AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qarabağın usta nağıl söyləyiciləri

Noyabr 03, 2020 17:00

Məlum olduğu kimi, Folklor İnstitutu 2012-2014-cü illərdə “Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması” adlı layihə həyata keçirmişdir. Layihənin icrası nəticəsində bölgədən Əli Süleymanov (Ağdam), Musa Bayramov (Bərdə), Narış Bayramova (Ağcabədi), Abbas Abbasov (Cəbrayıl) kimi zəngin repertuara malik usta nağıl söyləyiciləri aşkar edilib və onların repertuarı yazıya alınıb. Həmin söyəyicilərin repertuarı sonradan “Usta nağıl söyləyiciləri” adlı ayrıca kitab şəklində dərc olunub. Bu kitab Azərbaycanda nağıl söyləyicilərinin repertuarına həsr olunmuş ilk kitablardan biridir.
 
Usta nağılçı adlandırdığımız bu söyləyicilərdən müxtəlif janrlara dair nümunələr yazıya alınsa da, nağıllar onların reper­tuarının əsasını təşkil edir. Onların ustalıq, sənət­karlıq keyfiyyətləri əsasən bu janrda özünü büruzə verir.
 
Narış Bayramova təkcə ənənədən gələn süjetlər hesabına deyil, həm də mütaliə etməklə öz repertuarını zənginləşdir­ib. Ondan qeydə alınmış nağıl­ların 10-nu müəllimi Ələm­şah kişidən, 1-ni qayınanasından eşidib, 2-ni – “Şah Abbas və Həsən Qara” və “Sarı donlu qız” nağıllarını isə kitabdan mənim­sə­yib. Na­ğılların hamısı məlum süjetlər olsa da, onların içəri­sində elələri vardır ki, ənənəvi variantlardan kifayət qədər fərqlə­nir­lər. Məsələn, “Bacı həsrəti” nağılının indiyə qədər Ağdaşdan qeydə alınmış bir variantı məlum idi. Həmin variantda qeyd olunur ki, əcəli çatmış kişi uzun müddət görmədiyi bacısına baş çəkir. Bacısını sevindirib onun könlü­nü şad etdiyi üçün Allah-taala onun ömrünü uzadır. Amma Narış Bayramovadan qeydə alınmış variantda süjet xəttinə əlavə gedişlər qoşulub. Əcəli tamam olmuş kişi çarıq geyin­mək arzusunu gerçəkləş­dirmək üçün Allah­dan üç gün möhlət alır. Ustaya çarıqları sifariş verib bacısına baş çəkməyə gedir. Yolda ölü namazına durur, Qurana qulaq asır və uzun müddət görmədiyi bacısı ilə görüşüb onu sevin­dirir. Tutduğu savab işlərə görə Allah onun ömrünü uzadır. “Həzrət Əli və qəssab” nağılında da Həzrət Əlinin sünnünün ona olan inamını yoxlamaq məqsədi ilə səfərə çıxması, ona inam bəs­ləyən qəssabın sünnü kimi qələmə verilməsi ancaq Narış Bayramo­vadan qeydə alınmış variant üçün xarakterik detallardır.
 
Narış Bayramova nağılı bir qayda olaraq “Göydən üç alma düşdü. Biri mənim, biri Narış nənənin, biri də nağıl söyləyənin. Yerdə qalan da sizin, aparın bölüşdürün” formulu ilə tamamlayırdı. Söyləyicinin final formulunda öz adını işlət­məsi Musa Bayra­movdan qeydə alınan nağıllarda da müşa­hidə olunur. Sanki söy­lə­yi­ci öz adını formula daxil etməklə onu əbədiləşdirməyə çalışır, eyni zamanda həmin formul nağılın möhürbəndinə çevrilir. Narış nənəyə zarafatla “alma­ların üçünü də özünüzə götürdünüz” deyəndə onun bizə cavabı belə oldu: “O dünyada almaları məndən istəyəcəklər, onda mən sizi haradan tapacağam”.
 
