atın üstünə sərilərək yəhər vəzifəsini yerinə yetirir, həm də yəhərin altında yerləşdirilirdi. Qapı keçəsindən kimi alaçıq və dəyələrin qapılarının örtülməsində, namazlıq keçədən isə namaz zamanı səcdəyə durarkən istifadə olunurdu. Qapı keçəsi və namazlıq keçə əksərən naxışlı keçədən hazırlanırdı. Bəzəkli qundaq keçəsindən körpə uşaqların bələnməsində istifadə olunurdu. Təpmə keçədən yapıncı kişi geyimi də hazırlanmışdır.

Keçəçilik sənəti Azərbaycanda qədim zamanlardan inkişaf etmişdir. Keçənin hazırlanması heyvanların əhliləşdirilməsi qədər və bəlkə də ondan da qədimdir. İnsanlar yunlu dərini geyindikləri kimi, altlarına salıb üstündə yatmışlar və yolunmuş yunlar müəyyən müddətdən sonra “bişib” bir-birinə yapışmış və nəticədə ilkin sadə keçə yaranmışdır. Azərbaycanda maldarlığın, xüsusən də qoyunçuluğun inkişafı keçəçilik sənətinin təşəkkül tapmasına zəmin yaratmışdır. Burada köçmə maldarlıq hələ İlk Tunc dövründən məlumdur. Təsərrüfatın bu növü isə keçə, palaz və digər məmulatların olmasını tələb edirdi.

Miladdan əvvəl III minillikdə Azərbaycan əhalisi keçə papaq qoyurdu. Ola bilsin ki, həmin dövrdə keçədən digər geyim dəstləri də hazırlanmışdır. Mingəçevir ərazisində arxeoloji qazıntılar zamanı tapılan, m.ə. IV-III əsrlərə aid bir neçə tunc möhürlərin üzərində olan insan rəsmlərindəki geyim nisbətən gödək keçə yapıncını xatırladır. Xüsusilə əlində çomaq, başında şiş papaq və gödək yapıncısı olan təsvir daha xarakterikdir. M.ə. V əsrdə yaşamış yunan tarixçisi Herodot sakların başda düz dayanan və keçədən tikilmiş ucu şiş papaq qoyduqlarını qeyd etmişdir. Ucu şiş keçə papağı azərbaycanlılar börk adlandırırdı.

Qədimdən bəri yayda sərinlik yaradan, qışda soyuqdan qoruyan keçədən alaçıq və dəyələrin üstünün və yanlarının örtülməsində, yaşayış evlərinin döşənməsi və bəzədilməsində, namazlıq, qapılıq, yapıncı, papaq, dolaq, uzunboğaz çəkmə, corab, əba, heybə, çul, çuval, yük heyvanı üçün tərlik, palan, yəhər örtüyü, yük keçəsi hazırlanmasında və s. məişət ehtiyacları üçün geniş istifadə edilmişdir. Keçədən məişətdə istifadə olunması “Kitabi-Dədə Qorqud” dastanında da əksini tapmışdır: “Kimin ki oğlu-qızı yox, qara otağa qondurın, qara keçə altına döşəyin, qara qoyun yəxnisindən önünə gətirin”. Mahmud Kaşğarinin “Divanü-lüğat-it-türk” əsərində çadır və köç örtüklərinin keçədən hazırlandığı, örtüklərin yanı sıx tikişlə tikilməsi və güvədən qorunması üçün çırpılması haqqında məlumat verilir. XVII əsrdə yaşamış Azərbaycan şairi Məsihinin “Vərqa və Gülşa” poemasında da çadırları bəzəmək üçün boyanmış keçədən istifadə edildiyi göstərilir.