AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Çoban

Nümunənin reyestr kodu : DA0104000002

Qədimdən qoyunçuluq təsərrüfatında çoban peşəsi mühüm əhəmiyyət daşımışdır. Sürünün otarılıb-bəslənilməsi, döl prosesinin mütəşəkkil təşkili, sağılması və qırxılması, bir sözlə, məhsuldarlıq çobanın fəaliyyətilə bağlı olmuşdur. Xırdabuynuzlu heyvandarlıqda sürülərin otarılması, arxaclarda saxlanılması, duzlanması, qoçların seçilib sürüyə buraxılması, qoçlara qulluq, döl ayının təşkili, quzuların bəslənilməsi, qırxımın aparılması və s. əsrlərlə formalaşmış təcrübəyə əsaslanmışdır.

Azərbaycanda çobanlar arasında gördükləri işə görə müəyyən bölgü olmuşdur. Hər sürüdə bir baş çoban – sərkar çoban, iki nəfər isə köməkçi çoban olurdu. Çobanlar əsas etibarilə altı aylığa, bir illiyə və daha çox müddətə tutulurdu. Elə çobanlar olmuşdur ki, ömrü boyu bir xanın, bəyin sürüsünü otarmışdır. Sürünün bütün işləri sərkar çobana tapşırılırdı. Baş çoban bir qayda olaraq ana – sağmal qoyun sürüsünü, cavan çobanlar isə toğlu və quzuları otarırdılar. Baş çoban çəkdiyi zəhmətə görə əmək haqqını da o birilərindən çox alırdı. Çobanların əmək haqqı əsasən natura şəklində ödənilirdi. Şərtləşmədən asılı olaraq çobanların ərzaq və geyimlə təmin olunması sürü sahibinin öhdəsinə düşürdü. Çobanın haqqı altı ayda və yaxud ildə bir dəfə verilirdi. Haqq kimi bir toğluluq qoyundan, yəni 20 baş qoyundan biri çobana, hər 20 baş quzudan isə biri quzuçuya çatırdı. Bu qayda ilə haqq bir sürünün qoyununu, toğlusunu və quzusunu otaranlar arasında xidmətlərinə uyğun olaraq bölünürdü. Çobanlara yaxşı sürü saxlayıb-bəslədiyinə görə ildə əlavə heyvan, qırxılanda yun payı, motal payı verilirdi.

Çobanlar ayaqlarına corab və çarıq geyir, corabın üstündən dizlərinə qədər dolaq dolayırdılar. Şalvar və köynəkləri sadə olub çox vaxt yun parçalardan hazırlanırdı. Yapıncı həm onların geyimi, həm də yorğan-döşəyi sayılırdı. Bellərində xəncər, başlarında quzu dərisindən saçaqlı papağı olardı.

Hər bir sürüdə adətən 500-600 baş qoyun olurdu. Sürüləri yaylağa əsasən çobanlar aparırdılar. Coğrafi şəraitə uyğun olaraq çobanlar əvvəlcə dağların ətəyində, sonra bir qədər yuxarıda – dağın döşündə düşərgə salıb bir müddət sürünü orada otarır, istilər tam düşdükdə artıq dağın başına qalxırdılar. Bu ona görə belə edilir ki, sürü dağ iqliminə tədricən alışsın. Digər tərəfdən yazın əvvəllərində dağın ətəklərində yuxarılarına nisbətən ot tez çıxır, sürü yemlə təmin olunurdu. Yaylaqdan qayıtdıqdan sonra da maldarlar həmin düşərgələrdə qala-qala tədricən aşağı enirdi, bu üsul “çoban-binə” adlanırdı.

Dağ şəraitində örüş yerləri əvvəlcədən sərkar – baş çobanlar tərəfindən hissələrə ayrılaraq, bu hissələrə uyğun da heyvan otarılırdı. Sürülər bir sahədə bir müddət otarıldıqdan sonra digər hissəyə keçirilirdi. Həmin müddətdə əvvəlki sahədə ot bitir və sürü yenidən həmin otlağa qaytarılırdı. Sürülər yaylaqda, dağ yamaclarındakı örüşlərdə səhər o başdan günortaya qədər otarılırdı. Sonra ya arxacda, ya da münasib yerdə dincəlir, gün dönəndə yenidən örüşə çıxarılırdı. Şər qarışanda isə binələrin yanındakı arxaclarda gecələyirdi.

Qədimdən elatlar qoyun sürülərini fərqləndirmək üçün müxtəlif nişanələrdən istifadə etmişlər. Bunun üçün qoyunun qulağına müəyyən nişanlar qoyulur, ya qulağı müxtəlif şəkildə kəsilir, damğalanırdı.

Azərbaycan ərazisində Tunc dövründə əhali oturaq maldarlıqla yanaşı, xırdabuynuzlu heyvanların sayının artması ilə əlaqədar olaraq köçmə maldarlıq təsərrüfatı ilə də məşğul olurdu. Həmin dövrdə əhalinin sayının tədricən artması, otlaq sahələrinin çatışmaması köçmə maldarlığın inkişafına zəmin yaratmış, bir çox sənət və peşə növləri ilə yanaşı çoban peşəsi tam olaraq formalaşmışdır. Eramızın əvvəllərindən etibarən Azərbaycanda iri və xırda buynuzlu heyvandarlıq təsərrüfatı əhalinin iqtisadi həyatında mühüm rol oynayaraq əsas gəlir mənbəyindən birinə çevrilmiş, çoban peşəsinin inkişafına gətirib çıxarmışdır. Bu peşə ilə məşğul olan tayfalar müxtəlif tarixi dönəmlərdə iqtisadi baxımdan xeyli qüvvətlənmiş, hətta siyasi-hərbi qüvvə kimi ortaya çıxmışlar.