Narış Bayramova nağılları adətən dualarla tamam­layır. Ondan qeydə alın­mış 13 nağılın 10-da dualara rast gəlmək mümkündür. Dua­ların məzmununu nağı­lın finalı ilə əlaqələndirməklə o, mətnlə dua arasında üzvi bir bağ yaradır. Ona görə də onlar havada qalmır, nağılın daha da təsirli alınmasında mühüm rol oynayır. Məsə­lən, “Narxatın” nağılı yeddi qardaşın ata yur­duna qayıtması ilə tamamlanır. Söyləyici də buna uyğun olaraq duaya “cəmi ata-ananın yurdunda Allah-taala oğul evladın yurdçu eləsin...” deməklə başlayır. Yaxud “Tısbağa qız” nağılı kiçik qardaşın atasının yerinə taxta çıxması və firavan dövran sürməsi ilə tamamlanır. Buna uy­ğun olaraq, söy­ləyici də duaya “siz də bu dünyada devran sü­rün, arzuları­nıza Allah çatdırsın” deyə başlayır. Duaların məz­munu kifayət qədər genişdir. Narış Bayra­mova təkcə bizə deyil, qürbətdə çalışan oğlanlarını, yol üstə, səfərdə olanları və s. yada salıb onlara da dua eləyir.
 
Bərdə rayon Seyid Yusifli kənd sakini Musa Bayramovun da özünəməxsus söyləyicilik dəsti-xətti var. Digər söyləyi­cilər nağılı söyləyərkən obrazların emosional durumunu çatdırmaq üçün səslərinin tonunu dəyi­şirdilərsə, Musa Bayramov nağılı sakit templə başlayar, həmin templə də axıra kimi davam eləyərdi. Musa Bayramov dastanı adi nağıldan fərqləndirir, birini aşıq nağılı, digərini isə qara nağıl adlandırırdı. Narış Bayra­movadan fərqli olaraq, o, ənənəvi for­mullara o qədər də maraq göstərmir. Yalnız iki nağılın sonunda “Göydən üç alma düşdü. Biri mənim, biri nağıl deyənin, biri də Musanın” formulunu işlədir. Onun fikrincə, bu cür formullar nağılın həcmini artırmağa xidmət edir, ona görə də onlardan istifadəyə ehtiyac görmür.
 
Hər bir söyləyicinin marağı, həvəsi onun repertuarının forma­laşmasında əhəmiyyəli rol oynayır. Narış Bayramovanın repertu­arında əsasən novellistik, Musa Bayramovun reper­tuarının böyük qismi isə sehrli və novellistik nağıllardan təşkil olunub. Onlardan fərqli olaraq, Əli Süleyma­novun repertuarında ləti­fəvari (satirik) nağıllar (15 süjet) üstünlük təşkil edir. Görün­düyü kimi, söyləyicilərin xarakterinin, maraq dairəsinin müx­təlifliyi onların repertuarında da özünü gösətirir və heç birinin repertuarı bir-birinə bənzəmir, tamamilə fərqlənir.
 
Ağdam rayon Ətyeməzli kənd sakini Əli Rəmdar oğlu Süleymanov baməzə, gülərüz bir insan kimi yadda qalıb. Təkcə biz deyil, məskunlaşdığı Ağdaş rayonu­nun Qumlaq kənd sakinləri də onu baməzə söhbətləri ilə tanıyır. Kənd sakinlərindən maraqlı söh­bət edən, yaxşı lətifə, nağıl bilən insan tanıyıb-tanı­madıqlarını xəbər alanda Əli kişinin ün­vanını gös­tər­mələri də bunu təsdiq edir. Əli kişidən folklor örnəkləri 2001-2002-ci illərdə yazıya alınıb. Tərcümeyi-halını daha geniş, ətraflı öyrənmək, həmçinin söylədiyi materialların yer aldığı kitabı ona hədiyyə etmək üçün on ildən sonra yenidən onunla görüşmək bizə nəsib oldu. Üstündən xeyli vaxtın keçməsinə, yaşlaşmasına, göz­lərinin toran gör­məsinə baxmayaraq, söh­bətcilliyindən, zarafa­tından heç nə əskilməmişdi. Onun reper­tuarın­da satirik, yumoristik məzmunlu nağılların üstünlük təşkil etməsi də deyib-gülməyə həvə­sindən irəli gəlir. Əli kişidən sehrli, novel­listik, heyvanlar haq­qında nağıllara dair nümunələr qeydə alsaq da, tərəddüdsüz deyə bilərik ki, o özünü satirik nağıllarda tapırdı. Həmin nağılları söy­lə­yərkən sanki daha da pərvaz­lanır, çoşurdu. Ona görə də ondan qeydə alın­mış “Şərikli kömbə”, “Ke­çəlnən Kosa”, “Yeddi kor”, “Keçəlnən Molla arvadı”, “Üzlü qonaq” həm yeni­li­yi­nə, həm də söyləyici təhkiyəsinə görə gözəl satirik nağıl nümunə­ləridir.
 
