AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Boyaqçı

Nümunənin reyestr kodu : DA0104000019

Azərbaycan toxucuları yun, pambıq, ipək və ipin təbii boyaqlar vasitəsi ilə boyanması sahəsində zəngin təcrübə əldə etmişdilər. Nəsildən-nəslə keçərək davam edən bu empirik təcrübə boyaqçılıq sənətinin, xüsusilə, peşəkar küp boyaqçılığının yaranması ilə nəticələnmişdir. Bu peşənin ən xarakterik xüsusiyyəti bu sahənin toxuculuq, dəriişləmə, eləcə də digər sənətkarlıq sahələri ilə iç-içə olmasıdır. Bir çox hallarda toxucu elə boyaqçı idi, yaxud dabbaqlıq sənətinin mühüm hissəsini dərinin boyanması təşkil edirdi.

Yun ipin boyağı yaxşı götürməsi yunun rəng çalarından və zəriflik xüsusiyyətindən asılı idi. Ona görə də bu və ya digər məmulat növü üçün xammal tədarükü zamanı bu cəhətə xüsusi diqqət yetirilirdi. Məsələn, quzu küzəmi həddən ziyadə zərif olub hər cür rəngi, xüsusilə də qara boyanı yaxşı götürür və şəvə parıltısı verirdi. Yun ip toxuma prosesinə qədər daha bir sıra texniki əməliyyatlara məruz qalır, ikişər, üçəm, yaxud dördqat edilməklə yumaqlanır, sonra bükdərilib “qırtız” vasitəsilə qırtızlanır, axırda boyanmaq üçün kələf halına salınırdı. Yun məmulatlarının hazırlanması ilə bağlı bütün proseslər (yunun yuyulub təmizlənməsi, daranması, əyrilməsi, bükdərilməsi, yumaqlanması, kələflənməsi, boyanması və s.) hər bir evdə qadınlar tərəfindən görülürdü. Yalnız bir sıra çətin əldə edilən rənglər kənarda, küp boyaqxanalarında boyatdırılırdı.

Şəhər həllacxanalarında çox vaxt keçə qara rəngə boyadılırdı. Keçmişdə Qazax və Gəncə qəzalarında varlı ailələr alaçıqlarının üstünü ağ rəngli keçə qəliblərlə örtməyi üstün tutarmışlar. Bu səbəbdən də onlar ağ rəngli yundan keçə qəlibləri basmağı sifariş edərmişlər. Yapıncı qəlibi basılıb hazır olandan sonra, adətən, qara rəngə boyanırdı. Hətta onun qəlibi qara rəngli yundan basılmış olsa belə, yenə də onu qara rəngaba salırdılar. Nadir halda əsilzadə varlı şəxslər sifarişlə ağ rəngli yapıncı basdırırdılar. Belə halda yapıncının qəlibi seçmə, xalis ağ yundan basılırdı.

Pambıq parçaların naxışlanıb bəzədilməsi ilə xüsusi karxanalarda, həm də peşəkar boyaqçı və qəlibkeş ustalar məşğul olurdular. Pambıq parça məmulatının bəzi növlərinin bəzədilib naxışlanmasında isə həm boyama, həm də basmaqəlib üsullarından müştərək istifadə olunmuşdur. Bez, mahlıcın öz təbii rəngində toxunduqda o, əhəng və qəlyədaşı məhlulu vasitəsilə ağardılırdı. Bəzən bezin əriş və arğacı toxunmazdan əvvəl müxtəlif rənglərə boyanırdı. Bu səbəbdən də, boyalı sapdan müxtəlif çeşiddə zolaqlı, yaxud xanəli pambıq parçalar toxunurdu. Boyaq üsulu ilə bezdən şilə, qədək, bezin qaba (cod) növü olan codanadan isə çadra hazırlanırdı. Bezin nistəbən yoğun sapdan toxunmuş qaba növü olan “codana” çox vaxt mavi (göy) rəngə boyanmaqla, ondan çadra hasil olunurdu.

Ənənəvi ipək toxuculuğunda boyama və naxışsalma üsul və vasitələri tətbiq olunurdu, al-əlvan boyanmış keci saplarının köməyi ilə müxtəlif nəqşli cecimlər toxunurdu. Orta əsrlərdə cecimin “gülüstani kemha”, “dolabi kemha”, “tabi-dehi kemha”, “yekrəng kemha”, “sadə kemha”, “alaca kemha” olmaqla, rəng çaları, bəzək tərtibatı, toxuma sıxlığı müxtəlif olan bir sıra növləri istehsal olunmuşdur. Ənənəvi xam ipək parçaları arasında tafta toxunuşlu parçalar üstün yer tutmuşdur. Taftanın yekrəng olmaqla, müxtəlif boya çalarları da mövcud olmuşdur. Tafta müxtəlif rənglərdə, bəzəksiz (saya) və bəzəkli (güllü) olmaqla, iki cür toxunmuşdur. Səfəvilər dövründə Şamaxıda toxunmuş və Moskvaya ixrac olunan yekrəng tafta Rusiyada “Şemaxeyka” adı ilə məşhur olmuşdur.

Qələmkarlıq məmulatlarının hazırlanmasında da boya mühüm rol oynayır. Arşınnüma toxunmuş pambıq parçaları (ağ, bez, mitqal) satın alan qələmkar usta onu müvafiq ölçüdə kəsib “kargah” adlanan çərçivəyə çəkir və üzərində qatı boya ilə lazımi naxışlar salırdı. Qələmkar boyası məmulat üzərinə yaxılmazdan əvvəl parça (bez və ya mitqal) əhəng və qəlyədaşı qatışığından hazırlanmış xüsusi qələvi məhlulda bişirilib ağardılır və toxumaları sıxlaşdırılırdı. Qələmkar boyası, adətən, solmayan təbii boyaq bitkilərindən hazırlanırdı. Bunun sayəsində boyanın rəngi parçanın astar üzünə keçmirdi. Tələb olunan naxış motivinin mühit xətlərinə müvafiq olaraq, qatı boya xüsusi qələm vasitəsilə məmulat üzərinə yaxılırdı. Parçanın astar üzünə rəngin keçməməsi üçün, bir qayda olaraq, qələmkar boyası nisbətən qatı hazırlanırdı. Ona görə də boyanın hazırlanması ilə bilavasitə usta özü məşğul olurdu. Basmaqəlib üsulu ilə bəzədilmiş toxuma məmulatı arasında kəlağayı (çarqat) istehsalı mühüm yer tutmuşdur. Kəlağayı (çarqat) ədədi qaydada toxunub qurtarandan sonra basmaqəlib üsulu ilə al-əlvan boyalarla naxışlanıb bəzəkli hala salınırdı.

XIX əsrdə pambıq parça, xüsusilə bez istehsalında məmulatın boyanıb şilə və ya qədək halına salınmasını bilavasitə bəzzaz özü deyil, “şiləçi” adlanan peşəkar küp boyaqçıları isra edirdilər. Ənənəvi parça növləri (yun, ipək, kətan) kimi, pambıq parçalar da toxunub hazır olandan sonra bir sıra texnoloji əməliyyatlardan (yuyulub təmizlənmə, ağardılma, bişirilib sıxlaşdırılma və s.) keçirdi. Bundan əlavə, hazır pambıq parçaların böyük qismi habelə boyama, yaxud basmaqəlib üsulu ilə naxışlanıb bəzəkli hala salınır, beləliklə də dekorativ-tətbiqi sənət məhsuluna çevrilirdi. Bunların arasında boyaq məmulatı (şilə, qədək) xüsusi yer tuturdu. XIX əsrədək gəlib çatmış ənənəvi pambıq parçalar (bez, codana, calamaya, mitqal, ağ) ən çox boyama, qismən isə basmaqəlib üsulları ilə bəzədilmişdir