AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Ana

Nümunənin reyestr kodu : DA0101000003

Ana nəsli – ana xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Matriarxat (latınca “mater – ana”, yunanca “arxe” – hakimiyyət) hərfi mənada ananın hakimiyyəti deməkdir. Ananın hökmranlığı bəşəriyyət tarixinin o dövrünə aiddir ki, bu vaxt qadınlar – sosial quruluşun yüksək pilləsində dururdular və bir qayda olaraq rəhbərlər onların içərisindən seçilirdi. Etnoqrafiya elmində matriarxat dedikdə qadınların hökmranlığının o dövrü başa düşülür ki, insanların ictimai mövqeyi və hüquqları ana xətti ilə cərəyan edən qan qohumluğu ilə müəyyən olunurdu.

Ana tərəfin qohumlarını təyin edən ümumi “ana qohumları” termini işlədilir. Ana ata ilə bərabər ailədə valideynlərdən digəridir. Ailədə uşaqların dünyaya gətirilməsi, tərbiyəsi, müstəqil ailə həyatına hazırlanmasında ana əsas simadır. Xalq arasında, xüsusilə ailədə uşaqlar ona “ana”, “mama”, “məmə”, bəzən nənəm deyə müraciət edirlər.