AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

ABŞ-da Azərbaycan mətbəxinə həsr edilmiş vebinar təşkil olunub

May 14, 2020 16:18

ABŞ-da yaşayan həmyerlimiz “Nar və Zəfəran: Azərbaycana kulinariya səyahəti” (Pomegranates and Saffron: A Culinary Journey to Azerbaijan) adlı kitabın müəllifi Fəridə Buyuran ilə Vaşinqtonda fəaliyyət göstərən ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşəbbüsü və ölkəmizin ABŞ-dakı Səfirliyinin dəstəyi ilə “Unudulmuş reseptlər və regionların fərqli mətbəxləri” haqqında vebinar keçirilib.
 
Vebinarın aparıcısı səfirliyin əməkdaşı Fidan Muradzadə olub.
 
AZƏRTAC xəbər verir ki, əvvəlcə, müəllif vebinarda ölkəmizin unudulmuş və unudulmaqda olan bir sıra mətbəx reseptləri barədə məlumat verib, bunlara aid fotomateriallar təqdim edib.
O, izləyicilərə Azərbaycanın müxtəlif bölgələrinin özünəməxsus mətbəxlərinin xüsusiyyətləri barədə danışıb və ölkəmizin müxtəlif ənənələri bir araya gətirən zəngin mədəniyyətə sahib olduğunu qeyd edib.
 
Təqdim olunan maraqlı reseptlər və məlumatlarla yanaşı, F.Buyuran iştirakçılara Azərbaycan mətbəxindən fəsəlinin hazırlanmasını göstərib. O qeyd edib ki, özünün keçirdiyi dərslərdə iştirak edən amerikalılar arasında bu çörək növünün tərkibi, hazırlanma texnologiyası və dadı böyük marağa səbəb olub. F.Buyuran fəsəlinin olduqca rahat hazırlanma qaydasını izləyicilərlə bölüşüb və iftar süfrələrində rahatlıqla öz yerini tapa biləcəyini bildirib.
 
Qeyd edək ki, koronavirus pandemiyası zamanı ABŞ Azərbaycan Ticarət Palatası Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi ilə birlikdə mütəmadi olaraq Azərbaycan icması və ABŞ və Azərbaycan biznes dairələri üçün müxtəlif mövzularda çoxsaylı vebinarlar təşkil edir.
 
Belə ki, həftəlik əsasda konsulluq məsələləri ilə əlaqədar vebinarlar keçirilib, eləcə də ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanovla Amerikada yaşayan Azərbaycan icmasının onlayn görüşü keçirilib. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf və nazirliyin digər nümayəndələri ilə görüş təşkil edilib, investisiya mühiti müzakirə olunub.
 
Bundan əlavə, şənbə günləri Azərbaycanın tanınmış ictimai mədəni xadimləri ilə online müzakirələr aparılır.
 
Görüş zamanı izləyicilər tərəfindən də maraqlı məlumatlar səsləndirilib.
 
Qeyd edək ki, 2017-ci ilin mart ayında Konqresin Tomas Cefferson adına Kitabxanasında ABŞ-dakı səfirliyimizin və kitabxananın regional bölməsinin dəstəyi ilə F.Buyuranın “Nar və Zəfəran: Azərbaycana kulinariya səyahəti” kitabının rəsmi təqdimat mərasimi keçirilib. Sözügedən kitab Amerika ictimaiyyətinə təqdim edilən ölkəmizin mətbəxinə həsr edilmiş ilk nəşrdir.

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı