UNESKO-nun sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin görüşü olub
Fevral 13, 2020 11:23
UNESKO-nun Hökumətlərarası Komitəsinin 13-cü sessiyası davam edir.
Sessiyanın ikinci günündə mədəni özünüifadə formalarının müxtəlifliyinin qorunması və təşviqi haqqında UNESKO-nun 2005-ci il Konvensiyasına uyğun olaraq, yaradılan Beynəlxalq Mədəni Müxtəliflik Fondu, maliyyələşdirmə üçün 10-cu çağırışdan tövsiyə edilən layihələr, ikinci kənar qiymətləndirmənin nəticəsi olan layihə və tövsiyələrin icrasının monitorinqi və 2020-2021-ci illər üçün ilkin büdcə layihəsi müzakirə edilib.
Azərbaycan nümayəndə heyəti müzakirələrdə iştirak edib və fikirlərini bildirib.
Sessiya çərçivəsində Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva İsveçin UNESKO yanında daimi nümayəndəliyinin rəhbəri ilə görüşüb.
Görüşdə İsveç Beynəlxalq İnkişaf Əməkdaşlığı Agentliyinin (AİDS) maliyyə dəstəyi ilə UNESKO katibliyinin həyata keçirdiyi xüsusi SİDA proqramı çərçivəsində işbirliyi məsələləri müzakirə edilib.
UNESKO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimovun da iştirak etdiyi görüşdə Beynəlxalq Mədəni Müxtəliflik Fondu çərçivəsində ölkəmiz tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Beynəlxalq Mədəni Müxtəliflik Fondu inkişaf etməkdə olan ölkələrdə dinamik mədəni sektorun inkişafına təkan verərək, mədəni özünüifadə müxtəlifliyinin qorunması siyasətinə xidmət edən layihələri maliyyələşdirir.