Gözəl nağıl söyləyicilərindən bir olan Cəbrayıl rayon Soltanlı kənd sakini Abbas Abbasovu digər informatorlardan fərqləndirən cəhət onun mətnə profes­sional söy­ləyici kimi yanaşmasıdır. O, mükəmməl bilmədiyi mətni qətiy­yən söyləmirdi. Bu səbəbdən ilk görüşdə ondan heç nə yazıya alınmamışdı. Uzun müd­dət ifa etmədiyindən bəzi nağılları unutduğunu və ya qismən xatırla­dığını bildirərək daha yaxşı hazır­laşmaq və nağılı tam yada sala bilmək üçün möhlət istəmişdi. Növbəti görü­şdə ondan “İsgəndər Zülqərnə”, “Üç vəsiyyət”, “Abid və çoban” nağıl­larını, bir neçə gündən sonra təkrar görüşü­müz zamanı daha üç mətn – “Üç məsləhət”, “Yetim oğlan” və “Üç ölüm” nağıllarını yazıya alındı. Həmin nağıllar bəlli süjetlər əsasın­da qurulsa da, təhkiyəsinə, yeniliyinə görə ənənəvi variantlardan xeyli fərqlənir. Məsələn, “Üç ölüm” nağılı­nın Azər­baycanda indiyə qədər ancaq bir variantı məlum idi, Abbas kişidən qeydə alınmış variant isə süjetin təhlilində mühüm rol oynayacaqdır. “İsgəndər Zülqərnə” nağılı isə kon­taminasiya baxımından xüsusi maraq doğu­rur. Nağıl İsgən­dərin şimala, cənuba, şərqə və qərbə səfər etməsin­dən və başına gələn macəra­lardan bəhs edir. Söyləyici bu üsulla beş süjetin kontaminasiyasına nail olub ki, nəticədə bənzəri olmayan bir nağıl nümunəsi ortaya çıxıb.
 
Abbas Abbasov təkcə nağılı ifa etmir, həm də onu yaşayır: yeri gələndə obrazın roluna girir, səsinin tonunu dəyişir, onları yamsılayır. Ehtiyac üzündən dilənmək məcburiyyətində qalan qo­canın durumunu çatdırarkən onun dilindən kəkələyə-kəkələyə danı­şır. Yaxud, Allahın iynənin deşiyindən dəvə keçirdiyini öyrənən mollanın verdiyi təpkini çatdırmaq üçün səsinin tonunu dəyişib mollanın dilindən danışmağa başlayır. Hətta “Yetim oğlan” nağı­lında adının Allahın kitabında oldu­ğunu öyrənən gəncin dizini yerə ataraq Allaha dua etməsini deyərkən Abbas kişi o qədər həyəcan keçirmişdi ki, özünə gəlməsi, düşdüyü emosional vəziyyətdən çıx­ması üçün nağıla bir neçə dəqiqəlik ara vermişdi.
 
Qarabağın usta nağıl söyləyicilərin şifahi irsinin qısa səciyyəsindən də görün­düyü kimi, Azərbaycanda nağılçılıq ənənəsinin yaşadıl­masında və zən­ginləşdirilməsində onların rolu böyükdür.

İlkin Rüstəmzadə
filologiya üzrə fəlsəfə doktoru

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı